Bazar ertəsi, 17 İyun

Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?

image

Bu gün, mayın 20-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır. Ukrayna Konstitusiya Məhkəməsi (KM) Ali Radanın keçmiş spikeri, xalq deputatı Dmitri Razumkovun qeyd etdiyi kimi, prezidentin səlahiyyət müddəti ilə bağlı şərh verməyib (sadəcə olaraq, heç kim KM-ə müraciət etməyib). Parlamentari hesab edir ki, bu, Ukrayna daxilində hər hansı mənfi nəticələrə gətirib çıxarmazdı, lakin belə bir şərhin olmaması Ukraynadan kənarda "əlavə turbulentlik" yarada bilər.

Müzakirələrin (Volodimir Zelenskinin statusu ilə bağlı - red.) mənfi təsirinə dair nüfuzlu "The Economist" nəşrində, eləcə də bir çox digər Qərb KİV-ində yazılar dərc olunub.

Vəziyyətlə bağlı məşhur ukraynalı politoloq, "Üçüncü sektor" analitik mərkəzinin rəhbəri Andrey Zolotaryov şərh verib.

- Beləliklə, Ukrayna dövlətinin başçısı hansı statusu daşıyır? Axı mayın 20-də onun səlahiyyət müddəti başa çatır.

- Ukraynada tez-tez baş verən bir hal kimi, qanunvericilik sahəsində ziddiyyətli normalar mövcuddur. Keçmiş prezident Petro Poroşenkonun komandası, çox güman ki, Konstitusiya Məhkəməsinin 2014-cü ildə verdiyi qərara işarə edərək, prezidentin tam legitim olmadığını iddia edəcək.

- Siz prezident Viktor Yanukoviçin ölkədən qaçmasından sonra parlamentin spikeri Aleksandr Turçinovun Ukrayna prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilməsi qərarını nəzərdə tutursunuz?

- Məhz belədir.

Əvvəlki suala qayıdaraq qeyd edirəm ki, Prezident Volodimir Zelenskinin tərəfdarları hakimiyyətin davamlılığının zəruriliyindən danışacaqlar və indi seçkilər üçün uyğun vaxt olmadığını deyəcəklər. Xarici tərəfdaşlar isə bu vəziyyətə barmaqarası baxır və bunun Ukraynanın daxili məsələsi olduğunu qeyd edirlər.

Məncə, hər iki tərəfin arqumentləri əsaslıdır. Amma qeyri-legitimlik ittihamlarının qarşısını almaq üçün sadə bir prinsip üzrə hərəkət etmək olardı: istənilən anlaşılmaz vəziyyətdə qanunauyğun davranmaq lazımdır. Ekspertlər, jurnalistlər, Mərkəzi Seçki Komissiyasının əməkdaşları konstitusiya normalarını şərh etməyə çalışırlar. Lakin Konstitusiya Məhkəməsinə müraciət etməyə dəyərdi. Bunu Ali Radanın 45 deputatından ibarət qrup, eks-prezidentlərdən hansısa biri edə bilərdi. Və o zaman seçkinin keçirilməməsi və müvafiq olaraq prezidentlik müddətinin uzadılması qərarının legitimliyi daha yüksək olardı.

İndi isə prezidentin statusunu iki cür şərh etmək olar. Sözsüz ki, xarici qüvvələr bundan istifadə edəcəklər və bu da daxili siyasi sabitliyə töhfə verməyəcək.

Mövcud status-kvo, nəzəri olaraq, çox uzun müddət davam etdirilə bilər, çünki hətta müharibə dayandırılsa və barışıq əldə edilsə belə, sonsuz sayda hərbi vəziyyət elan edilə və hakimiyyətin davamlılığı təmin edilə bilər. Lakin bunun heç bir yaxşı cəhəti yoxdur. Prezidentin əleyhdarları bunun, sadəcə olaraq, hakimiyyətin mənimsənilməsi mexanizmi olduğunu vurğulayırlar.

Eyni zamanda, aydındır ki, indiki vəziyyətdə seçkilərin keçirilməsi üçün normal şərait mövcud deyil. Ən azı altı milyon ukraynalı xaricdədir, bir milyon ukraynalı Silahlı Qüvvələrdə xidmət edir, bəzi regionlar elə vəziyyətdədir ki, orada seçki prosesini təmin etmək mümkün deyil. Lakin seçkilər təxirə salındıqda belə, avropasayağı hərəkət etmək lazım idi, Konstitusiya Məhkəməsi öz hökmünü verməli idi. Bu baş vermədi, bu isə o deməkdir ki, siyasi spekulyasiyalara və xarici təzyiqlərə qapı açılır və biz bunu görəcəyik.

- Bu vəziyyət iyunda İsveçrədə keçiriləcək və "Ukrayna sülh formulu"nun (həmçinin, "Zelenski sülh formulu" kimi də tanınır) müzakirə olunacağı Ukrayna üzrə sülh sammitinə təsir edə bilərmi?

