Şənbə, 20 Aprel

Həyət evlərinin qiyməti kəskin artacaq, mənzillər isə... – Bazarda nə baş verir?

image

“Tikinti materiallarının qiymətlərinin artımı birbaşa tikinti xərcini artırır. Bu isə daha çox fərdi həyət evlərində qiymət artımına gətirib çıxarır. Həmçinin, yeni tikili binalarda da tikintinin maya dəyərinə təsir edir. Doğrudur, tikinti materiallarının qiymətləri elə də fantastik dərəcədə artmır, amma yenə də kiçik bir artımı görürük”.

Bu sözləri açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, “tikinti bazarında artan tikinti materiallarının qiyməti fonunda mənzil və fərdi yaşayış evlərində qiymət artımının olub-olmayacağı” il bağlı səslənən suala cavab verib.

Mütəxəssisə görə, yenə də istənilən halda tikinti materiallarının qiymət artımı həm tikinti, həm də təmir xərclərini artırır:

“Çünki təmirin qiymətinin də baha başa gəlməsi öz-özlüyündə satışa təsir edir. Ona görə ki, mənzilin və fərdi evlərin maya dəyəri nə qədər bahalaşırsa, bunlar da məcbur qalıb onu baha qiymətə satırlar. Bu da az-çox qiymətlərə öz təsirini göstərir”.

O, əlavə edib ki, yay aylarında torpaq sahələri və fərdi həyət evlərinə tələbat artır:

“Bu artdıqca da qiymətlərə öz təsirini göstərir. Hər il aprel-may aylarından başlayaraq, həyət evi bazarında ciddi müştəri çoxluğu olur və müştəri çoxluğu da qiymətləri artırır. Amma sentyabr ayından sonra torpaq və fərdi həyət evlərinin qiymətlərində enmələr olur, ta növbəti ilin aprel-may aylarına qədər”.

İqtisadçı ekspert Asif İbrahimov isə söyləyib ki, qiymət formalaşması hər hansı bir məhsula çəkilən xərclər və onun maya dəyərinin əsasında təşkil olunur:

“Yəni hər hansı bir maya dəyəri müəyyən olunur və onun üzərinə 5-10% mənfəət qoyulur və yekun qiymət ortaya çıxır. Əgər xərclərin maya dəyəri yüksək olursa, hansısa məhsulun qiyməti istər-istəməz yüksək olacaq”.

İqtisadi analitikə görə, burada bir digər məsələ də var ki, bu da tələb-təklif amilini formalaşdırır:

“Yay aylarında hər zaman tikinti işləri artır. Çünki insanlar soyuq havalarda buna üstünlük vermirlər. Taxtaya gəldikdə isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, müəyyən sahələrdə qıtlıq yaransa da, bəzi sahələrdə, o cümlədən taxtada da tələbat azalmışdı. Bununla bağlı da qiymətlər aşağı düşməyə doğru getmişdi”.

“Amma qiymətlər sonradan yenidən artmağa başladı. Bu məsələnin kökündə dayanan isə xərclərdir. Yəni xərclər – maya dəyəri nə qədər yüksək olarsa, qiymət də bir o qədər yüksək olacaq. Tutaq ki, taxtanın Azərbaycana gətirilməsində çəkilən xərclər – alış qiyməti, yol qiyməti, vergi və digər xərclər nə qədər çox olarsa, bu, bir o qədər də qiymətə öz təsirini göstərəcək və qiymət də ona əsasən, müəyyənləşəcək”, – o, əlavə edib.

Ekspert təklif edib ki, Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı münbit şərait yaradılmalıdır ki, daha çoxu burada istehsal olunsun:

“Hətta elə tikinti materialları var ki, Azərbaycanda istehsal olunur, lakin onu ərsəyə gətirmək üçün tələb olunan xammal xaricdən gətirilir. Bu səbəbdən də istər-istəməz yekun qiymətə öz təsirini göstərir.

Biz elə bir şərait yaratmalıyıq ki, daxildə ucuz məhsul və xammal əldə edək. Bunu əldə etmək üçün də ya şərait olmalı və münbit mexanizm, təşviqetmə məsələləri hazırlanmalıdır. Yaxud da boynumuza almalıyıq ki, biz bunu bacarmırıq, ona görə də Ümumdünya Ticarət Təşkilatına üzv olmalı və deməliyik ki, kim bacarırsa, gətirib bizə ucuz məhsul versin. Başqa yol yoxdur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20