Bazar, 05 May

Üçtərəfli İşçi Qrupu işləyir, yoxsa... - rus nazir müavinindən müəmmalı açıqlama

image

Aleksey Overçuk İrəvanda deyib ki, üçtərəfli komissiya dəhliz məsələsini müzakirə etmir.

Bu həftə İrəvanda Rusiya-Ermənistan biznes-forumu başlayıb. Sözügedən biznes-forumda iki ölkənin baş nazir müavinləri, nazirlər, iri biznes təmsilçiləri iştirak edib.

Rusiya baş nazirinin müavini, İşçi Qrupunda təmsil olunan Aleksey Overçuk İrəvanda deyib ki, üçtərəfli komissiya dəhliz məsələsini müzakirə etmir: “Dəhliz məsələsi müzakirə olunmur. Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması müzakirə edilir. Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan sonuncu görüş avqustun ortalarında Moskvada olub. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına köklənib. Bunu necə etmək barədə müzakirələr gedir”.

A.Overçukun Qafqazda nəqliyyat dəhlizinin açılması prosesini ümumiləşdirməsi əslində, dolayı da olsa, ermənilərin dediyini təsdiq etmək və ya ona dəstək vermək deməkdir.

Dəhliz məsələsi müzakirə olunmursa, bu İşçi Qrup nə üçün toplaşır? Rusiya rəsmisinin bu cür ziddiyyətli danışması nə deməkdir? Şahin Mustafayev (İşçi Qrupunda təmsil olunur) bu danışıqlarla bağlı niyə açıqlama vermir?

https://azadsoz.com/M0/1/2021/09/images/20210924_110745_1632467265_4c3b13b829.jpg

Elçin Mirzəbəyli 

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bu cür cəhdləri mənasız sayır: “Regionda kommunikasiyalar açılmayanadək Ermənistanda keçirilən biznes-forumun və digər iqtisadi fəallığın artırılmasına cəhdlərin heç bir perspektivi yoxdur. Əgər olsaydı, Rusiya bunu indiyə qədər edərdi. Kommunikasiyaların açılması Rusiya üçün prioritet məsələlərdən biridir və bu proses rəsmi Moskvanın haqqında söz açmaq istəmədiyi Zəngəzur dəhlizi ilə bağlıdır.

Rusiya rəsmiləri ”dəhliz" sözünü işlətməkdən çəkinirlər. Onlar Zəngəzur dəhlizinə kommunikasiyaların tərkib hissəsi kimi yanaşırlar. Aleksey Overçukun səsləndirdiyi fikirlər də eyni tendensiyanın davamıdır və təbii ki, Zəngəzur dəhlizi ilə bağlı suallardan yayınmağa bir cəhddir. Bununla yanaşı, ortada olan bir reallıq da var: 10 noyabr bəyanatının müddəaları kommunikasiyaların tam açılmasını tələb edir. Bu isə o deməkdir ki, kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılacaq. Əgər Zəngəzur dəhlizi açılmayacaqsa, o zaman kommunikasiyalar da qapalı qalacaq. Bu, rəsmi Bakının qırmızı cizgisidir".

https://azadsoz.com/M0/1/2021/09/images/20210924_110802_1632467282_14e9d058f3.jpg

 Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tərəfin şimal qonşusundan açıqlama tələb etməsinin vacibliyini vurğuladı: “Rus baş nazir müavininin bu açıqlaması Rusiya və Ermənistanın 10 noyabr razılaşmasına əməl etməməsi anlamına gəlir. Çünki dəhlizin açılması tələbini Azərbaycan Prezidenti şəxsən bəndə saldığını 10 noyabr gecəsi vurğulayıb. Onda belə çıxır ki, ruslar və ermənilər bu cür açıqlamaları ilə 10 noyabr razılaşmasından imtina etdiklərini bəyan edirlər. Bu da Azərbaycan üçün bir yol saxlayır, o da 10 noyabr razılaşmasından çıxmaq. Əgər əks tərəf imza atdığı sənədə əməl etmirsə, Azərbaycan üçün bu sənəddən çıxmaqdan başqa heç bir yol qalmır. Azərbaycan belə davam edəcəyi halda razılaşmadan çıxacağını bəyan etsə, nə Rusiya, nə də Ermənistan bu cür məsuliyyətsiz və sülh üçün riskli açıqlamalar edər. Azərbaycan tərəfi Rusiyadan dərhal açıqlama tələb etməlidir və etirazını bildirməlidir. Əlavə də Azərbaycan tərəfi danışıqların nə yerdə olduğunu xalqına da açıqlamalıdır”.

