Cümə, 29 Mart

Qarabağın qalan hissəsi də Azərbaycanın nəzarətinə keçir?

image

Sosial şəbəkələrdə, o cümlədən bir sıra mətbuat orqanlarında tirajlanan məlumata görə, qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib. Qeyd olunur ki, proses Ağdərə istiqamətində başlayıb və artıq erməni mövqelərinin 10-da 1-i qalır. Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurur. Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşir. İddia olunur ki, proses davam edəcək və mərhələli şəkildə Xocavənd, Şuşa, həmçinin digər istiqamətlərdə də bu iş aparılacaq.

Onu da nəzərinizə çatdıraq ki, bugünlərdə Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə generalleytenant Gennadi Anaşkin təyin olunub. Belə ki, sentyabrın 25-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun fikrincə, Qarabağ mövzusuna dair son bir ayda Azərbaycan-Rusiya-Türkiyə üçbucağında ciddi müzakirələrdən müəyyən nəticələr alınıb: "Rus sülhməramlılarının komandanının bir ayda 2 dəfə dəyişməsi, Azərbaycan və Türkiyə prezidentlərinin Rusiya barədəki müsbət mesajları, Moskvadan bu konteksdə müəyyən yumşaq mesajlar, Qarabağda terror qruplarına dair iddialar bunun işarələri sayıla bilər. Soçidə Putin-Ərdogan görüşündən sonra rus sülhməramlılarının statusu barədə ortaq nöqtəyə gəlindiyi yönündə xəbərlər gəlməsi sürpriz olmaz.

Ermənistan tərəfindən Paşinyan və Qriqoryandan gələn mesajlar, Qarabağ mövzusunda Azərbaycana ən yaxın erməni siyasətçilərdən olan Petrosyanın Araiklə görüşü də bu konteksdə diqqəti cəlb edir. Xüsusilə, Qriqoryanin "Sputnik Armenia"ya verdiyi müsahibədə "status barədə təkidin Azərbaycanın yeni müharibə başlada biləcəyini" dolaylı təsdiqləməsi maraqlı idi. Sanki "Ermənistan cəmiyyətinə statusda israr yeni müharibə deməkdir" mesajı verdi".

QAFSAM-ın sədr müavini qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev BMT-dəki çıxışında bu mesajı çox fəal formada vurğulayıb: "Azərbaycanın Minsk Qrupunun prosesdə iştirakına dair mövqeyini nisbətən yumşaltması və Bayramovun-Mirzoyanla görüşündə həmsədrlərin vasitəçiliyini qəbul etməsi də bu konteksdə nəzərə alına bilər".

Rusiya sülhməramlılarının komandanının dəyişdirilməsi məsələsinə toxunan siyasi ekspert Asif Nərimanlı isə Qarabağdakı hazırkı vəziyyətin postsovet məkanındakı digər münaqişə bölgələrindən hərbi və siyasi baxımdan tamamilə fərqləndiyini vurğulayıb: "Rus sülhməramlılarının keçmiş komandanı Mixail Kosobokovla onu əvəzləyən Gennadi Anaşkini birləşdirən ortaq cəhət hər iki generalın əvvəllər rusların nəzarətindəki separatçı bölgədə fəaliyyət göstərməsidir.

Rusiyada Qarabağla bağlı analoji planların olması istisna deyil. Hərçənd, Qarabağdakı hazırkı vəziyyət post-sovet məkanındakı digər münaqişə bölgələrindən hərbi və siyasi baxımdan tamamilə fərqlənir. Belə ki, ermənilərin yaşadığı bölgənin və xariclə əlaqə marşrutunun real-vizual olaraq Azərbaycan ordusunun bir atış məsafəsi qədər nəzarətində olması separatizmin inkişaf perspektivini zəiflədir. Bölgədə güc balansı Türkiyənin mövudluğu fonunda bərabərdir. Moskvada da real vəziyyəti anlayırlar və istisna deyil ki, separatizm kartından siyasi alverdə mümkün qədər istifadə etmək üçün bu işdə təcrübəsi olan kadrlara hələlik üstünlük verilir".

Onun fikrincə, cəmi iki həftə öncə bölgəyə təyin olunan Kosobokovun bu qədər tez geri çağırılması sıradan qərar deyil və burada iki mümkün amil ola bilər: "Birincisi, Bakının Kosobokovun fəaliyyətindən narazılığı, ikincisi isə dəyişən geosiyasi və regional proseslərdir. Baş verənləri anlamaq üçün hadisələrin xronologiyasına baxaq. İlham Əliyev 7 iyul fərmanı ilə "Dağlıq Qarabağ" ifadəsini ləğv etdi və ermənilərin yaşadığı ərazilərlə bağlı hüquqi sənədi yenilədi.

