Çərşənbə, 17 Aprel

Rusiya qərar qarşısında - Ya Ermənistan, ya da Cənubi Qafqaz?

image

Qərbin, ABŞ-ın Cənubi Qafqazla bağlı planları ən çox Rusiyanın bölgədəki fəaliyyətini neytrallaşdırmağa hesablanıb. Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı "altılıq platforması"nın yaradılmasına münasibət bildirərkən etdiyi açıqlamalar da açıq şəkildə rəsmi Moskvaya xitab edildi. Belə anlaşıldı ki, Qərb Rusiyanı Cənubi Qafqazdakı proseslərdən kənarda tutmaq, regiondakı fəaliyyətini deaktiv etmək üçün bütün imkanlarını səfərbər edib. Lloyd Austinin Gürcüstan səfərindən sonra Kiyev və Buxarest marşurutunu seçməsi isə ABŞ-ın Rusiyaya qarşı cəbhə alan ölkələrdəki mövqeyini gücləndirib, bundan daha məqsədyönlü istifadə etməkdir.

Heç şübhəsiz ki, ABŞ da, Avropa ölkələri də Ermənistanın Rusiyanın maraq dairəsindən, orbitindən çıxmasının tərəfdarıdır. Təsadüfü deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir neçə ay öncə Ermənistanda olarkən ermənilərə 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesinin başlanıldığını bəyan etmişdi. Məqsəd məhz Ermənistanı Rusiyanın ttəsirindən, asılılığından çıxarıb, Moskvanı regionda tək qoymaqdır. ABŞ-ın təkcə Gürcüstan deyil, o cümlədən Ermənistan və Azərbaycana da Rusiyanın təsirindən uzaq olmaq üçün müəyyən təkliflər irəli sürəcəyi istisna edilmirdi.

Artıq rəsmi Tiflisə Pentaqon rəhbərinin təklifləri təqdim edilib. Belə ki, səfər çərçivəsində hər hansı bir rəsmi sənəd imzalanmasa da, gürcüləri sevindirən daha maraqlı hadisələr oldu deyə bilərik. Lloyd Austinin açıqlamalarından belə nəticə çıxdı ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq münasibətlər sistemində heç vaxt aktuallığını itirməyəcək, bunu ABŞ daim gündəmdə saxlayacaq.

Belə nəticə çıxır ki, ABŞ, Rusiyanın bölgədəki güc balansını pozmaq üçün manevrinə mane olmaqda israrlıdır. Və bu səfər bir daha göstərdi ki, Gürcüstan Cənubi Qafqazda ABŞ -ın əsas strateji tərəfdaşıdır. Bu o deməkdir ki, ABŞ Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında sinəsini qabağa verib. Bununla da Cənubi Qafqazda avtoritetini artıraraq, regionun aparıcı aktoruna çevrilməklə Rusiya amilini önləmək məqsədi güdür. Təbii ki, bu prosesdə ABŞ tək hərəkət etmir, Avropa İttifaqı da xüsusi "səlahiyyət" götürüb.

44 günlük müharibə ilə 30 illik işğala son qoyan Azərbaycan Ordusu ATƏT-in Minsk Qrupunun destruktiv fəaliyyətini, həmsədr ölkələrin yarıtmaz fəaliyyətlərini ifşa etdi. Müharibənin gedişində və sonrakı proseslərdə Rusiyanın fəallığı nəzərə çarpdığından Qərb bu regionda onlara olan etimadın sıfra enməsindən narahat olduğu üçün Bakıyla təmaslarını artırmağa başladı. Biz bunu Şarl Mişelin Azərbaycana səfəri timsalında da gördük. Bu səfər çərçivəsində məlum oldu ki, Avropa İttifaqı 10 noyabr bəyanatında nəzərdə tutulan delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirmək niyyətindədir. 

Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Bu günə kimi  Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməkdə tərəddüd edən irəvandan fərqli olaraq rəsmi bakı mövqeyini açıq ifadə etdi. Azərbaycan üçün kimin vasitəçilik etməyindən çox, delimitasiya və demarkasiya prosesinin davamı, bəyanatda göstərilən müddəaların dərhal icrası daha önəmlidir. Bakı da işləməyə hazır olduğunu və rəsmilər səviyyəsində Avropa İttifaqı ilə təmasa hazırlığını ifadə etdi. Baxmayaraq ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit - burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik.

