Şənbə, 11 May

Azərbaycanda qəbul imtahanlarının ləğvi təklif olunur: “Dünyada yeganə ölkəyik...”

image

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi həm II və III, həm də I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Məlumata görə, ötən ildən fərqli olaraq bu il heç bir abituriyent maksimum göstərici olan 700 balı toplaya bilməyib.

Xatırladaq ki, eyni hal 2019-cu ildə də yaşanıb. Lakin hər iki dövrü müqayisə etdikdə bu ilin ümumi göstəricilərinin daha aşağı olduğu nəzərə çarpır. Mövcud vəziyyətə səbəb kimi, əsasən, 2020-ci ilin mart ayından ölkəmizdə pandemiya ilə əlaqədar distant təhsilin tətbiqi göstərilsə də, son vaxtlar imtahan suallarının çətin tərtib olunmasını və DİM-in qəbul imtahanından əvvəl sınaq imtahanları təşkil etməməsini də aparıcı faktor hesab edənlər var.

Əslində, ikinci fikrin tərəfdarı olan ekspertlərin yanaşması ondan ibarətdir ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi pandemiyanı nəzərə alaraq sualları əvvəlki illərlə müqayisədə nisbətən asan tərtib etməliydi. Lakin qeyd etdiyimiz kimi, bu iddia ilə çıxış edənlər çoxluq təşkil etmir. Əksəriyyət günahı Azərbaycanda iki ilə yaxın bir dövrdə keyfiyyəti artırıla bilməyən distant təhsilin strukturunda görür.

Maraqlıdır, bugünkü qəbul sisteminin müsbət və mənfi tərəfləri nədir?  Ümumiyyətlə, Azərbaycanda təhsil islahatına ehtiyac varmı?

Mövzu barədə danışan əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bildirib ki, mövcud durumun yaşanmasında həm pandemiya səbəbilə tədrisin keyfiyyətinin aşağı olması, həm də sualların çətin tərtibi rol oynayır:

“Pandemiya səbəbilə biliklərin ötürülməsi lazımi səviyyədə olmayıb. Azərbaycan müstəqil dövlətdir, ona görə də öz əhalisinin savadlı olmasına maraq göstərməlidir. Dövlət diqqət ayırmalıdır ki, pedaqoji fakültələri bitirən uşaqlar savadlı olsun. Amma o yerdə ki şəxsi maraqlar aparıcı rol oynayır, onda dövlətin marağı yaddan çıxır. 

Məsələn, imtahan suallarını elə tərtib edə bilərsən ki, 200-300 abituriyent 650-700 bal toplayar. Amma elə də hazırlayarsan ki, heç kəs bu göstəricilərə sahib ola bilməz. Bunların hamısı gəncə ümid yeri kimi baxıb-baxmamağından asılıdır. Biz gənclərimizin başını sığallamalı, onlara təhsil verməliyik”.

https://azadsoz.com/M0/1/2021/08/images/20210812_171903_1628774343_7b5537b9f6.jpg

Şahlar Əsgərov qeyd edib ki, testin 100 üstün cəhəti olsa da, mənfi cəhətləri də az deyil:

“İmkan verməməlisən ki, mənfi cəhətlər özünü sıxlıqla göstərsin. Dünyanın beş inkişaf etmiş ölkəsini göstərərəm ki, orada ali məktəblərə qəbul imtahanı yoxdur. Azərbaycanda da bu ləğv olunmalıdır. Ölkədə bir tərəfdən müharibə gedir, bir tərəfdən də pandemiyadır. Biz isə belə bir vəziyyətdə insanlara təhsil verməliyik. Bu imtahan insanların oxumasına kömək edirsə, gəlin, ondan beşəlli yapışaq. Amma əgər maneədirsə və şəxsi mənafeyə xidmət edirsə, nəyə lazımdır? 

Ona görə də düşünürəm ki, qəbul imtahanına ehtiyac yoxdur. Çünki bizim qızıl, brilyant olan talantlı gəncliyimiz ölkədən gedir. Onlar bu imtahanda iştirak etmir, birbaşa xarici universitetlərə üz tuturlar. Yerdə qalanlar isə yaxşılar və kafilərdir. Yaxşılar özlərinə bir yer tapır, amma qalanlarına dövlət kömək etməlidir. Bir insan ağıllıdırsa, yaxşı beyni varsa, o hansısa bir fəndən bir sualı bilməyib deyə niyə universitetdə təhsil ala bilməsin ki? Bu nə dərəcədə ağıllı davranışdır? Bir dəfə Çin universitetlərindən birinin rektoru Rusiyaya gəlmişdi, o çıxışında demişdi ki, test sistemi Rusiyanı məhv edəcək”.

