Cümə, 29 Mart

Bakının yeni rayonu haqda detallar: Maşınların girişi qadağan ediləcək 

image

Son günlər mətbuatda Bakı şəhərində mərkəzi rayonun yaradılması ilə bağlı xəbərlər yer alır. Məlumata görə, bu rayonun Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir sıra hissəsini özündə birləşdirəcək.

Xatırladaq ki, hələ bir neçə il əvvəl Bakıda mərkəzi İçərişəhər olmaqla yeni rayonun yaradılması haqqında xəbərlər dolaşırdı. Hətta 2019-cu il martın 1-də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bu təkliflə çıxış edib. Arxitektor şəhərimizin tarixi mərkəzinin sərhədlərinin müəyyənləşməməsi məsələsini gündəmə gətirərək demişdi.

“Bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın”.

İlham Əliyev isə memarlıqla bağlı səslənən təklifləri bəyəndiyini diqqətə çatdırmışdı. Ölkə başçısı qeyd etmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbay Qasımzadənin səsləndirdiyi təklifi təhlil etməlidir, çünki memar bu məsələdə tamamilə haqlıdır: “Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər. Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək, biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir”.

Maraqlıdır, bu gün mərkəzi rayonun yaradılması prosesi gedirmi? İş başlayıbmı? Yeni rayonun təşkilində nələr nəzərdə tutulub?

Mövzu barədə danışan Bakı şəhərinin keçmiş baş memarı Elbay Qasımzadə bildirib ki, həmin təklifdən sonra Prezidentin tapşırığı ilə yeni rayonun sərhədlərini müəyyənləşdiriblər:

“O dörd rayonun hansı hissəsinin mərkəzi rayonun tərkibinə qatılacağı müzakirə edildi və təkliflərimizi Prezident Administrasiyasına çatdırdıq. Bu yaxınlarda bizə yeni rayonun statusu haqqında bir sənəd də göndərildi ki, ekspertlər olaraq baxaq və fikrimizi bildirək. 

Onu da edib sənədi qaytardıq. Hazırda bu işlə əsas məşğul olan Dövlət Şəhərsalma və Arxitektura  Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyətidir. Prezident Administrasiyası isə işə rəhbərlik edir. Amma prosesdə əsas maraqlı tərəflər həmin iki qurumdur. Hər ikisi mənimlə daima əlaqədədir və mən bacardığım qədər prosesdə iştirak edirəm”.

Mütəxəssis diqqətə çatdırıb ki, mərkəzi rayonda həyat tərzinin bir qədər məhdudlaşdırılması nəzərdə tutulur:

“Yəni istənilən tikinti aparıla bilməz. İlk növbədə rayonun ictimai şurası yaradılmalıdır. Orada mütəxəssislər-memarlar, rəssamlar, heykəltəraşlar, tarixçilər, hətta arxeoloqlar da olmalıdır. Görüləcək hər bir iş mütləq ictimai şura tərəfindən əvvəlcədən təhlil olunmalıdır. Məsələn, binaların fasadlarının təmirinə, yeni binaların inşasına baxılmalıdır. Bakı şəhərdir, fərq etmir mərkəzi rayondur, ya kənardır, həyat davam edir, burada mütləq tikintilər aparılacaq və aparılarsa, onların görkəminin, miqyasının hansı şəkildə olacağı nəzərə alınacaq. Bu gün tarixi binaların yanında 18-20 mərtəbəli binalar tikilir. Əlbəttə ki, onlar auranı tamamilə dağıdır. Bundan sonra belə şeylərə yol verilməməlidir”.

Elbay Qasımzadə vurğulayıb ki, orada nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla aparılmalıdır:

“Faytonlar turistləri cəlb etmək üçün olacaq. Əhali təbii olaraq işdən evinə faytonla getməyəcək. İctimai nəqliyyat olacaq. Sadəcə ola bilsin ki, orada hərəkət yolları bir qədər məhdudlaşacaq. 

Şəxsi avtomobillərin hansısa məhəllələrə daxil olması qadağan ediləcək. Amma mən düşünürəm ki, biz oranı qoruğa çevirməməliyik. Çünki qoruqda yaşamaq kifayət qədər çətindir. Məsələn, İçərişəhəri götürsək, orada məhdudiyyətlər daha sərtdir. Amma həyat elə tələb edir ki, bu gün İçərişəhər maşınla doludur. İnsanların həyatına mənfi təsir etmək olmaz. Onları hansısa yeni qaydalarla, daha yüksək məsuliyyətlə, tələbkarlıqla hərəkət etməyə cəlb etmək olar, amma qadağa qoymağa ehtiyac yoxdur, hər şeyi fikirləşib etmək lazımdır. 

Məncə, bununla biz Bakının tarixi hissəsini kifayət qədər qoruyub-saxlayarıq. Orada səliqə-sahman, təmizlik, abadlıq işləri daha da yüksək səviyyədə olar”.

Həmsöhbətimiz hesab edir ki, buradakı əsas məqam rayonun icra hakimiyyəti yaranarkən onun tərkibində memarlıq xidmətinin başqa rayonlardan fərqli təşkil olunmasıdır:

“Başqa rayonların şəhər təsərrüfatı şöbəsində bir memar işləyir. Hər rayonda da həmin şəxsin ixtisası memarlıq olmur. Bəzi rayonlarda inşaatçı, bəzi rayonlarda iqtisadçı olur. Amma burada mütləq təcrübəli memar fəaliyyət göstərməlidir və onun yanında üç-dörd nəfər işləməlidir ki, onlar tələblərə nəzarət etsinlər, başqa cür mümkün olmayacaq. 

Mərkəzi rayonun təşkilinin başa çatması üçün isə ilk olaraq qərar qəbul olunmalıdır. Əgər bu baş verərsə, struktur yaranar, əsasnamə təsdiqlənər. Amma bu iş daima gedəcək. Çünki şəhərdə elə bir şey ola bilməz ki, işi bu gün başlayıb, sabah bitirsinlər. Konkret hansısa tikintinin müddəti var. Amma şəhərin yaşama müddəti yoxdur. Bakının  tarixi mərkəzi şəhərin daha müqəddəs, xüsusi tələbkarlıq tələb edən bir hissəsidir. Ona görə də proseslər daima davam edəcək.  

Mən elə fikirləşirdim ki, oraya elə “Mərkəzi Rayon” adı qoyulsa, pis olmaz. Amma belə bir fikir də var ki, Səbail rayonunun əsas hissəsi mərkəzi rayonda qalacağı üçün elə ora Səbail rayonu adlansın. Düzü, bu məni o qədər də maraqlandırmır. Adamlar var ki, bunu düşünüb təkliflərini verəcəklər. Mənim üçün vacib olan odur ki, mərkəzi rayon yaransın. Çünki yaranmasa, çox qorxuram ki, 20-30 ilə Bakının mərkəzi hissəsini itirək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45