Şənbə, 20 Aprel

Gizli Mahmudovçular kimlərdir? – Sabiq nazirin gizli ordusu fəllaşır

image

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və adamlarının cinayətkar əməlləri barəsində çoxsaylı məlumatlar mövcuddur. Lakin öz əməllərinə görə məhkum olunmuş Eldar Mahmudovun cinayətkar dəstəsindəki 22 MTN-çidən yalnız 2-3 nəfər həbsdə qalıb. Sabiq nazir isə həmin şəxslərin yaxınlarına tezliklə onların da azad ediləcəyi mesajını yollayır. 

Adının açıqlanmasını istəməyən mənbənin iddiasına görə, həbs olunan bu şəxslər Eldar Mahmudovun şəbəkəsinin üzdə görünən simalarıdır. Bu cinayətkar şəbəkədə bir o qədər də bilinməyən, Mahmudovçularla gizli əlaqələrə malik şəxslər də yer alır.

Ərəstun Oruclu

Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı olan Ərəstun Oruclu MTN sistemindən çıxmış kadrdır. MTN sıralarını tərk etməsinə baxmayaraq Eldar Mahmudovun vəzifəyə təyin olunması ilə Oruclu MTN-lə əlaqələri yenidən bərpa edib. Lakin bu dəfə fərqli səviyyədə. Uzun müddət müxalif arenada təmsil olunan və tanınan Oruclu İctimai Palatanın üzvü, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəridir.

Ərəstun Oruclu eyni zamanda Almaniyanın Fridrix Nauman Fondunun Azərbaycan nümayəndəliyinin rəhbərlik edib. MTN-lə yaxın əməkdaşlığını qoruyub saxlayan Oruclu xidmətlərinin müqabilində aylıq ödəniş alıb. Onun qarşısına qoyulan əsas vəzifə isə Azərbaycan müxalifətinin içərisinə yerləşmək və xüsusilə müxalifətin Qərbli təşkilatlar və fondlarla əlaqələrini müəyyən etmək olub.

Müxalifət sıralarından siyasi fiqur kimi formalaşdırılan Oruclu 2013-cü ildə prezidentliyə müstəqil namizəd olub, lakin daha sonra Mahmudovçuların tapşırığı əsasında şəxsi təşəbbüsü ilə namizədliyini geri götürüb.

Təəccüblü bir digər məqam isə Ərəstun Oruclunun 2016-ci ildə Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından qısa müddət sonra ABŞ-a köçməsi olub. Ərəstun Oruclu hazırda ABŞ-da yaşayır və buradan ölkə gündəmi ilə bağlı analitik köşə yazıları qələmə alır.

Əbülfəz Qurbanlı

İctimai fəal və müxalif kimi tanınan Əbülfəz Qurbanlı Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində oxuduğu vaxtda keçmiş MTN tərəfindən əməkdaşlığa cəlb edilib. Verilən tapşırığa uyğun olaraq siyasi arenaya daxil olan Qurbanlı, siyasi fəaliyyətinə ilk öncə Milli Müqavimət Hərəkatı adlı təşkilatla başlayıb.

Daha sonra növbəti tapşırıqla AXCP sıralarına daxil olan Qurbanlı bir müddət sonra partiyanın Gənclər Komitəsinin rəhbərliyinə qədər yüksəlib. Hətta öz fəaliyyətini pərdələmək və partiya sıralarında güvən qazanmaq üçün 10 sutkalıq həbs olunub. Mahmudovçular tərəfindən Əbülfəz Qurbanlıya verilən tapşırıq AXCP sıralarından nüfuz qazanmaq və lazım gəldiyində partiyanın gücünü zəiflədəcək planı həyata keçirmək olub. Bütün bu fəaliyyətləri müqabilində Əbülfəz Qurbanlı MTN-dən əməkhaqqı olaraq aylıq pul alıb.

Qurbanlının AXCP-dən getməsi də Mahmudovçuların əvvəlcədən müəyyən etdikləri plana uyğun şəkildə baş verib. Uzun müddət Əli Kərimliyə sadiq olduğunu nümayiş etdirən Qurbanlı birdən birə partiya sədri ilə fikir ayrılığı yaşamağa başlayıb və partiyadan uzaqlaşıb. Mahmudovçuların seçki öncəsi AXCP-nı sıradan çıxarmaq gedişi Əbülfəz Qurbanlı sayəsində uğurla həyata keçirilib.

