Cümə, 19 Aprel

Ərəblər cərimələndi, bəs ərəblərə görə qanun pozanlar ...

image

Hazırda ölkə gündəmini məşğul edən əsas məsələ bir qrup ərəb turistin ölkədə qadağan olmasına baxmayaraq Qax Dövlət Yasaqlığında düşərgə salıb Qırmızı kitaba düşən heyvanları ovlamalarıdır. Lakin qəribə şəkildə bəzi şəxslər və media orqanları tərəfindən məsələ fərqli istiqamətlərə yönəldilir. Sanki problem bu şəxslərin sadəcə olaraq “ərəb” olmalarındadır. Lakin çox təəssüf ki, mövzu ilə əlaqəli daha önəmli məsələlərə çox az toxunulur.

İlk olaraq onu qeyd edək ki, yasaqlıqda ovçuluq edənin hansı millətdən olmasının bir əhəmiyyəti yoxdur. Ərəb olmasın, alman olsun, bu nəyisə dəyişmir. Daha önəmli olanı bu ərəblərin necə olub yasaqlığın ərazisinə qədər gəlib çıxması, buna kimlərin imkan və şərait yaratdığıdır? 

Bildiyiniz kimi, Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq ölkəyə xarici vətəndaşların girişinə məhdudiyyətlər qoyulub. Xarici ölkə vətəndaşlarının ölkəyə gəlmələri və rahat hərəkət edə bilmələri üçün bir sıra qurumlardan rəsmi icazə almalarına ehtiyac var. Ya da bu şəxslər hər hansı rəsmi səfər çərçivəsində ya da xüsusi dəvətlə ölkəyə gəlməlidirlər. Yox, əgər xüsusi dəvətlə gəlməyiblərsə, o zaman sual olunur bu ərəb turistlər Dövlət Sərhəd Xidməti və ya Gömrük Xidmətindən necə keçə biliblər?

Hesab edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonaqları olduğu iddia edilən  ərəb turistlər hər necəsə Azərbaycana gələ biliblər. Axı ölkədə qoruq və yasaqlıqlara daxil olmaq üçün də xüsusi icazəyə ehtiyac var. Bəs bu icazəni onlara kim verib? Məsələn, mən Məmmədov Məmməd hər hansı dövlət qoruğuna girmək istəsəm bunun üçün gərək aidiyyatı qurumlardan icazə alım. Əks halda məni qoruğun yaxınlığına belə buraxmayacaqlar. Lakin ölkəmizə təşrif buyuran ərəb turistlər çox sayda avtomobillə asanlıqla yasaqlığın ərazisinə daxil olub, hətta burada çadır qurub, düşərgə salıb, ov ovlayıb quş quşlayırlar.

Necə olur ki, meşədən bir ağac kəsildiyi zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və digər qurumlar dərhal baş verənlərə reaksiya verə bilir, lakin dövlət tərəfindən qorunan heyvan cinslərinin yerləşdiyi yasaqlıqda hansısa ərəbin ov etməsindən kiminsə xəbəri olmur və baş verənlərə müdaxilə etmir?

Digər tərəfdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir ki, adları Qırmızı kitaba düşmüş heyvanların ovlanması qadağandır və buna görə həmin turistlər cərimə olunub. Birincisi ərəb turistlər hardan bilsinlər ki, bu heyvanlar Qırmızı kitaba salınıb və ovlanmaları qadağandır. Bu adamları yasaqlığın ərazisinə ov adı ilə gətirənlər görünür ki, bu məsələni izah etmək məcburiyyəti belə hiss etməyiblər.

İkincisi, deyək ki, Qırmızı kitaba düşən heyvanların ovlanmasına görə sadəcə cərimə tətbiq edilir. Bəs ərəb turist çıxıb desə ki, mən dediyiniz cərimənin 5 qatını ödəyirəm, sonra da gedib ovumu edirəm, bəs onda necə? İmkan verməliyik ki, bu heyvan növləri göz-görə ovlansın? Üstəlik Azərbaycanda bu əməlin cəriməsi nə qədərdir ki, ərəb şeyxi onun bir neçə qatını ödəyə bilməsin?

Daha da maraqlısı isə həmin bu ərəb turistlərdən birinin öz instagram hesabında yazdıqlarıdır. Ərəb turist qeyd edir ki, onlar artıq 10 ildir ki, Azərbaycana məhz ov məqsədi ilə gəlib gedirlər. Hələ üstəlik bu icazə üçün onların hər birindən 2500 dollar, hər şahin üçün isə 500 dollar məbləğində ödəniş alınıb. İndi sual edirik, bu şərtlər daxilində hər hansısa ərəb turisti günahlandırmaq nə dərəcədə uyğundur? Günahkar məsələdən xəbəri olmayan, Qırmızı kitab nə olduğunu bilməyən ərəbdirmi, yoxsa ərəbləri qonaq edənə görə susan qurumlardırmı?

Hər şey bir yana, yayılan görüntülərdən ölkəyə daxil olan ərəblərin karantin qaydalarına, ölkə ərazisində məcburi olan maskadan istifadəyə əməl etmədikləri aydın görünür. Bəs nə üçün Operativ Qərargah və Nazirlər Kabineti tərəfindən bu cür halların qarşısı alınmır? Adi vətəndaşlar üçün açıq havalarda maska taxmağı məcburi ikən, ərəb turistlərin bu cür özbaşına hərəkətlərinin səbəbi nədir? Bəlkə virus ancaq azərbaycanlılara yoluxur?
 

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28