Şənbə, 20 Aprel

“SƏSSİZ” MÜHARİBƏ... - Onlarla tanker sıradan çıxarılıb, milyardlarla dollar ziyan vurulub...

image

İsrail artıq iki il yarımdır ki, İrana qarşı “səssiz” hərbi kampaniya aparır və bu kampaniya çərçivəsində İslam Respublikasının onlarla neft tankeri sıradan çıxarılıb, milyonlarla dollar ziyan vurulub.

Aftafa.tv xəbər verir ki, “The Wall Street Journal” qəzetinin bir neçə gün əvvəl dərc edilən araşdırmasında bu haqda danışılır. Qəzet yazır ki, İsrail sistemli şəkildə İrandan Suriyaya neft qaçaqmalçılığının qarşısını alıb, ən azı 12 gəmini zədələyib. ABŞ-dakı mənbələrin bildirdiyinə görə, bu əməliyyatlar İrana neft qaçaqmalçılığından əldə olunan gəlirləri “Hizbullah”a ötürməsinin qarşısını almağa yönəlib.

Qəzet Yaxın Şərqdəki kəşfiyyat mənbələrindən də bu əməliyyatlar barədə məlumatlar əldə edib.

İsrailin “Haaretz” qəzeti isə ABŞ nəşrinin bu araşdırmasının İran tankerlərinə qarşı həyata keçirilən əməliyyatların ancaq bir hissəsini əks etdirdiyini yazır. Bildirilir ki, əslində İsrail onlarla hücum həyata keçirib, bir çox gəmilərin hərəkətinin qarşısını alıb, İrana milyardlarla dollar zərər vurulub.

İran tankerləri hər reysdə ən azı 1 milyon barrel neft daşıyırdı və həmin neftin qiyməti bazar qiymətlərindən asılı olaraq 50 milyon dollardan çox olurdu. Marşrut İranın cənubundakı limanlardan başlayır, tankerlər Qırmızı dənizdən və Süveyş kanalından keçərək Aralıq dənizinə daxil olur. Elə hallar da olub ki, yük daha uzaq və dolayı yolla, Afrika qitəsinin ətrafına dolanmaqla, Hibraltar boğazından keçməklə daşınır, oradan Aralıq dənizinə keçir. Sanksiyalardan yayındırılan İran neftini daşıyan tankerlər Suriyanın şimalındakı Baniyas limanına yan alır. Bu liman Tartus və Latakiyə arasında yerləşir.

Marşrut Qərb kəşfiyyatı tərəfindən hələ 2018-ci ildə aşkarlanıb. İsrail kəşfiyyatı isə vəziyyəti təhlil edərək belə qənaətə gəliblər ki, iranlılar “Hizbullah”ın silahlanmasını maliyyələşdirməyin yolunu tapıblar. Pullar İran neftinin əvəzinə suriyalı biznesmenlər tərəfindən “Hizbullah”a ötürülüb.

İsrail kəşfiyyatının keçirdiyi əməliyyatlar nəticəsində İran gəmiləri Qırmızı dənizdən başlayaraq Suriya sahillərinə qədər keçdikləri marşrutların müxtəlif nöqtələrində zədələniblər. Belə əməliyyatlardan birində, 2019-cu ilin oktyabrında İran tankeri Qırmızı dənizdə, Yəmən sahillərində partlayıb.

Bir çox digər hallarda isə “nöqtəvi” diversiyalar həyata keçirilib, nəticədə İran tankerlərinin kritik əhəmiyyətli sistemləri sıradan çıxarılıb. Bu zaman hansısa güclü partlayıcı maddələr və ya raketlər istifadə olunmayıb.

Bəzi hallarda gəmilərin yolunu davam etdirməsi mümkün olmayıb və iranlılar onu yedəyə alaraq geri aparmalı olublar. Əməliyyatlar zamanı insanlara ziyan dəyməyib, ətraf mühit korlanmayıb və dənizə neft axmayıb.

Bu il fevralın sonlarında israilli biznesmenə aid olan yük gəmisi Oman körfəzində mina partlayışı nəticəsində zərər çəkib. Belə görünür ki, bu insident İranın hücumlara cavab verə biləcəyinə dair ilk siqnal idi.

Qəzet yazır ki, son iki ildə İsrail Hərbi Dəniz Qüvvələrinin çoxsaylı personalı mükafatlandırılıb və təltif olunub. Bu da İrana qarşı əməliyyatların miqyasından xəbər verə bilər.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20