Bazar ertəsi, 18 Oktyabr

İran özü-özünə “quyu qazır” - Şeyxin cavabı və azərbaycanlıların ultimatumu

image

Azərbaycanlılar ayağa qalxsa, nə şir qalacaq, nə quyruğu...

İranın Ermənistanla “əl-ələ” verərək apardığı anti-Azərbaycan siyasətinə və radikal dindarların hədələrinə cavab gecikməyib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil vilayətinin imamı Amulinin səsləndirdiyi fikirlərə münasibət bildirib. “Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”-deyə, Şeyxin bəyanatında bildirilib.

Məlumatlara görə, sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlılar da İrana sentyabrın 27-nə-Vətən müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Soydaşlarımız rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən əl çəkməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəhbərliyinə etiraz edəcəyi bildirilir. İranda yaşayan azərbaycanlı fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını deyirlər.

Beləliklə də, İranın Ermənistana xoş gəlmək üçün  yürütdüyü siyasət ölkədə onu ciddi problemlə üzləşdirə bilər. Azərbaycanlılar ayağa qalxsa, nə şir qalacaq, nə quyruğu...

Şeyxin cəmiyyətin təzyiqlərindən və ittihamlarından sonra dilə gəlməsi yəqin ki, həm də hakimiyyətin razılığı ilə baş verib. Çünki İran mövzusunda əvvəllər Şeyxi “kənarda saxlamaq” məntiqi ilə hərəkət edilirdi. Amma görünür ki, indi ipləri qoparan İrana Şeyxin özünün də cavab verməsi gərək olub.

AĞ Partiya başqanı Tural Abbaslı məsələyə bu cür şərh verdi: “İranın yanlış mövqe sərgilədiyi ilk günlərdən biz qeyd etdik ki, bu ölkə ilə müqayisədə Azərbaycan kiçik dövlət ola bilər, istər ərazi, istərsə də əhali baxımından. Amma həmişə qeyd edirəm və bir daha təkrarlayıram ki, Azərbaycan İran üçün Axilles dabanıdır.

Cənub qonşumuza elə gələ bilər ki, Rusiya, Amerika və digər böyük Avropa dövlətləri ilə başabaş gələ bilər. Çünki həmin situasiyada 40 milyon azərbaycanlı İranın yanındadır. Amma Azərbaycana qarşı münasibətdə İran bilməlidir ki, həmin 40 milyon soydaşımız onların yanında deyil, özlərinin vətəni, yurdu, bir parçası olan Azərbaycan dövlətinin yanında olacaq. Onun üçün də bir daha xatırlatmağı vacib bilirəm ki, Azərbaycanın onlar üçün Axilles dabanı olduğunu unutmasınlar. Artıq  istər Şeyxülislamın, istərsə də ölkəmizdə yaşayan soydaşlarımızın mövqeyi olsun, bu, İranın mövqeyinin zəifləməsinə gətirib çıxarıb.

Bu hiss olunmaqdadır. Gələn məlumatlara görə, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri yaxın günlərdə Tehranda görüşəcəklər. Hər halda, orada bu məsələlər müzakirə olunacaq və ədalətli həllini tapacaq. Nəhayət ki, dostluq, qardaşlıq olmasa da, azından qərəzli mövqeyindən geri çəkilər, ölkəmizə qarşı ədalətli mövqedən çıxış edər. İstənilən halda bu məsələdən nəticə çıxaraq. Çıxaracağımız nəticə ondan ibarət olmalıdır ki, İranda yaşayan 40 milyon soydaşımızla mütəmadi olaraq iş aparmalıyıq. Onların Azərbaycanın mövqeyini qorumalarını təmin etməliyik. Bizim İrana əsas təzyiq vasitəmiz orada yaşayan 40 milyon azərbaycanlıdır. İrana təzyiq vasitəmiz Amerika, Fransa, Rusiya və digər güclü dövlətlərdən daha çoxdur. Cənub qonşumuzun ağlı olsa, soyuq başla düşünsə, Azərbaycan və Ermənistan arasında seçim zamanı bizim yanımızda durar. Bununla öz maraqlarından da çıxış edər”.

