Cümə, 26 Aprel

İran səfirliyə terror aktını niyə araşdırmır? - Əsas səbəb...

image

Tehrandakı Azərbaycan səfirliyində qanlı terror aktından bir aydın artıq vaxt keçməsinə baxmayaraq İran rejimi cinayətin araşdırılması ilə bağlı heç bir konkret addım atmayıb. İranın Azərbaycan səfirliyində baş verən terror aktına bu cür münasibəti elə məhz dövlətin bu qanlı cinayətin arxasında dayanması deməkdir. Çünki Tehrandakı səfirliyə qanlı terror hücumu zamanı bir neçə saat ərzində İran polisinin hadisə yerinə gəlməməsi, səfirliyi qorumağa təhkim olmuş təhlükəsizlik əməkdaşının məsələyə qarışmaması açıq suallar doğurur. Bununla yanaşı, hadisə zamanı terrorçunun zərərsizləşdirilməməsi, daha sonra isə dünya tarixində ilk olaraq terrorçunun televiziyalara çıxardılaraq etdiklərinə bərəat qazandırması üçün imkan yaradılması bir çox şübhəli məqamların olduğunu ortaya qoydu. Bu o deməkdir ki, qanlı terror aktı öncədən planlaşdırılıb.

Bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev dyeib.

O qeyd edib ki, İran əslində bununla beynəlxalq öhdəliklərə, diplomatik xidmət haqqında Vyana Konvensiyasının müddəalarına etinasız yanaşmaqla dünya ictimaiyyəti qarşısında özünü hörmətdən saldı: “Çünki bu hadisə o qədər çılpaq və eybəcər şəkildə təşkil edilib ki, bütün dünya bunu tarix boyu hər zaman biləcək və pis bir nümunə kimi göstərəcək. Bu ləkə biabırçılıq, terror aktı birbaşa İran hökumətinin və rejiminin üzərində qalacaq”.

Deputat İranın himayəsində olan Ermənistanın son davranışlarına, yanaşmalarına da münasibət bildirib: “Bu gün Ermənistanda Nikol Paşinyandan yaxşısı hakimiyyətə gələcək və Azərbaycanla danışıqlar apararaq problemi həll edəcək deyə bir məsələ yoxdur. Paşinyan II Qarabağ müharibənin zərbəsini, ağırlığını, məşəqqətini yaşayıb. Bununla da o, Azərbaycanın gücünü hiss edib. Ona görə də, Paşinyan artıq reallığı görür. Sözsüz ki, onun dedikləri səmimi görünə bilər. Amma Paşinyan qətiyyəsiz insandır. O qərar verib bir məsələni həll edə bilmir. Prosesi uzadır. Vaxt uzandıqca isə başına daha çox problem açır”.

Razi Nurullayev hesab edir ki, Paşinyanın fikirlərində tərsmütənasiblik var:

“O özünü Moskvada tamam başqa cür aparır. O sanki gözləyir ki, Rusiya “Qarabağ Ermənistana verilir və Azərbaycanla sülh müqaviləsi bağlanır” desin. Rusiya dövlətinin ona kömək etmək kimi bir borcu var kimi yanaşma sərgiləyir. Avropa platformasında isə Paşinyan özünü daha sərbəst hiss edir və pozitiv fikirlər səsləndirir. Amma o İrəvana qayıdan kimi Berlində, Moskvada, Brüsseldə dediklərini danır. Sanki bunlar onun yadından çıxır. Əslində bu ritorik yanaşmadır. Çünki Ermənistan cəmiyyətində ciddi bir parçalanma var. Ermənistanda Paşinyana qarşı siyasi müqavimət mövcuddur. O da hakimiyyətini itirməkdən, sui-qəsdən qorxur. Düşünür ki, Ermənistan tarixinə milli satqın, Qarabağı təhvil verən adam kimi düşəcək. Onun narahatlığı da məhz bundandır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33