Bazar, 05 May

Politoloqdan Ermənistanla bağlı ŞOK PROQNOZ 

image

“Ermənilər yaxşı bilirlər ki, Zəngəzur yolunun alternativi yoxdur”

Dünənədək kimlərsə Zəngəzur dəhlizinin açılmasını xəyal hesab edirdisə, artıq dəhliz-yolun açılmayacağı barədə xəyal quranların özləri gülüş obyektinə çevrilməkdədir. Azərbaycan qısa müddətdə - Zəfərimizin birinci ildönümünədək özünün qətiyyəti, həmçinin qardaş Türkyənin prinsipial mövqeyi nəticəsində bu məsələdə tərəddüdləri olan dairələri də ram etməyi bacardı.

Rusiyanın da artıq Zəngəzur dəhlizinin açılmasını şərtləndirən mövqe sərgiləməsi sıradan məsələ deyil, bu, həm Türkiyə-Rusiya əməkdaşlığının, anlaşmasının, həm də Azərbaycan dövlətinin iradəsinin məntiqi nəticəsidir. Ötən il dövlət başçımız “Şuşasız işimiz yarımçıq olar”, deyib də, qala şəhərimizin azadlığına nail olduğu kimi, sonrakı dönəmlərdə də Zəngəzur dəhlizinin açıqlacağını qətiyyətlə ifadə etdi, həmçinin Ermənistana xilas yolunu göstərdi. Getdikcə ermənilər özləri də anlamağa başlayıblar ki, xilas Azərbaycan və Türkiyə ilə dil tapmaqdır. Amma hələ də erməni faşizminin tör-töküntüləri Paşinyanın baş-beynini aparmaqdadır. İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bu mövzularla bağlı sualları cavablandırdı.

- Qafar bəy, bu günlərdə Qarabağdakı erməni qanunsuz hərbi birləşmələrə aid çoxsaylı hərbi texnikanın fotoşəkilləri yayıldı. Sizcə, bu hərbi arsenalın Qarabağda gizlədilməsi nə vaxta qədər davam edəcək? Kapitulyasiya sənədinin imzalanmasının 1 ilinin tamamına az qalmış bu qüvvələrin ərazilərimizdə qalması anormallıq deyilmi? Belə olan halda sülhə imza atıla bilərmi?

- Fakt budur ki, məlum bəyannamədən - söhbət 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmasından gedir - sonra Ermənistan öhdəsinə aldığı bir sıra məsələləri həll etməyib. Qarabağda ermənilərə aid hər hansı hərbi birləşmə olmamalıdır. Bu, həm də Rusiya sülhməramlılarının məsuliyyəti çərçivəsinə girir. Rusiya isə burada öz mənfəətləri prizmasında hərəkət edir. Rusiya münaqişənin qalmasında maraqlıdır. Çünki onun bölgədə varlığı bundan asılıdır. Əgər problemlər həll edilərsə, təhlükəsizliklə bağlı ortada məsələ yoxdursa, Rusiyanın burada qalmasının mənası qalmır. Burada Azərbaycanın daha sərt tələblər səsləndirməsi və antiterror əməliyyatlarının aparılacağı mesajı verilməlidir.

- Ötən həftə Ermənistan parlamenti “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyalarının Azərbaycan və Türkiyə əleyhinə fikirlər yer alan bəyanatının mətnini qəbul etmədi. Bu bəyanatı parlamentin ratifikasiyadan keçirməməsinin anlamı nədir? Ermənistanda revanşistlərin bu müstəvidə mübarizəsi nəticəsiz qalarsa, ikinci Nairi Hunanyan terroru baş verə bilərmi? Ermənistanda müharibədən sonra yaranmış reallığı qiymətləndirənlərlə hələ də türklərə qarşı qisasçılıq etmək istəyənlərin mübarizəsi nə ilə nəticələnə bilər?

- Köçəryan və Sərkisyanın “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyalarının belə bir sənəd hazırlamasının məqsədi var. Özü də bunun Moskvada üçtərəfli görüşün olacağı söyləntilərinin ərəfəsində olması Paşinyana təzyiq deməkdir. 1999-cu il 27 oktyabr Nairi Hunanyan terrorunun müəllifinin  o zaman prezident kürsüsünü ələ keçirmiş cinayətkar Köçəryanın olduğu bir kimsədə şübhə doğurmur. O zaman Köçəryan rəqiblərini aradan götürmək üçün bu terroru təşkil etmişdi. Dəfələrlə qeyd etdiyim kimi, Köçəryanın indiki parlamentdə olması istənilən anda təxribat və terrorun yaşanmasına yol açan bir siyasi manevrdir. Onun haralara bağlı olması da heç kəsdə sual doğurmur. Amma təklif olunan bəyanatın qəbul olunmaması da Moskva görüşünə mane olacaq bir  siyasi gedişdir və Paşinyan reallığı dərk etdiyindən buna getməyib.  Bu, o deməkdir ki, Kremlin sahibinin iradəsi Ermənistan rəhbərliyini gərəksiz addımlar atmaqdan çəkindirir. Köçəryan bir neçə gün əvvəl elan etmişdi ki, xalqı küçələrə səsləyəcək. Ermənistanda ciddi olayların yaşanacağının şahidi olacağıq.