Lakin Aİ-nin Azərbaycanla münasibətlərini üst səviyyəyə çıxarmağın yolunu məhz Rusiyanın vasitəçi kimi imza atdığı, lakin icrasının gecikdiyi 10 noyabr bəyanatından Azərbaycanla təmas qurmaq cəhdi də düşünülmüş, planlı siyasi gedişin tərkib hissəsidir. Qərb yaxşı anlayır ki, Azərbaycan xalqı və dövləti üçün əsas məsələ sərhədlərin müəyyənləşdirilməsinin tamamlanması və kommunikasiyaların açılmasıdır, maliyyəni Azərbaycan özü də təşkil edə bilər. Düzdür, iqtisadi yardım paketinin qeyri-balanslı olması bizi narahat edir. Lakin, bizə daha vacib olan ərazi bütövlüyümüzün tam təmini və bölgədə sülhün bərqərar olmasıdır. Bu proseslərin davamı olaraq son günlər Ermənistan hakimiyyətinin Azərbaycana qarşı ritorikasında müəyyən dəyişiklik açıq sezilməyə başlaması bəzi maraqlı hadisələrə şahidlik etməyimizlə nəticələndi.

Belə ki, dünən öncə Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi. Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edildi, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulandı, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirildi. Söhbət zamanı Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulandı. Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparıldı ki, bu görüş Rusiyanı dərhal vəziyyəti ələ alması üçün əməli addım atmaq məcburiyyəti ilə üz-üzə qoydu. 

Dərhal məlumat yayıldı ki, Qarabağdakı müvəqqəti sülhməramlı kontingentin sabiq komandanı Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib, Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb. Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini (Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak etməyən erməni əsgərləri-red) Ermənistana aparıb. Bakının beş ermənini təhvil verməsi fonunda İrəvanın son günlər mövqeyində müşahidə olunan bəzi dəyişikliklər də burada xüsusi diqqət çəkən məqamdır.

Ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını Ermənistan MN-nin təkzib etməyə başlaması (Tatoyan Arazdəyən kəndi istiqamətində Azərbaycan ordusunun mülki əhaliyə qarşı təxribat törətdiyini, o cümlədən, Geqarnukla sərhəddə mühəndislik işləri apardığını, şəxsi heyətin sayını artırdığını, yolların inşa edildiyini və bütün bunların təxribat hazırlığı olduğunu iddia edirdi. Ermənistan MN Tatoyanın iddiasını reallıqdan uzaq və şişirdilmiş adlandırdı- oxu) da heç şübhəsiz ki, Rusiyanın üçtərəfli bəyanatın icrası istqamətində İrəvan rəhbərliyinə qulaqburmasının nəticəsi hesab etmək olar. Çünki artıq rəsmi moskva görür ki, imza atdığı bəyanatın icrasının gecikməsi onun əleyhinə işləyir və Qərb bundan çox ustacasına istifadə etmək üçün müxtəlif planlar hazırlayıb.

Görünən odur ki, Qərb və ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı xeyli fəallaşıb, Moskva da bunun fərqindədir. Bu səbəbdən də Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində müzakirələr də güclənib. Qərbyönlü mövqeyi ilə tanınan Paşinyan hakimiyyəti də Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir və ermənilərin etirazını, məsuliyyəti Rusiyanın üzərinə yükləməklə öz gücünə qənaət etməyə çalışır. Bu kontekstdə 5 erməni əsirin İrəvana təhvil verilməsi atılacaq (yaxud atılmış) addımların qarşılıq olduğu ehtimalını ön plana çıxarır ki, istənilən halda proseslərin Bakının xeyrinə inkişaf etdiyini düşünmək olar. 

Gürcüstanda və Ermənistanda mövqeyi xeyli zəifləyən Rusiya bu gün əlindən gələni etməlidir ki, Azərbaycanda da eyni durumla üz-üzə qalmasın. Bu gün regionun, bölgənin əsas gücünə çevrilən Azərbaycanı itirmək Rusiyaya baha başa gələ bilər. Ona görə də Rusiya Ermənistandakı maraqlarının itməsi, yoxsa ümumi olaraq Cənubi Qafqazdakı maraqlarının itməsi sualı üzərində götür-qoy etməlidir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14