Şənbə, 04 May

Araik Arutunyanın sonu necə olacaq? - ŞƏRH

image

"Qarabağ separatçılarının lideri Araik Arutunyanın sonu necə olacaq? Bu sual ona görə aktualdır ki, son günlər Xankəndidə qarşıdurmaların və atışmaların sayı artıb".

Xəbər verilir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Araik Arutunyan İkinci Qarabağ müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistanın baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi. 

"Azərbaycan Ordusu müharibə günlərində Arutunyanın yerini müəyyənləşdirməyə çalışırdı. O məhv olunmalıydı. Çünki Arutunyan Gəncə və digər şəhərlərimizin bombalanması əmrini verdiyini açıq ifadə etmişdi. Həmin zərbələr nəticəsində yüzlərlə mülki vətəndaşımızı itirdik. Arutunyan müharibədən sağ çıxdı. O istefa verib aradan çıxmağa çalışsa da, Moskvadan icazə vermədilər. Müharibədən sonra Arutunyan artıq Moskvanın nəzarətinə keçmişdi. O indi də istefa vermək istəyir, ancaq Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq".

Siyasi şərhçi qeyd edib ki, Arutunyan “vəzifəsinin” icrasına davam edərsə, bu separatçıların və bölgənin erməni sakinlərinin durumunu daha da ağırlaşdıracaq:

"Çünki Araik Arutunyan Azərbaycanın hökumət təmsilçiləri ilə görüşə neqativ yanaşır. Üçüncü qüvvənin iştirakı ilə neytral zonada dialoqun mümkünlüyünü bildirib. Buna isə rəsmi Bakı razılaşmayacaq. Bu gedişat Qarabağdakı ermənilərin sosial problemlərini dərinləşdirəcək. Qazları, elektrikləri, internetləri kəsiləcək, bunların hamısı işğal dönəmində qanunsuz çəkilib. Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmayana qədər işğal dövründəki rahat həyatlarına qayıda bilməyəcəklər. 

Bu vəziyyətdə Qarabağ erməniləri və əli silahlı separatçıların bir qismi Araik Arutunyanı hədəf götürəcəklər. Nə qədər ki, separatçılar torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizin nemətlərindən istifadə edirdilər, onlar fikir birliyi içində idilər, elə ki, müharibədə məğlub oldular və Laçın yolunda sərhəd keçid məntəqəsi yaradıldı, aralarında ixtilaf dərinləşdi və günahkar axtarışına çıxdılar. Bu durum separatçıların öz aralarında silahlı qarşıdurmaya gətirəcək. Araik Arutunyanı bizdən əvvəl elə özləri bitirəcəklər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15