Çərşənbə, 24 Aprel

8 yaşlı Fərəhin intiharı, yoxsa qətli? - Dəhşətli faciənin və anasına verilən işgəncənin TƏFƏRRÜATI

image

2020-ci ilin noyabr ayının 27-də Bakıda dəhşətli bir hadisə baş vermişdi. Nizami rayonu ərazisində 8 yaşlı Fərəh yaşadıqları binanın 13-cü mərtəbəsindən düşərək faciəli şəkildə həyatını itirmişdi.

Sonra məlum oldu ki, Fərəhin atası və anası arasında uzun müddətdir davam edən problemlər var imiş. 8 yaşlı Fərəhin anasının atası tərəfindən mütəmadi olaraq döyülməsindən bezərək intihar etdiyi bildirilir. Lakin 8 yaşlı uşağın intihar qərarı verməsi də bir çoxları tərəfindən qəbul edilmir. Elə Fərəhin anası Dilarə Bağıyeva da bununla razılaşmır. Amma istintaq orqanı Fərəhin intihar etməsi qənaətinə gəlib.

Xəbər verilir ki, mütəmadi olaraq döyülən, işgəncələrə məruz qalan Dilarə Bağıyeva bununla bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edib.

Fərəhin atası Vahid Nadirov isə sadəcə həyat yoldaşını döyməkdə, ona işgəncə verməkdə ittiham olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 133.1-ci (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham irəli sürülüb.

İş Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılıb.

Dilarə Bağıyevanın döyülməsini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Vahid Nadirov arvadını birgə yaşadıqları müddət ərzində güclü fiziki ağrılar və psixi iztirablar verərək mütəmadi olaraq söyərək, yumruq və təpiklə döyüb. Səbəb isə Dilarə Bağıyevanın ərinə mənzilin xərclərini tam təmin etməməsi, qazandığı pulları spirtli içkiyə xərcləməsi, başqa qadınlarla münasibətdə olması, evə gec gəlməsi ilə bağlı iradları tez-tez bildirməsi olub.

Bu mübahisə və davanın sonuncusu 2020-ci ilin 27 noyabrında baş verib. Vahid Nadirov arvadını saçından tutub başını mənzilin döşəməsinə çırpıb, yerlə sürüyərək yumruq və təpiklə döyüb.

Vahid Nadirov məhkəmədəki ifadəsində arvadı ilə aralarında sonuncu dəfə baş verən mübabhisəyə səbəb kimi hamamdakı duş kabinəsinin şüşəsinin sınmasını göstərib. Deyib ki, qapı sındığı üçün əli kəsilib, buna görə də arvadı ilə mübahisə ediblər.

“Fərəh aramıza girib “ata, bəsdir, bəsdir” dedi. Mən də Fərəhə “anan sakit olsun, mən də sakit olacam” dedim. Dilarə Fərəhə dedi ki, babasına zəng eləsin. Mən telefon xəttini qopardım. Sonra evdən getmək istəyəndə ikisini də saxladım.

Fərəhi digər otağa saldım. Biz mübahisə edirdik. Nə qədər Dilarəyə səsini kəsməsini desəm də, səsini kəsmirdi. Mən mətbəxə girib qapını bağladım. Dilarə də koridorda idi. Təxminən yarım saat sonra Dilarə “Fərəh, Fərəh” deyə qışqırdı. Otağa girəndə Fərəhi tapmadım. Ayaqyalın liftlə aşağı düşdüm. Dilarə də pilləkənlərlə düşürdü. Həyətin arxasına baxdım, uşağı görmədim. Qonşu qışqırıb uşağın eyvanın beton çıxıntısının üzərinə düşdüyünü dedi. Polislər gəldi, Dilarə də blokun qabağında dayanıb “uşağı sən öldürdün” deyərək qışqırırdı”,- Vahid Nadirov özünü müdafiə edərkən bildirib.

