Bazar, 12 May

ABŞ Asiyada Yeni NATO qurur: Əsas hədəf…

image

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun  müsahibəsi:

- ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı hərbi qüvvələrin bu ilin sentyabrın 11-ə qədər tam çıxarılacağını açıqlayıb və hazırda proses başlayıb. Sizcə, 11 sentyabr tarixinin seçilməsi hansı anlam daşıyır?

- Vaşinqton məhz 20 il əvvəl Əl-Qaidə terrorçularının ABŞ hücumundan sonra Əfqanıstana müdaxilə qərarı vermişdi. Ağ Ev sahibi hesab edir ki, bu tarixdə də geri qayıtmaq zamanıdır.

- Sizcə, ABŞ 20 ildə hədəfinə çata bildimi?

- Əlbəttə, Amerika Əl-Qaidə terrorçularının bir qismini neytrallaşdırdı, əsas düşməni Ben Ladeni qətlə yetirdi. Ancaq ABŞ Əfqanıstanda qarşısına qoyduğu hədəflərə tam çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkədə dialoqa başlamaq məcburiyyətində qaldı.

- Bəzi ekspertlər hesab edir ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra Talibanın gücü artacaq. Əfqanıstanda yenidən vətəndaş müharibəsinin alovlanacağı və paytaxt Kabil uğrunda döyüşlərin başlayacağını proqnozlaşdıranlar da var.

- Rəsmi Kabil hazırda Amerika ilə işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi. Tarix təkrarlana bilər. Taliban pusqudadır.

ABŞ Əfqnıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır. ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ Prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib.

- NATO-ya bənzər hərbi blok?

- Bəli. ABŞ yeni NATO ilə bağlı Avstraliya və Yaponiya ilə danışıqlar aparır. Hər iki dövlətin yeni NATO-da yer alacağı gələn xəbərlər arasındadır. Asiyadakı NATO-da Hindistan da yer ala bilər.

Buna baxmayaraq, adı çəkilən dövlətlər yeni NATO-ya bağlı hələ ki, açıqlamalar vermirlər. Ancaq hədəf və məqsəd bəllidir.

- “Yeni NATO”-nun hədəfi nədir?

- Asiyada qurulacaq NATO-nun əsas rəqibi Çindir. ABŞ, Hindistan, Avstraliya və Yaponiya Pekinin regional siyasətindən narahatdırlar. Necə ki, soyuq müharibə illərində qurulan NATO öz üzvlərini SSRİ-dən qoruyurdu, yeni NATO-nun üzvləri də özlərini Çindən qoruyacaqlar.

Aydındır ki, Pekin yeni NATO-nun yaranmasını cavabsız qoymayacaq. Çin də özünə hərbi müttəfiqlər axtarmağa çalışacaq. Məsələ burasındadır ki, bir çox dövlət Çinlə iqtisadi əlaqələrə və ortaq regional layihələrə maraq göstərsələr də, heç bir dövlət Pekinlə eyni hərbi blokda yer almaq istəməz. Rusiyanın özü belə Çinlə sıx əməkdaşlığına rəğmən, Pekinin hərbi planlarına şərik olmaqda maraqlı deyil.

Hazırkı vəziyyətdə çıxış yolu Çinin regional siyasətinin və ölkə daxilində milli azlıqlara münasibətinin dəyişməsidir. Ancaq Pekinin siyasətini dəyişəcəyini gözləmək əbəsdir. Belə olan halda yeni NATO-nun yaranması prosesi sürətlənəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44