Çərşənbə, 24 Aprel

Laçına köç nə vaxt başlayacaq?

image

“Böyük Qayıdış” prosesinin, ilk növbədə, Zəngilanın Ağalı kəndindən başlamasından sonra dövlətimizin işğaldan azad olunan ərazilərdəki təmir-bərpa və quruculuq işləri aparması torpaqlarından didərgin düşmüş həmyerlilərimizin yaxın vaxtlarda yurd-yuvalarına qayıtmasına gətirib çıxaracaq.

Belə ki, Ağalıdan sonra əsas prioritet kimi götürülən bölgə məhz Şərqi Zəngəzurun “üzük qaşı” adlandırılan Laçındır. 

Dağların ətəyində, yaylaq yerləri ilə məşhur olan bu rayonun əhalisi də yaxın zamanlarda öz torpaqlarına ayaq basacaqlar. 

Dövlətimizin hərbi-siyasi gücü nəticəsində erməni tapdağından azad olan Laçın bu gün də dövlətimizin iqtisadi gücü sayəsində çiçəklənir və şaxələnir.

Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan təmir-tikinti işləri bu gün son sürətlə davam edir, o zaman təsdiqləyə bilərik ki, yaxın 2-3 ildə həmyerlilərimizin bir çoxu Laçın, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərə yenidən qayıdacaq. Nənə-babalarından bu torpaqların adını nağıllarda eşidən balaca uşaqlar artıq həmin yerləri özləri görəcək və şəhidlərimizin onlara əmanət etdiyi bu torpaqlarda böyüyəcəklər.

 Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov da eyni rəyi bölüşüb.

O, təsdiqləyib ki, “Böyük Qayıdış” Zəngilan rayonunun Ağalı kəndindən başlayıb, növbəti köçlər isə Laçın rayonuna olacaq:

“Yəni Laçın şəhəri, Zabux və Sus kəndlərinə də həmyerlilərimiz qayıdacaq. Ola bilər ki, ətrafdakı yaşayış məntəqələrinə də köçmələr olsun. İnşallah, bu ilin payızında, yəqin ki, 450 ailənin Şuşaya köçü baş tutacaq”.

Millət vəkilinə görə, bu, dövlətimizin yeritdiyi daxili və xarici siyasətin uğurundan, dövlətin iqtisadi gücündən və millətin doğma yurda bağlılığından xəbər verir:

“Bizim hər birimiz doğma yurd-yuvamıza qayıtmaq həsrəti ilə yaşayırıq. O insanlar xoşbəxtdir ki, artıq onlara qayıdış nəsib olub. Cocuq Mərcanlı və Ağalıdan başlayan “Böyük Qayıdış”ın növbəti məntəqələri Laçın, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərdə olacaq. 

Yəni işğaldan azad etdiyimiz bütün ərazilərimizə qayıdışlar tədricən, hissə-hissə başlayıb və proses getdikcə sürətlənəcək”.

E. Məmmədov hesab edir ki, bu, eyni zamanda bizim sülh siyasətimizdən xəbər verir:

“Gördüyümüz işlər isə onu göstərir ki, biz qayıdışla bağlı heç bir şeydən ehtiyat etmirik. Ordumuz güclüdür, sərhədlərimizdə sərhədçilərimiz dayanıb, asayiş, təhlükəsizlik təmin olunub, qayıdış yerlərində təhlükəsizlik tədbirləri görülüb və görülməkdə davam edir. 

Bütün infrastruktur yaradılır, enerji təminatı, su və qaz təchizatı, rabitə və təhlükəsizlik məsələlərinin həlli davam edir. Bunlardan heç də az vacib olmayan işlə təminat məsələləri ki var, onlar da həll olunur. O cümlədən səhiyyə və təhsil obyektləri hazırlanıb istifadə verilir. Qısası, bu məsələlər kompleks şəklində həllini tapır”.

Müsahibimiz sözlərinə görə, hər birimiz bunun şahidi olacağıq ki, yaxın günlərdə Laçına və digər bölgələrimizə köçlər başlayacaq:

“Bu gün Laçında sürətli işlər gedir. Evlərin yenidən tikilməsi, bərpası, lazım olan işlərin görünməsi davam edir. 

Eyni zamanda bu proses Ağdam, Şuşa və Füzulidə də gedir. Bu isə hamımızı ruhlandırır və sevindirir. Bunların əsasını təşkil edən isə dövlətin apardığı düzgün siyasət, onun iqtisadi gücü və imkanlarıdır”.

Milli Məclisin deputatı diqqəti ona yönəldib ki, bu məsələlərdə başda qardaş Türkiyə olmaq şərti ilə bizə kömək edən bir neçə dövlətin adını çəkmək olar:

“Ancaq işin 99%-nin gücü bizim üzərimizə düşür. Hesab edirəm ki, bu məsələlər sürətləndikcə, eləcə də doğma yurd-yuvamızda yaşayış başlandıqca, bu, həm də əmin-amanlıqdan xəbər verəcək. 

Artıq beynəlxalq qurumların nümayəndələri, habelə ölkəmizdəki müxtəlif tədbirlərə gələn şəxslərin o ərazilərə təşkil olunan səfərləri onlarda da belə bir fikir yaradır ki, Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib, Azərbaycan 30 ildən artıq erməni işğalında olan torpaqlarını düşməndən azad edib və o ərazilərin insanları doğma yurd-yuvalarına qayıdıblar”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33