Çərşənbə axşamı, 19 Mart

İdxalı qadağan edilən maşınları qaytarmaq da olmayacaq: “Cəmi bir ay möhlət düzgün deyil” - FOTO

image

Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.

Nazirlər Kabinetinin qərarı artıq sifariş edilmiş və ölkəyə gətirilməkdə olan avtomobillərin taleyi haqqında sualların yaranmasına səbəb oldu.

Məsələnin hüquqi tərəfləri haqqında danışan iqtisadçı Rəşad Həsənov düşünür ki, vətəndaşlara külli miqdarda ziyan dəyməməsi üçün qadağanın qüvvəyə minmə müddəti bir aydan altı aya qədər artırılmalıdır:

“Qanunvericiliyə uyğun olaraq, məhsula münasibətin formalaşması onun gömrük ərazisinə daxil olduğu tarixdən götürülür. Avtomobillər kifayət qədər yüksək dəyəri olan məhsullar hesab edilir. Yəni bu, kiçik əşyalar, geyim və sair ləvazimat deyil ki, əhaliyə dəyən ziyanın miqdarı az hesab edilsin. Ona görə bənzər qərarlar qəbul edilərkən, bu istiqamətdə yaranacaq zərərlər və risklərlə bağlı vətəndaşlara məlumat verilməlidir. Bunun üçün müəyyən mexanizm təklif edilməlidir. Hökumət planları ilə əlaqədar əhalini əvvəldən maarifləndirmir və insanlar qərar ortaya çıxanda xəbərdar olurlar. Vətəndaşların bu risklərdən sığortalanması üçün hərəkət imkanları məhdudlaşır.

Elə avtomobillər var ki, artıq xaricdən alınıb, yoldadır. Bəzi hallarda əhali avtomobilləri “qara bazar”dan, ikinci əl bazarlardan əldə edir. Bu zaman avtomobilin qaytarılması mümkünsüz olur. 30 gün müddətində həmin avtomobillər ölkəyə gəlib çatmazsa, vətəndaşların külli miqdarda itkiləri yarana bilər. Xarici ölkələrdən gətirilən avtomobillərin Azərbaycana çatdırılması bir aydan altı aya qədər vaxt alır. Bu, sifariş edilən ölkə ilə məsafədən, nəqliyyat-daşıma imkanlarından asılıdır. Üstəlik, Rusiya-Ukrayna müharibəsi fonunda avtomobillərin ölkəyə qısa müddətdə gətirilməsi bir az da çətinləşib. Ona görə hesab edirəm ki, ya insanlara müəyyən güzəştlər edilməli, ya da proses mərhələli şəkildə həyata keçirilməlidir. Birdən-birə belə sərt qərarın ortaya qoyulması, cəmi bir ay vaxt tələbi düzgün deyil. Vaxtın dəyişdirilməsinə, sifarişçilərə güzəştlərin edilməsinə ehtiyac var”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11