Cümə axşamı, 25 Aprel

Moskvanın ciddi strateji səhvi: sülhməramlılar ya Qarabağdan çıxarılmalı, ya da...

image

Rusiyanın Ermənistanı silahlandırması və ona ordu qurması Qarabağda sülhməramlı qüvvə statusunda iştirakını birmənalı şübhə altına qoyur; Moskva strateji məsələlərdə Azərbaycanın maraqlarını gözardı edirsə, cavab nə olmalı?

Rusiya sülhməramlı niyyətindən kənarda olduğunu açıq nümayiş etdirməyə başlayıb. Əslində bu, gözlənilən idi. İndi şimal qonşunun Ermənistan ordusunu yenidən qurmaq və silahlandırmaq niyyətini ortaya qoyması, ciddi analitiklərə görə, Kremlin strateji səhvidir. Çünki Rusiya tərəflərdən birinin faktiki müttəfiqinə çevrildiyi halda, necə bitərəf ola bilər? Bu, Rusiyanın Qarabağda sülhməramlı qüvvə statusunda iştirakını birmənalı şübhə altına qoyur.

Rusiya faktiki olaraq müharibədən sonra Ermənistanla müttəfiqliyini möhkəmləndirmək niyyətindədir, bunu son günlər hər addımda bəyan edir.  O zaman ortaya haqlı sual çıxır: Ermənistan ordusunu quran, onu genişləndirən, silahlandıran bir dövlət necə Qarabağda bitərəf, sülhyaradan missiyasında ola bilər? Belə bir ölkə nə bitərəf, nə də vasitəçi ola bilər. Təsadüfi deyil ki, “CNN Türk”-ə müsahibəsində Prezident İlham Əliyev çox diqqətçəkən bir ifadə işlətmişdi. Dövlət başçısı demişdi ki, Rusiya bizim yaxın qonşumuz, Ermənistanın isə strateji müttəfiqidir. Beləliklə, Bakı gələcəkdə Qarabağdakı sülhməramlıların bu səbəbdən çıxarılması məsələsini gündəmə gətirə bilər.

Düzdür, Rusiya lideri Vladimir Putinin çıxışlarında hələlik açıq şəkildə Ermənistanın maraqlarına uyğun hər hansı mövqe olmayıb. Baxmayaraq ki, Rusiyanın ayrı-ayrı rəsmiləri Putindən fərqli danışırlar. Xüsusən xarici işlər naziri Sergey Lavrov və nazirliyin sözçüsü Mariya Zaxarova, bəzi rus siyasətçiləri anti-Azərbaycan ritorikasında danışırlar. Amma son söz Putinindir. Kreml başçısı isə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırsa da, digər tərəfdən, Rusiya darmadağın olmuş Ermənistan ordusunu modernizasiya edir.

Bu da Qarabağdakı sülhyaratma missiyasının mandatını təhlükə altına qoyur. Azərbaycan Moskvanın “anti-Rusiya forumu” adlandırdığı Kiyevdəki tədbirə həm də o səbəbdən qatılmadı ki, münasibətlərdə balans pozulmasın. Amma Rusiya strateji məsələlərdə Azərbaycanın maraqlarını sanki gözardı edir ki, Ermənistana ordu qurmaq buna bariz misaldır. Ona görə rəsmi Bakı bu tələbi gündəmə gətirməlidir, Rusiyaya təzyiq variantı kimi nəzərdən keçirməlidir. Bəs Rusiyanın bitərəflik etməməsi, bir yandan “sülhyaradan”, digər tərəfdən ermənini silahlandıran ikibaşlı siyasətinə cavab necə olmalıdır?

https://azadsoz.com/M0/1/2021/08/images/20210827_091302_1630041182_0d9eae82c4.jpg

Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın Ermənistanı silahlandırması sülhməramlı qüvvələri bölgədə saxlamaqla bağlı deyil. F.Mehdiyev bildirir ki, Rusiyanın ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olduğunu da nəzərə alsaq, münaqişəyə bərabər məsafədə dayanmalıdır: “Rusiya Minsk Qrupuna həmsədrlik edir, Qarabağda qoşunları atəşkəsi qoruyan bir mövqeyə malikdir. Amma bu iki vəziyyət uzlaşmır. Biz bilirik ki, Rusiya Ermənistana silah satır. Amma dövlət pariteti qorumalıdır. Əgər ona satırsa, digər dövlətə də sata bilər. Amma pulsuz verməli deyil”.

F.Mehdiyevin fikrincə, problem ondadır ki, Rusiya Ermənitana pulsuz silah verir və hər hansı pariteti gözləmir: “Biz ”İskəndər" raketlərinin ermənilərə verilməsini görmüşük. Rusiyanın Azərbaycana verdiyi ən güclü silah “S-300" zenit raketləri olub. Ermənistanın maliyyə vəziyyəti isə həmin silahları almağa imkanı vermir. Rusiya həmin qurğuları bizə satır, erməniyə pulsuz verir. Bax, məsələ budur və bunu da dilə gətirməliyik. Əlbəttə ki, hökumət bağlı qapılar arxasında Moskvaya fikrini deyə bilər, amma açıq şəkildə söyləməz. Bu faktı müstəqil ekspertlər, analitiklər, media publik şəkildə deməlidir, həmçinin Azərbaycana dost ölkələr gündəmə gətirməlidir”.

https://azadsoz.com/M0/1/2021/08/images/20210827_091312_1630041192_cfd3d2f1a5.jpg

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat” bildirdi ki, Rusiyanın Ermənistan ordusunu yenidən modernizasiya etməsində gözlənilməz bir hal yoxdur: “Çünki aydın məsələdir, Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir. Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü və forpostudur. İndi ermənilər müharibədə məğlub olublar, deməli, məğlub olan həm də rus hərbi strategiyasıdır. Ona görə Rusiya imkan daxilində Ermənistanı silahlandıracaq. Amma Rusiya silahlarının nə dərəcədə modern olmasını 44 günlük müharibə göstərdi. Azərbaycan bu şəraitdən istifadə edə, ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsinin de-fakto durumunu de-yure vəziyyətinə gətirə bilər”.

https://azadsoz.com/M0/1/2021/08/images/20210827_091307_1630041187_341409c103.jpg

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistanın silahlandırılması ilə bağlı balansdan danışır: “Amma qiyməti milyardlarla ölçülən silah-sursatı pulsuz verirlər. Hazırda Rusiya Azərbaycanın gücünə bərabər bir gücü olacaq ordu yaratmaq istəyir. Hətta ermənilər etiraf edirdilər ki, 10 noyabrın səhərindən Rusiya tərəfindən silahlanmağa başlayıblar. Əgər Moskva ermənilərə havadarlıq edirsə, onda Qarabağda hansı sülhməramlı missiyanı yerinə yetirirlər? Əsl sülhməramlı missiyanı bizim əsgər Əfqanıstanda yerinə yetirir. Buna görə NATO baş katibi Azərbaycan əsgərini xüsusi vurğuladı”.

A.Əlizadə hesab edir ki, ruslar heç bir ölkədə sülhməramlı missiya yerinə yetirməyib: “Bu günə kimi nə Yaxın Şərqdə, nə Gürcüstanın və Moldovanın ərazilərində, nə də indi Qarabağda bu işi görür. Onlar girdikləri yerə işğal niyyəti ilə yerləşirlər. Amma bizimlə razılaşma müqavilə şəklindədir və vaxt göstərilib. Ona görə Azərbaycanın rəsmi mövqeyi daha radikal və sərt olmalıdır, Xarici İşlər Nazirliyi operativ reaksiya verməlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33