Ermənilər xoşluqla bu əraziləri boşaltmayacaq, zənnimcə, buna "dəmir qapaz"  lazım olacaq..."

- Bu yerdə əlavə edək ki, hakimiyyətin müsbət istiqamətdə mövqe sərgilməsinə baxmayaraq, revanşist qüvvələr, müxaliflər anlaşmaları pozmaqdan ötrü cəhdlər göstərirlər. Parlamentdə Azərbaycan əleyhinə bəyanat qəbul etdirə bilməyən revanşçılar indi də İrəvanda etirazlara başlamağın anonsunu veriblər. İllər öncə Ermənistanda baş verən terror aktları təkrarlana, Paşinyanın hansısa anlaşmaya getməsi əngəllənə, yaxud ona qarşı sui-qəsd reallaşa bilərmi?

- 1918-1920-ci illərdə də belə qüvvələr vardı. Amma Ermənistan başqa çıxış yolunun olmadığını bildirənlər də mövcud idi. Ermənistanda indi dediyimiz həmin revanşist qüvvələrin mitinqləri olur, olacaq, amma bu mitinqlər, etiraz aksiyaları kütləvi xarakter almır. Paşinyana qarşı olan qüvvələrin bir hissəsi Milli Demokratiya  Qütbü adlı qurum yaradıblar və onların da yetərincə elektoratı yoxdur. Parlamentdə içəridəki Köçəryan və Sərkisyanın müxalifliyi də özünə ciddi tərəfdar toplaya bilmir. Əgər sabah Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı qərara imza atsa, bu qüvvələrin birləşə bilmə ehtimalı da yoxdur. Ölkədə sabitliyin pozulmasına gətirib çıxaran fəaliyyətlər də ola bilər. Belə adamlar var. Paşinyan bundan qorxur və indidən kütlələrə hesablanmış zidd bəyanatları qəsdən verir, cəmiyyəti yoxlayır. Onu da vurğulayaq ki, Paşinyan hakimiyyəti dayanıqlı hakimiyyət deyil. Hətta Ermənistanda hesab edirlər ki, o, müvəqqətidir. Onu öldürməklə bağlı açıq çağırışlar da var. Mən terroru da istisna etmirəm, onlar bu işi bacarırlar. 1999-cu il 27 oktyabr parlament basqınını yada salmaq istəyirəm. O zaman 8 erməni parlamentari, o cümlədən baş nazir və parlament sədri öldürülmüşdü.

- Qafar bəy, bu günlərdə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoydu. Hesab olunur ki, bu, Rəcəb Tayyib Ərdoğanın 3+3 formatına və Zəngəzur dəhlizinə dəstək deməkdir, həmçinin Azərbaycanın da maraqlarına tam uyğundur. Necə bilirsiniz, rəsmi Moskva mövqeyində nə dərəcədə səmimidir?

- Heç şübhə yoxdur ki, qarşıdakı müzakirələrin əsas mövzusu Zəngəzur dəhlizi olacaq. Rusiyanın mövqeyindən çox asılıdır. Dəfələrlə ifadə etmişik ki, Rusiya bölgədə təsir imkanlarını genişləndirmək üçün kommunikasiya xətlərinə nəzarət etmək istəyir. 10 noyabr 2020-ci il razılaşması Rusiyaya bu imkanı verir və məncə, Rusiyanın Zəngəzurla bağlı mövqeyi da açıqdır. Onun hərbi-siyasi mənası var. Rusiya Ermənistana bu işi həyata keçirmək üçün təzyiq edəcək. Türkiyənın önəmli siyasət və dövlət adamı Binəli Yıldırımın açıqlaması dövlətin mövqeyidir və Ermənistanda bu mövqeyi yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, bu yolun alternativi yoxdur. Yəni Zəngəzur yolu açılacaq. Amma onlar Azərbaycandan bəzi güzəştlər qoparmaq istəyirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15