https://azadsoz.com/M0/1/2021/09/images/20210924_111042_1632467442_e7b3f62762.jpg

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə bunları dedi: “Aleksey Overçuk ”dəhliz məsələsi" müzakirə edilmir sözlərini 10 noyabr üçtərəfli razılaşmaya istinadən deyir. Razılaşmada nəqliyyat kommunikasiyalarının bərpa edilməsi əksini tapır, lakin dəhliz ifadəsi yer almır. Naxçıvanı Azərbaycanla birləşdirəcək nəqliyyat xəttinin dəhliz olduğunu Azərbaycan tərəfi irəli sürdü. Əvvəlcə bu, Naxçıvan, yaxud Mehri dəhlizi adlandırılırdı, lakin Prezident İlham Əliyev bunu Zəngəzur dəhlizi elan etdi. Zəngəzur dəhlizi ifadəsi rəsmi Bakının tarixi torpaqlarının Ermənistana verildiyi faktının gündəmdə saxlanılması və qayıdış strategiyasının tərkib hissəsidir. Azərbaycan bu nəqliyyat xəttinin Zəngəzur dəhlizi olaraq beynəlxalq sənədlərdə təsbit edilməsi istiqamətində çalışır, hətta dövlət başçısı buna nail olduğumuzun mesajını vermişdi. Şuşa Bəyannaməsinə məhz

Zəngəzur dəhlizi olaraq daxil edilməsi də buna hesablanıb. Paşinyanın “Azərbaycana dəhliz vermirik” açıqlaması da məhz üçtərəfli razılaşmada dəhliz ifadəsinin yer almamasına istinaddır. Paşinyan bunu daxili ictimaiyyətdə “Mehri dəhlizi” iddialarına cavab vermək üçün irəli sürür. Lakin bu o demək deyil ki, dəhliz açılmayacaq. Ermənistan nəqliyyat xətti, biz dəhliz deyirik, nəticə etibarilə, Naxçıvanı Azərbaycana birləşdirəcək dəhliz reallaşacaq. Overçukun niyə “dəhliz olmayacaq” ifadəsi üçtərəfli razılaşmaya istinad edilsə də, burada Ermənistanın mövqeyinin müdafiə edilməsi niyyəti də aydın görünür və bu, son dövrlər Rusiyanın Azərbaycanın maraqlarına qarşı təhlükəli manevrləri fonunda təsadüfi deyil. Moskva İrəvanın mövqeyindən çıxış etməklə, Bakıya növbəti mesajını verir. Rəsmi Bakının bu ifadəyə reaksiya verməsi lüzumsuzdur. Çünki cavab təxmini “üçtərəfli razılaşmada dəhliz ifadəsi yer almır” tipli olacaq. Rusiya bununla həm də Bakının istədiyi “dəhliz verməyəcəyik” demək istəyir, çünki dəhliz nəqliyyat xəttindən daha yüksək statusa malikdir və Bakının əldə etmək istədiyi də budur. Əsas məsələ Azərbaycanın sözügedən nəqliyyat xəttini dəhlizə çevirməyi bacarmasıdır. İndiyə qədər bunun Zəngəzur dəhlizi olaraq ifadə edilməsi istiqamətində nəticələr əldə edilib. Bundan sonra dəhlizin reallaşması ilə bağlı əməli addımlar davam etdirilməlidir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15