- Volodimir Zelenskinin statusu ilə bağlı məsələnin hər hansı təsiri olacaqsa da belə, bu, əhəmiyyətsiz dərəcədə olacaq. Burada Qlobal Cənub ölkələri və kollektiv Qərb adlanan ölkələr arasında qarşıdurmaya daha çox diqqət yetiriləcək. Belə görünür ki, sammitdə Qlobal Cənubun aparıcı ölkələrinin nümayəndələrini görməyəcəyik. Hər şey ona doğru gedir ki, bu forum "öz aralarında görüş"ə çevriləcək. Beləliklə də sammitin, yumşaq şəkildə desək, o qədər də uğurlu alınmayacağının səbəbləri altında başqa məqamlar yatır.

- Hansı məqamlar?

- Rusiya və Çin, faktiki olaraq, hazırda dörd əllə oynayırlar. Bu, "nə üçünsə" olan dostluq deyil, ABŞ-yə qarşı yönəlib. Çin hesab edir ki, Ukrayna suveren deyil və ABŞ-nin proksi ölkəsidir. Bu həm də Moskvanın mövqeyidir ki, ABŞ ilə danışıqlara hazırdır, amma Zelenski və Ukrayna ilə deyil.

- Bəs Ukraynada "Koreya ssenarisi" üzrə (Şimali və Cənubi Koreya şimal enliyinin 38-ci paraleli üzrə bölünüblər) barışıq danışıqları haqqında nə düşünürsünüz? Bu barədə yazılar getdikcə artır. Bu yaxınlarda hətta nüfuzlu "The New York Times" nəşri də bu barədə məlumat verdi. Ukraynalılar, ekspert icması üçün bu yeni bir şeydir, hər hansı bir şok təəssüratı yaradırmı?

- Ekspert icması üçün bunda yeni heç bir şey yoxdur. Təəssüf ki, Ukrayna rəhbərliyi strateji səhvə yol verdi. Ölkə uzun sürən və gücdən salacaq müharibəyə hazır deyil. Hakimiyyət hesab edirdi ki, Qərb, ilk növbədə ABŞ, Ukraynaya istifadə edəcəyi "limitsiz kredit kartı" verəcək. Mən silah tədarükü və maliyyə yardımını nəzərdə tuturam. Hələ bir il əvvəl Xalqın Xidmətçisi Partiyasının nümayəndələri iddia edirdilər ki, bizə nə qədər lazım gələrsə, o qədər verəcəklər. Ancaq indi gördüyümüz kimi, hər şey bir az fərqli şəkildə baş verir. Məsələn, hərbi yardımla bağlı artıq altı aylıq bir gecikmə olub ki, bu da Ukraynaya insan ölümü, ərazi itkisi və iqtisadi itkilər baxımından baha başa gəlir.

Mənə aydın idi ki, 2022-ci ilin martında İstanbulda az-çox güzəştli barışıq əldə edilə bilərdi. Bu, imici qorumaqla vəziyyətdən çıxış yolu idi. İndi isə Rusiya uzun sürən müharibəni davam etdirərək, Ukraynanı, mahiyyət etibarı ilə, təslim olmağa məcbur etmək üçün "stavka" edir. Rusiya qeyri-mütənasib olaraq daha çox hərbi və insan resurslarına malikdir. Qərb və NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin bütün ehtiyaclarını qarşılamaq iqtidarında deyillər. Bu da döyüş meydanında əks olunur. Əgər məsələ hazırda Zelenskini yönləndirdikləri danışıqlar prosesinə gəlib çatarsa, o zaman Ukrayna bu danışıqlara zəif mövqedən girəcək. Bu, yeri gəlmişkən, haqqında danışdığımız sülh sammitinə də öz təsirini göstərəcək.

"Koreya ssenarisi"nə gəlincə, 38-ci paralel boyunca barışıq əsas etibarilə ABŞ və Çin arasında bağlanmışdı, Seuldan heç kim heç nə soruşmayıb. Bizdə fərqli vəziyyətdir, ABŞ, Koreyada olduğu kimi, birbaşa Ukrayna ərazisində döyüşmür.

Mövcud ayrılma xətti boyunca müharibənin dondurulması mümkündür. Amma bunu "Koreya ssenarisi" ilə müqayisə etmək olduqca şərti xarakter daşıya bilər, çünki Seul o vaxt fakt qarşısında qoyulmuşdu.

- Bəs Kiyevin fakt qarşısında qoyulması mümkün deyilmi?

- Əgər bu baş verərsə belə, ictimaiyyətə açıq şəkildə olmayacaq. Bizə danışıqlara getməyin və mövcud şərtləri qəbul etməyin zəruriliyi diktə ediləcək. Lakin sənədlərdə, "Koreya ssenarisi"ndən fərqli olaraq, Ukrayna nümayəndəsinin imzası olacaq.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33