Şənbə, 04 May

Nüşabənin qızının toyunun əks-sədası: “Ortada böyük pullar fırlanır”

image

Müğənni Nüşabə Musayevanın qızının Türkiyədəki toyunun müzakirələri davam edir. 

Sənətçinin toyda qızına verdiyi qızıllar, boynuna asdığı dollarlar geniş marağa səbəb olub. Onun bu addımı bəzi sosial şəbəkə istifadəçilərinin sərt tənqidi ilə üzləşib. 

Müğənninin ard-arda bu qədər bahalı hədiyyələr verməsi ifrata varmaq kimi qiymətləndirilib. 

Məsələ ilə bağlı danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycanda toylar kommersiya məqsədi daşıyır: 

"Son zamanlar Azərbaycanda bir çox sahədə olduğu kimi, toyların da kommersiyalaşdırılması prosesi gedir. Bunun ətrafında həm restoranlar, həm qida sənayesi, həm də bütövlükdə şadlıq evləri şəbəkəsi pul əldə etməyə başlayıblar. Ortada çox böyük pullar fırlanır və toydakı pullar bəzən "çirkli pullar"a qədər gedib çıxa bilir. Bu bütün dünyada var və Azərbaycanda da normal qəbul etməliyik, çünki toy biznesi özünəməxsus inkişaf mərhələləri keçir. Azərbaycanda onun ilkin və bir qədər də mürəkkəb formasını görürük. 

Bizimkilər hər şeyin aşırı dərəcədə təmtəraqlı olmasını sevirlər. Ona görə ölkənin tanınmış iş adamları, məmurları, müğənniləri toyla bağlı elə şeylər edirlər ki, dünyanın ən geridəqalmış ölkələrində belə bunu görmürük. 

Bu yaxınlarda müğənnilərə xeyli pul verib sünnət toyu edən iş adamından tutmuş, aşırı dərəcədə qızıl-zinyət əşyalarını alıb qızının toyunda cəmiyyətə nümayiş etdirərək taxan müğənnilərin şahidi olduq. 

Dünyanın bir çox ölkəsində qeyri-adi toy nümunələrini görürük, məsələn, suyun altında toy edənlər, toydan sonra bəy-gəlinin paltarlarını yandıranlar var. Amma Azərbaycandakı kimi yeməklərin israf olunmasını, 500-600 nəfərin güc-bəla ilə toya dəvət olunmasını xarici ölkələrin heç birində görə bilməzsiniz".

Onun sözlərinə görə, toya çağırılan qonaqların əksəriyyəti məclisdə könülsüz və məcburən iştirak edir: 

"Bu gün toylara gedəndə görürük ki, yaxın qohum-əqrəba, dostlar xaricində hər kəs istəməyə-istəməyə gəlib məclisdə oturub. Bu, 100 faiz belədir. Onlar toya pul atmaq istəmirlər, çünki iqtisadi vəziyyət ağırdır, insanlar toya, yasa, ad gününə, əsgər qarşılamaya, xınayaxdıya, nişana getməkdən beziblər. hər yerə də "nəmər" atmaq lazımdır deyə, insanlar istəməyə-istəməyə, qara enerji ilə bu məclislərə gedirlər. 

Fikrimcə, bu tipli toylardan imtina etmək lazımdır. Ümumiyyətlə, insanlar ildə bir dəfə görüşdükləri uzaq qohum-əqrəbaların toyuna getməməlidirlər. Məsələn, mən belə toylara getmirəm və fikirləşirəm ki, bununla heç nə itirmirəm. Öz övladlarımın toyuna da onları dəvət etməyəcəyəmsə, niyə gedim? Bəzən kasıb insanlar olur, onların toyuna gedib kömək məqsədi ilə "nəmər" atmaq olar, onlar istisnadır. Lakin ümumilikdə toyu alverxanaya çevirmək olmaz. İki gəncin evliliyindən pul qazanmamalısınız". 

Kulturoloq N.Musayevanın addımını belə qiymətləndirib:

"O ki, qaldı Nüşabə Musayevaya, o, bizim şou-biznesdə az-çox tanınan xanımdır. Bilmirəm bunu nə üçün edib. Hər bir halda, valideyndir. Hər valideyn istəyir ki, öz toyu təmtəraqlı olsun, amma Nüşabə xanım bunu başqa formada da edə bilərdi. 

Məsələn, mən o vaxt oğluma kiçik toy etdikdə insanlardan "nəmər" almamışdım, bunu qonaqlıq kimi etmişdim. Çadır quruldu, ifrata qaçmadan yeməklər hazırlandı, müğənnilər gəldilər, maraqlı da keçdi. Bizim məşhurlarımız da bu metoddan istifadə edə bilərlər. Niyə gedib nişanı, xınayaxdını qocalar evində, uşaqlar evində etməsinlər? Həm oradakı şəxslər sevinər, həm də qeyri-adi toy olar". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15