Bazar ertəsi, 29 Noyabr

Ermənilər Xankəndidə yaşamaqdan imtina edir?

image

44 günlük ikinci Qarabağ müharibəsi Ermənistanın təkcə hərbi baxımdan yox, həm də iqtisadi anlamda çökməsini şərtləndirdi. Açıqlanan rəsmi məlumatlardan da bəlli olduğu kimi, Ermənistanda sosial-iqtisadi kollaps hər ötən gün daha da dərinləşir. Sanki müharibənin yaratmış olduğu ağır iqtisadi fəsadlar zaman keçdikcə daha aydın şəkildə hiss olunmaqdadır.

Bu, istər işsizliyin, inflyasiyanın və yoxsulluq həddinin yüksəlməsində, istərsə də xaricə miqrasiya etmək istəyən ermənilərin sayının dəfələrlə artmasında özünü göstərir. Statistik rəqəmlər onu göstərir ki, müharibədən sonra əhalinin ölkədən çıxmaq halları əvvəlki illərlə müqayisədə ən azı 2 dəfə artıb, ölkəni tərk edən əhalinin 80 faizdən çoxu isə geri qayıtmayıb.

Xəbər verilir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, eyni tendensiya Azərbaycan ərazilərində yaşayan azsaylı erməni icmasında da müşahidə olunmaqdadır: “Xarici media orqanlarından birinin bu yaxınlarda Xankəndidə keçirdiyi rəy sorğusu burada yaşayan ermənilərin böyük ümidsizlik içərisində olduğu reallığını ortaya qoydu. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti Ermənistanın onlara ümid yeri olmadığını ifadə etdi. Sosial-iqtisadi problemlər içərisində boğulan Xankəndi erməniləri Ermənistana da pənah gətirməyin mənasız olduğunu etiraf edirlər, çünki orada da ağır sosial-iqtisadi problemlər hökm sürməkdədir”.

Onun sözlərinə görə, son vaxtlar sosial şəbəkələrin erməni seqmentində dolaşan məlumatlardan bəlli olur ki, Xankəndi erməniləri yeganə çıxış yolunu bu torpaqları birdəfəlik tərk edib xarici ölkələrə sığınmaqda görürlər: “Şübhə yox ki, İrəvandan təyyarələrə minib müxtəlif ölkələrə miqrasiya edən ermənilərin böyük bir qismi də müharibəyə qədər Qarabağda yaşamış ermənilərdir. Müharibədən sonra sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki erməni əhalinin sayının sürətlə azalması da bu həqiqəti bütün çılpaqlığı ilə üzə çıxardı. Ətrafdakı bütün elektrik enerjisi infrastrukturunun Azərbaycan ordusunun tam nəzarəti altında olduğunu nəzərə alsaq, havaların soyuması ilə ermənilərin Qarabağdan miqrasiyasının daha kütləvi hal alacağını proqnozlaşdıra bilərik.

Amma qeyd etmək istərdim ki, Qarabağ ermənilərinin hazırkı səfalətdən çıxış yolu var və həmin yolu Azərbaycan dövləti onlara təqdim edir. Əgər onlar Azərbaycanın həmin ərazilərdəki suverenliyini tanıyıb, ölkəmizin qanunlarına hörmət edərək yaşamağa davam etsələr, arzu etdiklərindən də layiqli həyatla təmin olunacaqlar. Bu seçimin alternativi yoxdur. Qarabağ ermənilərini mövcud ağır vəziyyətdən yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək xilas edə bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti