Cümə axşamı, 02 May

Ev alarkən aldanmamaq üçün nəyə diqqət edək?

image

Mütəxəssislər bildirir ki, istər çox məzilli yaşayış binalarından mənzil, istərsə də fərdi yaşayış evləri alarkən xüsusi məqamlara diqqət etməliyik. Çünki bir çox hallarda qanunu bilməməyimiz, bu səhədən anlayışımız olmaması bizə əlavə problem yaradar. Xüsusilə tez-tez bir mənzilin bir neçə şəxsə satıldığını eşidiriksə, necə edək ki, həm pulumuzu, həm zamanımızı itirərək ziyana düşməyək?

Mövzunu əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ilə müzakirə edib.

Ramil Qasımzadə deyib ki, çıxarışla hansısa daşınmaz əmlak, fərdi yaşayış evi alarkən vətəndaşlarımız bir qədər sığortalanmış olur. Yəni həmin mənzillər notariusdan keçir, notarial qaydada alqı-satqı olur. Amma burda yenə də diqqət edilməli bir çox məqamlar var: 

“Bir şəxs mənzil alarkən ilk növbədə həmin mənzillə baxış keçirməli, mənzilin çıxarışı ilə tanış olmalıdır. Burda isə diqqət edilməli məqam var. Mənzil alan şəxs onu çıxarış adına olan şəxsdən aldığına əmin olmalıdır, çıxarışda olan mənzil sahəsinin reallıqda olub-olmaması müəyyən edilməlidir. Çünki notariusa gedən zaman notarius mənzilin sahəsini ölçmür. Belə olan hallarda bəzən vətəndaşa hansısa böyük sahəni göstərib, satılarkən isə başqa sahə satılır. Mənzil alarkən Dövlət Reyester Xidmətindən arayış alınır. Bu arayış həmin mənzilin girovda olub-olmamasını müəyyən etmək üçündür. Amma vətəndaş hər zaman çıxarışda olan sahənin aldığı sahə ilə uyğun olub-olmamasına diqqət etməlidir".

Ekspert deyib ki, digər bir məqam satılan mənzildəki insanların qeydiyyatı ilə bağlı problemlərdir:

“Vətəndaş həmin mənzildə kimlərin qeydiyyatda olması ilə maraqlanmalıdır. Çünki bir çox hallarda daşınmaz əmlak alan şəxsin adına keçsə də, köhnə sahibi olanlar evdən çıxmır. Qeydiyyatla bağlı məsələlər növbəti dəfə alqı-satqı edəndə problem yaradır. Ümumiyyətlə qeydiyyatla bağlı problemlər olduğuna görə, məsələn, vətəndaş evini satarkən sənədsiz evlərə qeydiyyata düşə bilmədiyinə görə bu məsələ problemlər yaradır. Gələcəkdə də həmin vətəndaş mülkiyyət hüququnu tam bərpa etmək üçün məcbur olur ki, evdə əvvəldən qeydiyyatda olan şəxsləri məhkəməyə verərək, onların qeydiyyatını ləğv etsin. Bu da həm vaxt, həm də artıq məsrəf aparır. Mütləqdir ki, vətəndaş əvvəlki ev sahibi ilə qeydiyyatla bağlı məsələlərin necə həll olunacağı ilə bağlı danışsın. Notariusda bir ay vaxt qoyulsa da, bir çox hallarda onlar qeydiyyatdan çıxmır, bu da problemlərə səbəb olur”. 

Ramil Qasımzadə vurğulayıb ki, mənzil alarkən mütləq bazar araşdırması aparılmalıdır:

“Yaxşı olar ki, bu zaman maklerlərin tövsiyələri iə kifayətlənməsinlər. Əmlakın qiymətlədirilməsi ilə məşğul olan şirkətlərə müraciət edib, onlardan xüsusi rəy alsalar daha yaxşı olar ki, həmin mənzilin real bazar dəyərini öyrənərlər. Diqqət edilməli məqam isə vətəndaşların aldıqları evin qiymətini notariusda düzgün qeyd etməsinin vacibliyidir. Çünki elə hallar var ki, vətəndaş 100 minə ev alırsa, ona deyir bank faizini artıq verməmək üçün məbləği daha az, məsələn 60-70 min və s. göstərək. Halbuki bu rəqəm çox kiçikdir, 0.2 faizdir. Mən isə vətəndaşlara rəqəmləri azaltmağı tövsiyə etmirəm. Gələcəkdə hər hansı bir problemin olmaması üçün və ya mənzilin köhnə sahibi ola bilər deyər ki, mən evi qaytarıram. Bu da 6 ay ərzində mümkündür. Mənzil qaytarılan zaman isə notariusda əksik pulun verilməsi ilə bağlı problemlər ola bilər. Ona görə də vətəndaşlara tövsiyə edərdim ki, hətta verdikləri behi də üstünə gəlməklə notariusda düzgün rəqəmləri qeyd etsinlər”. 

Fərdi yaşayış evlərinin alqı-satqısı haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, fərdi yaşayış evlərinin alqı-satqısında isə torpaqla bağlı məqamlara xüsusi diqqət yetirilməlidir:

"Xüsusilə baxmaq lazımdır ki, fərdi yaşayış evinin torpaq mülkiyyəti kimin mülkiyyətindədir, yəni xüsusi mülkiyyətdir, bələdiyyə mülkiyyətidirmi? Məsləhət görərdim ki, fərdi yaşayış evlərini alarkən mütləq əvvəldən evin qiymətləndirilməsi aparılsın. Çünki mənzillər kimi, onlara anoloji yanaşma yox, fərdi yanaşma olmalıdır. Tikintisində istifadə edilən materiallara, evin konstruksiyasına, tikilişinə, sənədlərə diqqət edilməlidir. Torpaq sahəsinin real olmasına, evin göstərilən ərazidə tikilməsinə fikir verilməlidir. Vətəndaşlar da mütləq şəkildə çıxarışı olan fərdi yaşayış evlərini almağa diqqət etsinlər. Torpaq sahəsinin də xüsusi mülkiyyətdə olması nəzərə alınmalıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15