2015-ci ildə Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması Əbülfəz Qurbanlının fəaliyyətində kəskin dönüşlə yadda qalıb. Himayədarları sıradan çıxan Qurbanlı müxalif kimliyə bürünərək fəaliyyətini davam etdirməyə çalışır.

Hazırda Qurbanlı ictimai-siyasi fəaliyyətlə məşğuldur. Çox üzdə olmasa da siyasi hərəkatlarda təmsil olunur və dolayı yolla bu hərəkatların istiqamətləndirilməsində yaxından iştirak edir. Keçmiş siyasi məhbus Anar Məmmədli ilə yaxın əlaqələrə malik olan Qurbanlı, “seçki” istiqamətində fəaliyyət göstərir.

Şəhriyar Məcidzadə

Əbülfəz Qurbanlı ilə Milli Müqavimət Hərəkatı sıralarında olan şəxslərdən biri də Şəhriyar Məcidzadədir. Əsl soy adı Həmidov olan Şəhriyar keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğludur. Ukraynada təhsil aldığı müddətdə MTN-lə ilkin əlaqələri formalaşan Məcidzadə ölkəyə qayıtdıqdan sonra bu əlaqələri daha da inkişaf etdirib.

Ona verilən tapşırığa əsasən Məcidzadəyə Azərbaycanda gənclər sektorunda iş aparması tapşırılıb. Məcidzadə müxalif təşkilatlara qoşulmanın qarşısını almaq üçün gəncləri ətrafında birləşdirməli və gələcəkdə müxtəlif məqsədlərdə istifadə olunması üçün “fədailər” hazırlamalı idi.

Mahmudovçuların planına uyğun olaraq Məcidzadə Milli Fikir Mərkəzi adlı təşkilat yaradır və sayt açır. Sayt və təşkilatda Mahmudovçulardan birbaşa göndərilən direktivlər əsasında fəaliyyət göstərir. Bu müddət ərzində hər cür imkanla təmin olunan Məcidzadə, saxlanılsa da, “yuxarıdan” verilən tapşırıq əsasında dərhal buraxılır.

Məcidzadə Mahmudovçularla olan bu yaxınlığından istifadə edərək 2015-ci il parlament seçkilərində namizəd olur və seçki kampaniyası ərfəsində Tərtərdə bələdiyyə sədrini döyməklə gündəmə gəlir. Lakin seçkilərdən az əvvəl Eldar Mahmudovun vəzifədən vurulması onun bütün planlarını pozur. Mahmudovçuların qorumasından çıxan Məcidzadənin təşkilatına hücumlar başlayır və bir müddət sonra təşkilat sıradan çıxarılır.

Məcidzadə hazırda ətrafındakı bir qrup gənclə maarifçilik adı altında kitab mağazası açıb və gizli fəaliyyətini davam etdirir. Məlumatlara görə, Məcidzadə qarşıdan gələn parlament seçkilərində də namizəd olmaq istiqamətində hazırlıq görür.

Mahmudovçuların təxribat planları

Aydın olur ki, Mahmudovçuların bir qismi həbs olunsa da onlarla əməkdaşlıq edən şəxslər müxtəlif adlar altında öz fəaliyyətlərini davam etdirirlər. Fəaliyyətləri və tutduqları mövqelər bir daha sübut edir ki, bu şəxslər dövlətə yox, məhz Mahmudovçulara sadiqdirlər.

Diqqət çəkən əsas məqam isə bu şəxslərin seçki sistemi və maarifçilik sahələrində fəaliyyət göstərmələri və gəncləri ətraflarına toplamalarıdır. Qarşıdakı seçki prosesini nəzərə aldığımızda Mahmudovçuların hər hansı təxribata cəhd göstərəcəkləri istisna edilmir.Təəssüflər olsun ki, cinayətkar dəstənin başındakı şəxslər bu gün azadlıqdadır və revanş alacaqları günü gözləyirlər. Mahmudovçuların hər an fəaliyyətə keçməyə hazır olan tərəfdarları da veriləcək tapşırıqlar üçün hazır vəziyyətdədir.

Qeyd edək ki, bu Mahmudovçuların ifşasına həsr etdiyimiz birinci yazıdır. (konkret.az)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20