Dilarə Bağıyeva ifadəsində bildirib ki, Vahidlə 2010-cu ildə ailə həyatı qurublar. Bir ay sonra ərinin içki aludəçisi olduğunu bilib. Buna görə də dəfələlər mübahisələri olub:

“Vahid dəfələrlə uşağın gözü qarşısında məni döyüb, işgəncə verib. Fərəh hər dəfə araya girib “ata, anamı döymə, anamı burax” deyərək ağlayıb”. Boşanmaq istəmişəm. Zəng edib deyib ki, səni də, ailəni də öldürəcəm. Qorxumdan boşanmamışam. Məni döydüyünə görə 2017-ci ildə polisə müraciət etdim. Sonra qorxudan şikayətimi geri götürdüm”.

Dilarə Bağıyeva məhkəmədə hadisə günü baş verənləri belə danışıb:

“Dəfələrlə dava-dalaşımız olub. Mübahisə eləməyə bəhanə axtarırdı. Hadisədən bir neçə gün əvvəl evin qapısına baxıb “bu nə qapıdır qoyublar, bu necə qapıdı düzəldiblər” dedi. Mən də cavab verdim ki, usta adamsan, bəyənmirsənsə, təmir edərsən. Qışqırdı ki, səsini kəs. Məni divara dirəyərək öldürəcəyini dedi. Ona cavab qaytarırdım.

Vahid məni divara dirəyib boğurdu. Boynumu qaçıranda az qalmışdı ki, boynum qırılsın. Fərəh aramızda qalıb yalvarırdı ki, məni öldürməsin. Məni yatağa atdı, üstümə çıxıb yenə boğmağa başladı.

Burnumu, ağzımı tutmuşdu ki, səsimi çıxara bilməyim. Sonra ayaqlarımdan tutub yerə atdı. Yerdə də döyməyə başladı. Fərəh gəlib bizi birtəhər ayırdı. Vahidə dedim ki, qurban olum, evə gəlmə, imkan ver mən də özümə gəlim, sən də. Vahid isə bundan sonra acığa hər gün evə gələcəyini dedi. Hadisə baş verən gün yenə evə içkili gəldi. Hamamda olanda duş kabinəsinin şüşəsi qırıldı. Əli kəsilmişdi. Bunun acığını bizdən çıxamağa başladı. Mətbəxə keçəndə məni divara dirədi. Qarnımdan yumruqla vurdu. Saçımdan tutub sürüyə-sürüyə yataq otağından çıxardı. Qızım da qaçıb yanıma gəldi. Başımı yerə vurmağa başlayanda burnumdan qan açıldı. Fərəh ağlaya-ağlaya “anamı öldürmə” deyirdi.

Vahid qulağımı da dişləyib qanatdı. Sonra barmağımdan yapışıb ağzına saldı ki, qopartsın. Fərəh yenə yalvarırdı. Vahid mənim taqətimin qalmadığını, boğulduğumu görüb buraxdı. Fərəhi götürüb getmək istədim. Bizi geri qaytardı. Fərəhi yataq otağına salıb dedi ki, çıxsan, səni öldürəcəm. Mən şok vəziyyətində idim. Yenə məni döyməyə başladı. Başımı yerə çırpırdı. Məqsədi məni öldürmək idi. Bir an məni buraxıb balkona getdi. Balkona getməyi ilə qayıtmağı heç bir dəqiqə çəkmədi. Məni döyə-döyə, yaxamdan tutub balkona aparmaq istəyəndə müqavimət göstərdim. Sonra məni buraxıb şalvarını geyindi. Çıxanda ona dedim ki, etdiklərinə görə cavab verəcəksən”.

Bağıyeva deyir ki, Vahid evdən çıxandan sonra Fərəhin otağına qaçıb, amma Fərəhi tapa bilməyib: “Birinci fikirləşdim ki, Fərəh qorxusundan gizlənib. Lakin qızımı tapa bilmədim. Yataq otağının qapısını açdıqda pəncərənin önündə asılmış pərdə və pəncərənin açıq vəziyyətdə olduğunu gördüm”.

Onun sözlərinə görə az sonra hadisə yerinə polis əməkdaşları gəlib. Dilarə Bağıyeva qızının ölümündə ərini günahkar bilir. İddia edir ki, qızını balkondan əri atıb. Hətta onu da atmaq niyyəti olub.

Məhkəmə Vahid Nadirovu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirli bilib 1 il 6 altı ay müddətinə azadlıqdan məhrum edib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37