Şənbə, 04 May

7 yaşlı Fəridin ölməsi ilə bağlı məsələ böyüyür: Nazirlik, dövlət komitəsi...

image

Sambo üzrə məşqçi Mehman Xəlilov kiçik yaşlı uşaqlarla amansız təlim metodları tətbiq edərək məşq zamanı 7 yaşlı Fərid Bakarovu öldürüb.. Faciə aprelin 30-da Sumqayıt yaxınlığındakı Z.Tağıyev qəsəbəsində yerləşən  19 saylı məktəbin idman zalında baş verib. Müşahidə kamerasından alınan videoqeydlərdə görünür ki, gümüş və bürünc medalların sahibi Xəlilov təhlükəsizlik texnikasına əhəmiyyət vermədən oğlanları atır və uşaq ayaq üstə dura bilmədikdən sonra belə cinayət əməllərini davam etdirir. Xəstəxanaya aparılan Fərid vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb. Məhkəmə Mehman Xəlilovun (1994-cü ildə anadan olub) barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçib, sonra məhkəmə prosesi olacaq.

Elm və Təhsil Nazirliyi öz şərhində (nazirliyin saytında şərh yox idi) yalnız onu bildirib ki, idman ustası M. Xəlilov mütəxəssislərin rəhbərliyilə orta təhsil sistemində tətbiq olunan dərsdənkənar məşğələlərə uyğun olaraq məktəbdə təlim keçib. Şərhdə pozuntu qeyd olunur: azyaşlı uşaq onun rəsmi qeydiyyatı olmadan məşq edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Turan ilə söhbətində əlavə edib ki, mərhum uşaq məşqçinin qohumu olub, ona görə də Xəlilov uşağın valideynlərinin xahişini yerinə yetirib və onu bölməyə qəbul edib. Halbuki, normalara görə, təkbətək döyüş növlərilə ən azı 9 yaşlı uşaqlar məşğul ola bilər.  

Nazirliyin nümayəndəsi 19 saylı məktəbin direktorunu, Elm və Təhsil Nazirliyini günahkar hesab etmir, baxmayaraq ki, ölüm tədris ocağında baş verib. Onun sözlərinə görə, məşqçi idman zalını icarəyə götürüb, məşqçinin ali idman təhsili var, bunda qanun pozuntusu yoxdur. Məktəb direktoru isə ona həvalə edilmiş binada hər üçsaatlıq məşqə şəxsən nəzarət edə bilməzdi. Xəlilov 2022 - ci ilin noyabrından həmin məktəbdə idman məşğələləri keçir, -  nazirliyin nümayəndəsi əlavə edib.

"Elm və Təhsil Nazirliyi öz araşdırmasını aparacaq, məktəb rəhbərliyinin barəsində qərar isə hüquq - mühafizə orqanları tərəfindən istintaq başa çatdıqdan sonra qəbul ediləcək", - Valehov deyib.

Ailə, Qadın və Uşaqlar Problemləri üzrə Dövlət Komitəsində Sumqayıt faciəsindən narahat olublar. Hesab edirlər ki, ölüm təhsil müəssisəsində baş verdiyindən, hadisəyə görə Elm və Təhsil Nazirliyi və konkret məktəb məsuliyyət daşıyır.

"Mayın 2-də Komitədə uşaq təhsil müəssisələrində vəziyyət mövzusunda idarələrarası müşavirə keçirilib, problemlərlə yanaşı, 19 saylı məktəbin idman zalında uşağın ölümü də müzakirə olunub. Bu hal Komitə tərəfindən uşaq və məktəb müəssisələrində monitorinqin gücləndirilməsinin zəruriliyini göstərir, araşdırma aparılacaq.

Dövlət Komitəsi Bakarovlar ailəsində baş vermiş faciədən təəssüfləndiyini bildirir",- Komitənin  mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Turan-a bildirib.

Bu hadisədə öz saytlarında dəhşətli videolar yerləşdirən mətbuatın və sosial şəbəkələrin də günahı var.

Media üzrə ekspert Ələsgər Məmmədli Turan-a bildirib ki, uşaqların valideynlərinin icazəsi olmadıqda, yetkinlik yaşına çatmayan şəxslərin foto və videoyazılarının açıq mətbuatda və şəbəkələrdə nümayiş etdirilməsi mənəvi baxımdan yolverilməzdir. Digər tərəfdən, "KİV haqqında" qanunun yeni redaksiyasında mətbuatda belə pozuntulara görə məsuliyyət nəzərdə tutulub. Məsuliyyət ölçüsü, yəni cəzanın ağırlığı qanunda göstərilməyib, lakin zərərçəkmiş tərəfin nümayəndələri belə materialları yayımlayanları məhkəməyə verə bilər.

"Ancaq bu vəziyyətdə sual yaranır: Əgər videoyazı ictimai mülkiyyət olmasaydı, ictimaiyyət baş verənlər barədə həqiqəti necə öyrənə bilərdi? Hətta onun mövcudluğu şəraitində belə, biz dövlət strukturlarının baş verənlərin qavranılmasının ağırlığını azaltmağa necə cəhd etdiklərini müşahidə edirik. Videoqeyd olmadan cəmiyyət yozumların girovuna çevrilərdi. Ona görə də ictimai və dövlət təhlükəsizliyinə təhdid faktlarını ortaya çıxaran foto və video- sübutların açıqlanmasına görə media subyektlərinin cinayət və inzibati məsuliyyətdən azad edilməsi qanunvericilik qaydasında ağlabatan olardı", - Turan agentliyinin direktoru Mehman Əliyev bildirib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15