Şənbə, 20 Aprel

“Hamı 13 yaşlı qızı əxlaqsızlıqda, tərbiyəsizlikdə günahlandırır...”

image

“Son günlər gündəmi zəbt edən, hər birimizdə dərin təəssüf hissi doğuran məlum hadisə bir çox məsələnin yenidən gündəmə gəlməsinə böyük zərurət yaratmış oldu. Burda ən başlıca amil ailələrdə valideyn-övlad münasibətinin düzgün nizamlanmaması, ailə üzvlərinin bir-biri ilə keyfiyyətli ünsiyyətinin olmaması, sağlıqlı təhsil mühitinin yaradılmaması və uşaqları bir yaşa qədər telefon istifadəsindən yayındırmamaqdır...” 

Bu sözləri danışan “Narınc” Psixologiya mərkəzinin Yeniyetmə və Yetişkinlər şöbəsinin müdiri Elnarə Əliyeva deyib. 

Bir neçə gün öncə Tovuzda 13 yaşlı qızın evli kişi ilə qaçması məsələsi barədə danışan psixoloq qeyd edib ki, bu cür hadisələrin yaşanmasında ən az günahı olan şəxs yeniyetmədir: 

“Təbii ki, telefon dövrün tələbatına çevrilib. Amma buna baxmayaraq,  müəyyən bir yaş dövrünə qədər uşaqlara telefon məhdudiyyətlərlə verilməli, verilsə belə, nəzarət olunmalıdır. Çünki sosial mediada onların təhlükəsizliyinə zərər gətirə biləcək kifayət qədər informasiya mövcuddur. Yəni bizim gördüyümüz, eşitdiyimiz sadəcə nəticədir. Və təəssüf ki əksəriyyət nəticəni müzakirə edir. Halbuki nəticəyə gətirən səbəblər ələ alınsa, bir çox şeyin gedişatını dəyişmək mümkün olar. Yəni onu deyə bilərəm ki, bu məsələdə ən az günahkar həmin o 13 yaşlı uşaqdı. Amma paylaşılan şərhlərə, fikirlərə baxsaq, görərik ki, nədənsə, hamı o qızcığaza yüklənib. Onu əxlaqsızlıqda, tərbiyəsizlikdə günahlandırıblar. 10-13 yaşlı bir uşağı biz nə ilə qınaya bilərik? Hansı ki hər kəsin təfəkkür səviyyəsi, alqılama şəkli eyni ola bilməz. Bəzən o yaşda analiz zəifliyi görülür. Sevgisiz, diqqətsiz böyüyən bir uşaq, bir az da geriliyi varsa, təbii ki asanlıqla kiməsə aldanıb gedə bilər. Əgər burda məsuliyyəti kiminsə üstünə yükləmək lazım gəlirsə, mən deyərdim ki, bu bir nəfər və ya bir hadisə deyil. Ailə, şərait, məktəb, dostlar, təfəkkür- hər biri ayrılıqda rol oynayır”. 

Onun sözlərinə görə, valideynlər yeniyetmə övladları ilə aralarındakı problemləri həll edə bilmirlərsə, bu zaman mütləq psixoloqa müraciət etməlidirlər: 

“Bu cür hadisələr əksər hallarda sevgisizlikdən və diqqətsizlikdən yaranır. Hər kəsin, hər bir insanın ən təməl ehtiyaclarından biri bağlanmaqdır. Və əgər uşaq o ehtiyacı valideynlə ödəyə bilmirsə, valideynlə sevgi alış-verişində ola bilmirsə, onda şüursuzca başqasına bağlanacaq. Təəssüf ki, o dönəmdə bağlandığı insanın təsirinə asanlıqla düşmək imkanı yaranacaq. Valideynlər ilk olaraq öz üzərlərinə düşən ən böyük məsuliyyəti, sağlam valideyn-övlad münasibəti yaratmağa çalışmalı, əgər hansısa narahatlıqlar görüb və onu həll etməkdə çətinlik çəkirlərsə, mütləq psixoloqa müraciət etməlidirlər. 

Ümumiyyətlə, qeyd etdiyim kimi, yeniyetməlik dövründə uşaqlarda telefon asılılığının qarşısı alınmalıdır. Onların enerjilərinin daha faydalı məşğuliyyətlərə, zehni, fiziki inkişafa yönləndirilməsinə çalışılmalıdır. Sosial şəbəkələrdə onları çaşdıracaq, tələyə salacaq kifayət qədər neqativ informasiya və insanlar mövcuddur. Ona görə də ailələr bu istiqamətdə daha duyarlı olmalı və uşaqları ilə doğulduğu andan keyfiyyətli münasibət qurmağa çalışmalıdırlar”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20