Cümə, 03 May

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

image

Bir müddətdir ki, sosial şəbəkələrdə toyların qadağan edilməsi ilə bağlı dəqiq olmayan informasiya yayılmaqdadır. Antiterror əməliyyatları zamanı 192 şəhid olmasına görə bəzi insanlar toy mərasimlərinin qadağan edilməsinin tərəfdarıdır.

Ölkəmizdə bu ərəfələrdə şənliklərin keçirilməsi, həmçinin əyləncəli paylaşımlar və ab-hava heç də birmənalı qarşılanmır.

Təbii ki, bu günlərdə əvvəlcədən təyin olunan toy mərasimləri bas tutsa da, bəziləri bunu müəyyən qədər məhdudlaşdırmış olaraq həyata keçirdi. Hətta bəzi sənət adamları da əvvəlcədən təyin edilən konsertlərini təxirə saldığını bildirdi.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, hökumət, əlaqədar qurumlar səviyyəsində toyların qadağan olunması doğru məlumat ola bilməz:

“Bu birmənalı olaraq hər kəsin qeyrət, vicdan məsələsidir.

Toyların qadağan olunması ilə bağlı dəqiq bir qərar yoxdur və belə bir qərar düşünürəm verilə bilməz. Bilirəm ki, toyu şəhidlərimizin olduğu günlərə təyin olunmuş bir çox məclislər ya səs-küysüz keçirildi, sonrakılar isə təxirə salındı.

Təbii ki, toy sahibi də toya hazırlaşan zaman müəyyən xərclər çəkir, amma heçnə şəhidlərimizdən əziz deyil. Ona görə də vətəndaşlarımız bu cür müdriklik, həmrəylik göstərərək şəhidlərimizin xatirəsinə görə toylarını təxirə saldı. Bunu hər kəs başa düşdüyü üçün qadağan edilməsinə gərək yoxdur”.

Deputat onu da qeyd edib ki, toyunu təxirə sala bilməyənlərin müəyyən etik çərçivədə məclislərini keçirməsi yaxşı olar:

“Belə olan halda insanlar bunu şəhidlərimizə hörmətsizlik kimi qəbul etməzlər. Şəhidlərimizin olduğu bir dönəmdə bir tərəfimizdə yas, digər bir yandan şənlik düzgün qarşılanmaz.

Ola bilsin ki, hansısa toylar olur amma başa düşmək lazımdır ki, əvvəlcədən danışılıb və saxlamaq olmayıb. Amma bu ərəfədə toy edən hər bir ailə də şəhidlərimizi yaddan çıxarmamalıdır”.
Sosioloq Lalə Mehralı bildirib ki, hazırkı vəziyyətdə restoran axtarmaq, toy vaxtı təyin eləmək kimi məsələlər bizim mental dəyərlərə ziddir:

“Bəzən deyirlər “xeyirlə şər qardaşdır” və yas mərasiminə görə vaxtı təyin edilmiş toy mərasimlərini təxirə salmırlar. Amma mən bu məsələ ilə barışa bilmirəm. Çünki tarixən Azərbaycanda elə bir mental xüsusiyyət formalaşıb ki, qonşuda yasdırsa, sən evində hətta televizor belə açmamalısan. Yəni kənardan kimsə eşidər, pis qəbul edərdi.

Bu da başqasının acısına hörmət, ehtiram əlaməti sayılırdı. Hazırki vəziyyət başqasının acısı, başqasının şəhidi deyil, elin şəhidi olduğu üçün, şəhidlərə rəğmən toy etmək insanlıq məsələsidir.

Düzdür vaxtı yaxın olan, dəvətnamələri paylanan toylar var.Yəni bu cür, üzürlü səbəbdən toyunu etməli olan ailələri başa düşmək olar”.

Sosioloqun fikrincə, şəhidlərə görə toylara qadağa qoymaq doğru deyil, bunu insanlar özləri düşünərək etməlidir:

“Hesab edirəm ki, hazırda əl-ələ verərək şəhidlərin xatirəsinə hörmət olaraq bir müddət toy-şənlik mərasimlərini təxirə salmaq heç kim üçün çətin olmaz. Burada artıq vaxtım təyin olunmuş toyları nəzərdə tutmuram.

Köhnə zamanlardan hamı bir-birini başa düşüb, acısını öz acısı kimi qəbul etdiyi kimi indiki vaxtda da eynilə belə etmək yaxşı olardı. Hər hansı bir qadağanın qoyulması düşünürəm lazım deyil. Çünki insanlara nəyisə qadağan etmək, o deməkdir ki, insan özü bunu başa düşmür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15