Bazar, 05 May

Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır 

image

Azərbaycanda ekoloji təmiz avtomobillərin idxalını, eləcə də ölkədə avtomobil bazasının yenilənməsini təşviq edəcək Vergi Məcəlləsinə dəyişikliklər müvafiq bazarda hazırki vəziyyəti dəyişə bilər. Bu, həm bazarda fəaliyyət göstərən sahibkarların, həm də fərdi şəkildə seçimini ekoloji təmiz avtomobillərə tərəf etmək istəyən şəxslər üçün də sərfəli imkanlar təqdim edəcək.

Əsas dəyişikliklərə görə, iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılır, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən, elektrik mühərrikli avtomobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-dən azad olunur.

Bildiyiniz kimi, ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Azərbaycan ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə əlavə dəyər vergisinin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.

Avtomobilin Yaponiya istehsalı olduğunu və onu Gürcüstan vasitəsilə idxal etdiyimizi düşünsək, belə olduğu halda indiki vəziyyətdə istehsal tarixi bir ildən çox olan hər hansı bir avtomobilin ƏDV xərci təxminən mühərrikinin həcminə görə 2 300 manatdan başlayır və 3 400 manata qədər artır. Nəzərə aldığımız ƏDV məbləği mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan avtomobillər üçündür. İstehsal tarixi bir ildən az olan və mühərrikinin həcmi 1 500 kubsantimetr olan avtomobillərin ƏDV-si 2 100 manatdan başlayır və mühərrikinin həcmi 2 500 kubsantimetr olanlar üçün 3 000 manata qədər artır.

Bu rəqəmlər ekoloji təmiz avtomobilləri idxal etmək istəyən şəxslər üçün heç də az sayılmaz. Lakin istənilən halda avtomobilin istehsal tarixi xüsusi rol oynayacaq. Bu dəyişikliklər bazara birbaşa təsir edəcək. Lakin, hansı dərəcədə?

Qiymətlərin necə tənzimlənə biləcəyindən danışan avto-ekspert Eldəniz Cəfərli məsələni şərh edib: 

“Mühərrikinin həcmi 2 500 kubsantimetr də daxil olmaqla hibrid avtomobillər 2022-ci il yanvar ayının 1-dən əlavə dəyər vergisindən azad olunur. Beləliklə, 3 il müddətinə bu növ avtomobillərin idxalına görə ƏDV ödənişi edilməyəcək. Bu ekoloji təmiz avtomobillərin hər birinə aiddir. Elektromobillər gömrük ƏDV-sindən azad edilmişdi, bu dəfə isə sahibkarlar satışdan olan ƏDV-dən də azad olundular. Eyni qaydalar hibrid avtomobillərə də şamil ediləcək. Bu avtomobillərin ƏDV-dən azad olunması qiymətlərə də müsbət təsir göstərəcək. Bununla bağlı hökumət və sahibkarlar arasında ortaq məxrəcə gəlinməli, alıcılar üçün daha münasib qiymətlər təklif olunmalıdır”.

Ekspert vurğulayıb ki, Azərbaycana idxal edilən, istehsal ili 7-dən çox olan avtomobillər üçün rüsumlar da əlavə olaraq artırılacaq və burada da məqsəd ölkəyə gətirilən köhnə avtomobillərin qismən də olsa qarşısını almaqdır. Eldəniz Cəfərli mühərrik həcmi iri olan avtomobillərdə rüsumların bir qədər də qaldırılmasını bu avtomobillərin qiymətində artımla nəticələnəcəyini və bazarda balanslaşdırma aparılacağını əlavə edib. O, bazarda atıla biləcək stimullaşdırıcı addımlardan danışıb:

“Ölkədaxilində avtomobillərin vətəndaşlar tərəfindən alınmasını, onların istismarını həvəsləndirən, stimullaşdıran müəyyən adımlar da atılmalıdır. Bugünkü vəziyyətdə vətəndaşlarımız yeni avtomobil almaqda çətinlik çəkirlər. Yeni avtomobil alarkən bankların təklif etdiyi kredit şərtləri olduqca ağırdır. Avtomobilin ümumi məbləğinin 40 faizi öncədən istənilir, daha sonra isə illik 15-16 faiz tətbiq edilir. Bunlar yüksək məbləğlərdir. Faizlər endirilməlidir.

Banklar ilkin ödəniş olaraq vətəndaşdan avtomobilin ümumi dəyərinin 20 faizini istəyə, qalan məbləğə isə 9-10 faiz tətbiq edə, beləliklə daha çox vətəndaşımız bu növ avtomobilləri alıb istismar edə bilərlər. Əgər yalnız birtərəfli qaydada bu avtomobillərin idxalına müəyyən güzəştlər tətbiq edilsə və ölkədaxilində vətəndaşlarımız belə avtomobilləri almaqda çətinlik çəksə, bu qərar effektiv olmaya bilər. Stimullaşdırıcı addımlar iki istiqamətdə aparılmalıdır. İdxal olunan avtomobillər tətbiq edilən ƏDV-dən azadolma ilə yanaşı ölkədaxilində bu növ avtomobillərin satışına görə şərtlər daha sadə olmalıdır. Ekoloji təmiz avtomobillər üçün kasko və icbari sığortaların məbləğlərinin də ən azı 50 faiz azaldıla bilər”.

Ekspert, ekoloji təmiz avtomobillərin qiymətlərinin nə qədər enəcəyini sırf ƏDV faizinin nisbəti ilə hesablamağın effektiv olmayacağını deyib:

“Bunu sahibkarlarla hökumət arasında olan danışıqlar müəyyənləşdirəcək. Avtomobillərin qiyməti neçə faiz, hansı qiymətə endiriləcək - bu barədə ortaq məxrəcə gəlinməlidir”.

Eldəniz Cəfərli əlavə edib ki, son vaxtlar Azərbaycanda ekoloji təmiz avtomobillərə maraq artıb. Bundan sonra da hibrid avtomobillərə, eləcə də elektromobillərə maraq bir qədər də artacaq.

Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində Azərbaycan 60 578 ədəd minik avtomobili idxal edib və onlardan 8 779 ədədi daxili yanma mühərriklə yanaşı elektriklə də çalışan minik avtomobilləri olub. Bu isə ümumi minik avtomobillərinin 14,5 faizini təşkil edir. İl ərzində idxal edilən bu tip avtomobillərin ümumi dəyəri 53 627 650 dollar olub. Avtomobillər üzrə orta qiymət təxminən 6108,6 dolları (10384,4 manat) təşkil edib.

Ötən il isə ölkəyə xaricdən 36 036 ədəd minik avtomobili gətirilib ki, ümumi minik avtomobillərinin 10,2 faizi və ya 3 678 ədədi hibrid avtomobillər olub. Onların ümumi dəyəri 20 926 150 dolları təşkil edib. Ötən il bu avtomobillər üzrə orta qiymət 5 689,5 dollar (9672,1 manat) olub. Rəqəmlərə əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hibrid avtomobillərin idxal həcmi 4,3 faiz bəndi artıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15