Mütəxəssis testin gəncləri bir qədər robotlaşdırdığını deyib:

“Dediyim kimi, uğurları var, amma uğursuz işləri də çoxdur. Mən testin əleyhinə olmamışam, amma  həmişə administrativ yerləşmənin əleyhinə olmuşam. Topladığınız balla oxuyacağınız ali məktəbi və ixtisası özünüz seçməlisiniz. Dövlət tələbələri yerləşdirməməlidir. Biz isə abituriyentləri yönəldirik, demokratik cəmiyyətə bu yaramır. İcazə versinlər, gənclər yığdıqları balı öz istədiləri şəkildə istifadə etsinlər”.

Təhsil eksperti Elşən Qarafov isə bu gün ölkəmizdə ciddi təhsil islahatına ehtiyac olduğunu vurğulayıb:

“Amma o, əsl islahat olmalıdır, kosmetik yox. Hər birimiz bilirik ki, təhsil sisteminə pandemiya çox böyük zərbə vurub. Bunu nə Təhsil Nazirliyi, nə təhsil mütəxəssisləri danır. 700 balın toplanılmaması tədris prosesinin ənənəvi şəkildə aparılmamasının nəticəsi ola bilər, çünki bütövlükdə bu ilki ballar aşağı olub, ümumilikdə isə təhsilin keyfiyyətinin 700 balla ölçülməsi ilə razı  deyiləm”.

Sualların çətin tərtib olunması iddialarına gəldikdə isə ekspert söyləyib ki, nəticəni sualların çətinliyi ilə bağlamaq doğru olmaz:

“Çünki Dövlət İmtahan Mərkəzi açıq tipli sualları kifayət qədər azaltdı. Qəbuun testlə aparılması isə tək bizdə yox, dünyanın aparıcı ölkələrinin əksəriyyətində var. Amma qəbul imtahanının qrup şəklində aparılmasında dünyada yeganə ölkəyik. Bu gün Azərbaycan gənci istədiyi ixtisas üzrə təhsil ala bilmir. Bu məsələ ilə bağlı dəfələrlə təklif versək də, DİM və hökumət bunu nəzərə almır”.

https://azadsoz.com/M0/1/2021/08/images/20210812_171909_1628774349_c0624c215d.jpg

Həmsöhbətimiz hesab edir ki, qəbul imtahanları qruplar üzrə yox, ixtisaslar üzrə olmalıdır:

“Analoqu olmayan ölkəyik, çünki bizdə hər hansı bir gənc hansı ixtisasa yiyələnmək istəyirsə, o ixtisas üzrə oxuya bilmir.  90-95 faiz istəmədiyi ixtisasda məcburiyyətdən təhsil alır. Məsələn, III qrup adlı ixtisas yoxdur. Amma bu gün hansısa bir abituriyentdən soruşursan ki, haraya qəbul olmaq istəyirsən? Deyir ki, üçüncü qrupa. Üçüncü qrup adlı ixtisasmı var? 

İnsan uşaqlıqdan bir peşəni arzulayar, o peşə üzrə hazırlaşar, təhsil alar və işləyər. Bizdə 5 faiz gənc arzuladığı ixtisasda təhsil alır. Ona görə də peşə əqidəsi deyilən məfhum  artıq bizdə yoxdur. Ona görə də DİM ilk növbədə bu təklif üzərində düşünməlidir, qrup imtahanları ləğv olunmalı, ixtisaslar üzrə imtahan keçirilməlidir. Azərbaycanda 46 ali məktəb var. Hər bir şəxs arzuladığı ixtisas üzrə lazım gəlsə, 46 universitetə də sənəd versin. Amma fizika, kimya, biologiya, mühəndislik ixtisaslarına eyni vaxtda müraciət etməsin. Hamısı fərqli peşələrdir. Nə istədiyini bilməlidir. Hər bir şəxs hansı ixtisası arzulayırsa, o ixtisas üzrə imtahan verməlidir. Problem bundadır. 

Tibbə sənəd verib balı çatmadığı üçün kimya müəllimi olur. Axı bu gənc ömürboyu onu istəməyib, ona görə də savadlı kadr olacaq, amma müəllim olmayacaq. Azərbaycan gənci düzgün istiqamətləndirilmir və fikrimcə, bu illərlə düşünülmüş plandır, hətta Azərbaycanın əmək bazarında iş tapa bilməməyin əsas səbəbi də budur. Çünki adam istəmədiyi ixtisası oxuyur”.

Sayad HƏSƏNLİ

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə  “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”  istiqaməti üzrə hazırlanmışdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44