Cümə, 29 Mart

“Tərtər işi” üzrə bəraət almış üç nəfərə böyük məbləğdə təzminat ödəniləcək

image

“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxslərdən 3 nəfərinin təzminat tələbi təmin olunub.

Əldə etdiyimiz xəbərə görə, üç nəfərə ümumilikdə 361 min manat təzminat ödəniləcək.

Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda bəraət almış Müşfiq Əhmədliyə mənəvi ziyana görə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat, ümumilikdə 123 min 486 manat təzminat ödənilməsi qərara alınıb.

Digər iki iddiaya isə Nəsimi Rayon Məhkəməsində hakim Nail Abbasovun sədrliyi ilə baxılıb.

Ayrı-ayrılıqda baxılan iddialar üzrə elan olunmuş qərarlara əsasən, bəraət almış Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 879 min manat, ümumilikdə 118 min 879 manat, Vəli Xəlilova mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 649 manat, ümumilikdə 118 min 649 manat təzminat ödənilməsi barədə qərar qəbul olunub.

Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Lakin nazirlik məhkəməyə yazılı şəkildə izahat göndərib. İzahatda deyilir ki, nazirliyin hərəkətləri nəticəsində bu şəxslərə ziyan dəymədiyinə görə cavabdeh qismində cəlb olunmamalıdır. Məhkəmə nazirliyin mövqeyini əsassız sayıb.
Kompensasiya kəsilmiş hər üç şəxs Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAXE) olublar. Onlar 2017-ci ildə “Tərtər işi” üzrə həbs olunub, 2022-ci ildə bəraət alıblar.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.

Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb.

Əlavə istintaq zamanı qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.

Eyni zamanda istintaqla mərhum Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə ilə əlaqədar bütün xüsusatlar araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45