Cümə axşamı, 28 Mart

Öz xalqına düşmən kəsilən “molla rejiminin” edam dalğası

image

Cənub qonşumuz İran bir neçə həftədir ki, intensiv şəkildə“ edam dalğasının” əsirinə çevrilib. İran İnsan Haqqları Təşkilatı tərəfindən yayımlanan hesabatda son 10 gündə ölkədə 42 nəfərin edam edildiyi və bir neçə nəfərin də qarşıdakı günlərdə edam ediləcəyi qeyd olunur. BMT-nin verdiyi məlumatlarda da İrandakı vəziyyətin daha da gərginləşdiyi və hər gün azı 10 nəfərin edam edildiyi bildirilir. Ümumilikdə isə ölkədə 2023-cü il ərzində edam olunanların sayı 192 nəfərə çatıb.

Olduqca qorxulu səslənən bu rəqəmlər İrandakı molla rejiminin “ölüm hökmü” kartından intensiv şəkildə istifadə etdiyini, proseslərin idarəolunmaz forma aldığını deməyə əsas verir. Daxildəki sosial və siyasi narazılıqları yatırtmaq, insanların azadlıq istəyini boğmaq məqsədi daşıyan bu addımların qarşıdakı aylarda hələ yüzlərlə insanın ölümünə səbəb olacağı da ehtimal edilir. Bu cinayətlərin təməl səbəbləri isə İranın daxilində artıq bir ildən çoxdur davam edən etirazların fonunda daha yaxşı başa düşülür. 

Edamlar və kütləvi zəhərləmələrlə öz vətəndaşlarının qəniminə çevrilən Molla rejiminin atdığı addımlar ilk növbədə çarəsizliyin və siyasi böhranın göstəricisidir. Görünən odur ki, Molla rejimi ölkə daxilindəki sabitliyi təmin etməkdə uğursuzdur və əlindəki bütün vasitələrdən istifadə etməklə xalqı təzyiq altında saxlamağa çalışır. 

Etirazların necə baş verdiyi və niyə idarəolunmaz formaya keçdiyini mənalandırmaqda yetərsiz qalan Molla rejimini hər yerdə düşmən axtarmaq paranoyası alıb. Çünki gözünün qorxu bürüyən və etirazlarda öz labüd sonunu görən rejimin siravi vətəndaşları hədəf almasını başqa cür mənalandırmaq mümkün deyil. 

Digər tərəfdən Molla rejiminin hədəfinə çevrilən şəxslərin əksərən etnik azlıqların nümayəndələri olması xüsusilə diqqət çəkir. Ölkə ərazisində fərqli etnik qruplara mənsub şəxslərin məqsədli şəkildə rejimin ölüm maşınına atıldığı müşahidə edilir. Çünki sosial narazılığın daha da genişlənməsi və etnik zəmində münaqişələrə təkan verməsi Molla rejiminin qoruxulu yuxusudur. 

Artıq illərdir ki, etnik məsələdə assimilyasiya siyasəti yeridən Molla rejiminin istifadə etdiyi əsas metodika yoxsulluq və sosial vəziyyətin aşağı olmasıdır. Molla rejimi xüsusilə etnik qrupların məskunlaşdığı ərazilərdə sosial problemlərə, yoxsulluğa və işsizliyə səbəb olmaqla onların etiraz ehtimallarını məhdudlaşdırmağa çalışır.

Molla rejiminin “edam dalğası” ilə mövcud xaos və problemləri necə aradan qaldıracağı bəlli olmasa da, baş verənlərin yeni etiraz dalğası yaradacağı dəqiqdir. XXI əsrdə insanların məqsədli şəkildə və dövlətin əli ilə sistemli olaraq öldürülməsi Molla rejiminin cinayətkar xislətinin bariz göstəricisidir. Bu cinayətlərin davam etməsi və etirazların artması rejimin həm daxili, həm də xarici təzyiqlərə qarşı müqavimətinin günü-gündən zəifləməsinə səbəb olacağı da qaçılmazdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25