Başqan fikirlərinə bu cür davam etdi: “Bir anda düşünün ki, Azərbaycan da İran kimi qərəzli mövqe tutmağa başladı və oradakı soydaşlarımıza açıq xitab etməyə başladı ki, qalxın, öz iqtidarınızdan ədalət tələb edin, o zaman İranda daxili vəziyyət necə olacaq, məlumdur. Rəsmi Tehran nə qədər gec deyil, Azərbaycanın real gücünü doğru-dürüst qiymətləndirib, regiondakı durumu düzgün analiz etməli və buna uyğun da doğru qərarlar verməlidir. Əks təqdirdə, Axillesi bir oxun necə məhv etdiyini düşünməlidirlər”.

https://azadsoz.com/M0/1/2021/09/images/20210924_112229_1632468149_879963c778.jpg

 Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov isə Şeyxin açıqlamalarını gözlənilən sayır: “Ümumiyyətlə, bu məsələ Azərbaycan cəmiyyətində geniş müzakirə olunur. Vətən müharibəsindən öncə də İran Ermənistana öz dəstəyini göstərirdi. Dəfələrlə cənab prezident də bu məsələyə toxunurdu. Açıq qeyd edib ki, məscidi dağıdan ölkə müsəlman dövlətlərinin dostu ola bilməz. Təəssüflə onu qeyd etmək lazımdır ki, İran heç bir zaman Azərbaycanın çağırışlarına önəm verməyib. Amma daim müsəlmanların birliyindən, vəhdətindən danışır. Azərbaycan da müsəlman ölkəsidir. İnsanlarımızın böyük hissəsi dini ayinlərə əməl edir. Belə olan halda rəsmi Tehranın müsəlman ölkəsi olan Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsi anlaşılan deyil. Müharibəyə qədər olan dövrdə də bunlar edildi.

Artıq indi yeni bir mərhələyə qədəm qoymuşuq. Azərbaycan bölgədə yeni bir reallıq yaradıb, yeni addımlar atır. İranın yanlış davranışları ilə bağlı dəfələrlə fikirlərimizi qarşı tərəfə çatdırmışıq. Cənub qonşumuz Vətən müharibəsindən sonra da Azərbaycanın heç bir çağırışına əməl etməyib. Yenə də eyni qaydada Ermənistana dəstəyini ifadə edir. Rəsmi Bakı İrana nota verib. Amma bunun da xeyri olmadı. Yenə də eyni qaydada işğalçı Ermənistana dəstəyini göstərir. Azərbaycan Qarabağda yaşayan ermənilərin ölkəmizə inteqrasiya olması istiqamətində müəyyən işlər görür.

Bu gün İran tərəfindən Xankəndinə yüklərin daşınması Ermənistana və Qarabağ ermənilərinə birbaşa dəstəkdir. Bir növ bununla onların dirçəlməsinə cənub qonşumuz təkan verir. İran tərəfi həssaslığımızı nəzərə almalıdır. Onun üçün də bu kimi addımlardan çəkinməlidir. Amuli dövlətlərarası münasibətlərə xələl gətirəcək açıqlamalar verdi və Azərbaycan tərəfi təpki verməli idi. Bilirsiniz ki, Amuli Xameneyinin  Ərdəbil üzrə nümayəndəsidir. O, rəsmi şəxs olmaqla yanaşı, həm də din xadimidir.

Azərbaycan insanının istəyi və hətta tələbi o idi ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə fikir bildirməlidir. Haqlı olaraq bir neçə gündür ki, sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur. Azərbaycanda Qafqaz Müsəlmanlarını təmsil edənlərin, din xadimlərinin bu məsələyə münasibət bildirmələri gözlənilən idi. Azərbaycanda dini mərkəz QMİ sayılır. Ona görə də Şeyxin son bəyanatı hesab edirəm ki, İran tərəfinə konkret mesaj idi.

İran tərəfi çalışmalıdır ki, növbəti günlərdə, aylarda səsləndirdiyi fikirlərdə, bəyanatlarda diqqətli olsunlar. Bu kimi fikirlər dövlətlərarası münasibətlərin korlanmasına əsas yaradır. İranda yaşayan azərbaycanlılar da prosesləri diqqətlə izləyirlər. Zaman-zaman müxtəlif məsələlərə öz münasibətlərini də bildirirlər. Sosial şəbəkələrdə buna rast gəlirik. İran öz münasibətinə yenidən nəzər salmalı, Ermənistana dəstəyə son qoymalıdır. Bölgəyə əmin-amanlıq, birgəyaşayış gətirməyə səylə çalışmalıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu məhsullar BAHALAŞIB

  • 17.10.2021 - 19:33
image

Vatsapda yeni özəllik

  • 17.10.2021 - 14:19
image

Ərdoğan Merkellə görüşüb

  • 16.10.2021 - 17:29