Həmin tarixdən – 7 iyula keçən gecə separatçı-terrorçular müharibədən sonra ilk dəfə Şuşaya atəş açdı, sonradan bu atəşlər intensivləşdi və Rusiya Müdafiə Nazirliyi rəsmi məlumatında Ermənistanı bölgədə tərəf kimi təqdim etdi. Avqustun 9-da Lavrov Bayramova zəng etdi, həmin gün Stanislav Zas İrəvanda idi və Bakı-Moskva xəttində gərginliyin açıq müşahidə edildiyi dövr başlandı. Bu tarixdən sonra Rusiya Müdafiə Nazirliyi ermənilərin Şuşaya və digər istiqamətlərə atəş açması haqda məlumatda separatçı-terrorçuları tərəf kimi göstərməyə başladılar. Avqustun 15-də İlham Əliyev "CNN Türk" kanalına müsahibəsində Rusiyanı "tərəfdaş" yox, "qonşu" ölkə adlandırdı və Laçın dəhlizi, eləcə də sülhməramlıların fəaliyyəti ilə bağlı sərt ritorikadan istifadə etdi.

Sentyabrın 2-dən etibarən Türkiyə və Azərbaycan həm Bakıda, həm işğaldan azad olunmuş ərazilərdə - Laçında, həm də Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başladı. Sentyabrın 7-i Azərbaycan Rusiya sülhməramlılarının mandatını gündəmə gətirdi. Sentyabrın 8-də Muradovu Kosobokov əvəz etdi və ayağı Azərbaycan torpağına dəyən kimi təxribat xarakterli fəaliyyəti açıq şəkildə nümayiş etdirdi.

Sülhməramlıların nəzarət ərazilərinin xəritə üzərindən genişləndirilməsi, Laçın dəhlizinin 10 noyabr razılaşmasına əsasən müəyyən edilmiş 5 kilometrlik məsafəsinin artırılması və s. Bu, Kosobokovun özfəaliyyəti deyildi, ruslar Bakıya qarşı açıq oynayırdılar və bu, Bakı-Moskva xəttinə bağlı məsələlərlə yanaşı, geosiyasi proseslərdən də qaynaqlanırdı. ABŞ-ın Əfqanıstandan çıxması, yerinə NATO ölkəsi olaraq, Türkiyəni saxlaması, Qarabağda Bakıya hücum edən Moskvanın İdlibdə Ankaraya qarşı planları və s.

Bakı sülhməramıların, xüsusilə Kosobokov fəaliyyətindən narazı idi və istisna deyil ki, onun cəmi iki həftədən sonra geri çağırılmasında Azərbaycanın tələbi rol oynayıb. Hərçənd, Moskvanın qərarına siyasi proseslərin inkişaf istiqamətinin təsir etdiyi ehtimalı daha böyükdür". Qanunsuz erməni silahlı dəstələrinin Ağdərə rayonu istiqamətində mövqelərindən çıxarılnasına gəlincə, siyasi ekspertin sözlərinə görə, erməni mənbələr bu informasiyaları təkzib edir: "Separatçıların qondarma "daxili işlər naziri" Unan Tadevosyan "partlayış səslərinin partlamamış sursatların və minaların təmizlənməsi nəticəsində eşidildiyini" iddia edir.

Hərçənd, Azərbaycan tərəfindən informasiyanı yayanların hərbi mənbələrlə işləyən şəxslər olması bölgədə dəyişikliklərin baş verdiyi fikrini gücləndirir. Keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycana təhvil veriləcəyini əks etdirən xəritə yayılıb. Xəritədə mənbə Rusiyanın RBK televiziya kanalı göstərilsə də, bu media orqanının saytında və sosial şəbəkə resurslarında belə informasiyaya rast gəlmək olmur.

Lakin son baş verənlər fonunda belə bir xəritənin dövriyyəyə buraxılması da diqqət çəkir. Belə ki, Qarabağda rus sülhməramlılarının komandanı dəyişdirildi, Kosobokovun əsəb yaradan fəaliyyəti cəmi iki həftə çəkdi və onun Bakının tələbi ilə dəyişdirildiyi ehtimalı güclüdür. Komandanlığın dəyişməsi ilə rus sülhməramlılarının xəritəsində dəyişikliyin edilməsi, yəni qondarma "dqr"in "keçmiş əraziləri"ni əks etdirən xətlərin ləğv olunması diqqət çəkdi.

Odur ki, geosiyasi proseslər bölgəyə təsir edəcək istiqamətdə dəyişir". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45