Şənbə, 04 May

Rusiya Ermənistanı hədələdi - “SSRİ tərkibindən qanunsuz çıxan mübahisəli ərazi...”

image

Moskva-İrəvan münasibətləri bəlkə də ən soyuq, kritik dönəmini yaşayır və bu, təbii ki, bizim maraqlarımıza uyğundur. Xüsusən də son vaxtlar Kremlin öz forpostuna qarşı qəzəbi xeyli artıb. Çünki Nikol Paşinyan iqtidara gələndən Ermənistan özünü sadiq vassal kimi aparmır. Götürdüyü yazılı öhdəliklərə əməl eləmir. Rusiya və Qərb arasında oyun oynayır.

Daha doğrusu, eyni vaxtda həm ABŞ və Avropa Birliyinin, həm də 1 nömrəli strateji müttəfiqinin təhlükəsizlik çətiri altında olmağa çalışır. Hələ İranı da özünə qoşmağa israrlı səylər edir. Bütün bu erməni hoqqaları və nankorluğu isə Moskvanı yumşaq desək, hövsələdən çıxarır. Hərçənd Kremlin cırtdan və “izqoy” Ermənistana ciddi təzyiq rıçaqları var, o cümlədən iqtisadi-maliyyə xarakterli.

Misal üçün, təkcə Rusiya qazı Ermənistana dünya bazarı qiymətinə satılsa, kapitulyant ölkə qarışar, qiymətlər kəllə-çarxa çıxar. Ötən həftə Ermənistandan adicə süd məhsullarının ixracına qoyulan məhdudiyyət hayları az qala şoka salmışdı.

Bundan əlavə, yoxsul Ermənistana pul transferlərinin mühüm hissəsi Rusiyadakı erməni əmək miqrantlarının payına düşür. Biz erməni işğalı dövründə İrəvanın Moskvadan ucuz qiymətə və aşağı faizli kreditlə silah-sursat almasını, bir çox hallarda isə bağışlanmasını (B.Yeltsin dövründə bu məbləğ 2 milyard dolları ötmüşdü!) da yaxşı xatırlayırıq.

Qısası, heç bir qiymətli təbii sərvəti olmayan, dünya okeanına çıxışdan məhrum Ermənistana rusun yaxşılıqları saya gəlməz. SSRİ zamanı Ermənistan yeganə respublika idi ki, mərkəzin dotasiyası ilə yaşayırdı. İndi də rusun hesabına parazitlik edir. Və yenə məhz Ermənistan tək-tük sovet respublikalarından idi ki, SSRİ tərkibində ikən öz ərazisini böyütmüşdü. Əlbəttə ki, Azərbaycan torpaqları, Qərbi Zəngəzur sayəsində (1920, noyabr).

Sonra. Sovetlər Birliyi dağılandan bəri Ermənistanın xarici sərhədlərini erməni yox, rus hərbçisi (FTX) qoruyur. Sanki o, hələ də SSRİ tərkibindədir. Gümrüdəki 102 saylı Rusiya hərbi bazası da sovet dönəmindən oradadır. Ümumən Güney Qafqazda “Ermənistan” adlı saxta dövlətin və anlayışın məhz Moskvanın hesabına peyda olduğu heç kimə sirr deyil. Hələ həyasizcasına Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiasını davam etdirirlər. Bu iki mühüm qonşu ilə dil tapıb Rusiyadan asılılığa son qoymaq əvəzinə!..

Moskva isə hələ ki, haylara münasibətdə səbir göstərir. Amma gözağartmaları çoxalıb. Məsələn, Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fyodorov bildirib ki, KTMT olmasaydı, Ermənistan indi Türkiyənin tərkibində idi.

Qeyd edək ki, bu bəyanat Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “İrəvan KTMT-nin Ermənistan sərhədlərini tanımasını və onu qorumasını gözləyir” provokativ açıqlamasına cavab olaraq verilib.

Deputat bildirib ki, “Rus NATO-su”nun İrəvana guya nəsə borcu olması ilə bağlı iddia yanlışdır. “Əksinə, Ermənistan bu təşkilata minnətdar olmalıdır, çünki KTMT olmasaydı, Ermənistan çoxdan Türkiyənin bir hissəsi olardı”, - siyasətçi vurğulayıb.

Rusiyalı deputat bir az da qabağa (daha dəqiqi, geriyə) gedərək bildirib: “Ermənistan beynəlxalq hüquq nöqteyi-nəzərindən SSRİ tərkibindən, yəni onun hüquqi varisi Rusiyadan qanunsuz çıxıb, çünki prosedura başa çatmayıb. Bu səbəbə İrəvanın Moskvanın müttəfiqi sayılmasına hüquqi əsası yoxdur. Ermənistan müstəqil sayılsa da, beynəlxalq hüquq nöqteyi-nəzərindən mübahisəli ərazidir”.

Bunu Rusiyadakı hakim partiyanın üzdə olan üzvü bəyan edir. Deməli, həm də Putin iqtidarındakı ovqatdan çıxış edir.

İnsafən, Fyodorov Ermənistanı mübahisəli ərazi saymaqda haqlıdır. Amma həmin ərazi Rusiyaya yox, Türk dünyasına məxsusdur. Ən azından Qərbi Zəngəzurun əzəli Azərbaycan torpaqları olduğunu rus tarixçilər də əla bilir. Həmçinin Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Qafqazda - İrəvan xanlığı, Göyçə mahalı, digər tarixi Türk torpaqlarında Ermənistanın necə peyda olduğunu da.

İndi ən maraqlısı Kremlin hədələrdən əmələ nə vaxt keçəcəyidir...

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15