Cümə axşamı, 25 Aprel

COVİD-19 gedir, başqa pandemiya gəlir - ÜST-dən xəbərdarlıq

image

İnfeksionist: “Yeni pandemiyanın nə vaxt olacağını söyləmək çətindir”

“Broyler toyuqları daha təhlükəsizdir, çünki...”

Ötən gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun zirvə görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVİD-19 pandemiyasının bitməsi ilə bağlı məlumat verib. “Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”, - deyə ÜST rəhbəri bildirib.

Ancaq bir pandemiya bitməmiş deyəsən digəri gəlir. Belə ki, Qebreyesusdan iki gün qabaq ÜST epidemioloqu Riçard Pibodi deyib: “Yer kürəsi əhalisi insandan insana keçmək qabiliyyətini qazanan quş qripinin yeni pandemiyaya səbəb ola biləcəyinə hazırlaşmalıdır”.

Onun sözlərinə görə, quş qripinin insandan insana və davamlı şəkildə yayılma qabiliyyətinə yiyələnməsi və yeni pandemiyaya səbəb olması ehtimalı var. “Biz buna hazırlaşmalıyıq. Elmi ictimaiyyət bu virusları izləmək və peyvəndlər hazırlamaq üçün onların genetikasını öyrənir”, - Peabodi bildirib.

Epidemioloq deyib ki, quş qripinin son epidemiyası 3 il əvvəl A (H5N1) virusunun xüsusi növünə görə qeydə alınıb. Ancaq heç vaxt pandemiya şəklini almayıb.

Azərbaycanda bu xüsusda vəziyyət necədir? Quş qripini koronovirusdan təhlükəli edən nədir? Əlamət və simptomları hansılardır? Onun fəsadlarına qarşı kifayət qədər preparat varmı? Peyvənd nə dərəcədə effektiv olacaq? Nəhayət, quş təsərrüfatları olanlar nələrə diqqət eləməlidir? “Kənd toyuqları” daha təhlükəsizdir, yoxsa broyler?

Qeyd edək ki, quş qripi və ya “avian influenza” müxtəlif növ quş və heyvanların yoluxucu xəstəliyidir. Virusun (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. Qeyd edilən növlər 2 qrupa bölünür ki, onlardan A(H5N1), həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur, AQTA bildirir. Ümumən, son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2.

İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb. Bu vaxta qədər quş qripi xəstəliyinin yayılma halları Rusiya, İran və Qazaxıstanın bəzi bölgələri də daxil, onlarla ölkədə qeydə alınıb. Ekspertlər bildirir ki, köçəri quşların miqrasiya marşrutlarının Azərbaycandan keçməsi, habelə onların ölkə ərazisində məskunlaşma yerlərinin mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır.

ÜST-ün tövsiyələrinə görə, sanitariya-gigiyena tələblərinə əməl edilərsə, quş əti və quş əti məhsullarını yemək təhlükəsizdir. Çünki quş qripi virusu yüksək temperaturlara dözümsüzdür. Ət hazırlanarkən onun bütün hissələrində temperatur +70 C çatdırılmalıdır, “çəhrayı” hissələr qalmamalıdır. Eynilə, yumurta da “sərt” bişirilməlidir. Çiy ətdə olan virusun mənfi temperatur şəraitində bir il müddətinədək “sağ qaldığını” təsdiqləyən hallar mövcuddur. Əsas təhlükə çiy ət və diri quşlarla təmasdan irəli gəlir.

AQTA-ya əsasən, quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Belə ki, xəstə quşların ifrazatları ilə çirklənmiş suda viruslar 10 günə qədər sağ qala bilər.

Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet nə vaxt yaranacaq? -  Ekspertlər açıqlayır

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, influenza virusunun  bir tipidir: “Onun bir neçə tipi var. Quş qripi, donuz qripi hamısı qrip viruslarının növüdür. Qrip virusu çox sürətlə mutasiyaya uğrayan bir virusdur və kəskin respirator virus infeksiyaları içində ən ağır gedişatlı xəstəliklərdən biridir. Baxmayaraq ki, el arasında bunların hamısına qrip deyirlər. Amma belə deyil, zökəm simptomları ilə gedən kəskin virus infeksiyalarıdır. Əslində qrip pandemiyası zaman-zaman müşahidə edilib. Demək ki, pandemiya gözlənilmir, bu yalan olar. Əslində bu virusun pandemiya törətməsi mümkündür. Zaman-zaman belə pandemiyalar törədib. Amma bunun nə vaxt olacağını deyə bilmirik. Bu dövrdə koronovirus pandemiyasının olmasına baxmayaraq tez-tez pandemiyaların olması bizim dövr üçün xarakterik deyil. Çünki müəyyən gigiyena vərdişləri əldə etmişik, normalara əməl olunur. Əks epidemik tədbirlər var, buna görə pandemiyalardan qorunmaq daha asandır”.

Həkim əlavə edib ki, quş qripi karonavirusdan fərqli olaraq daha əvvəldən elmə məlum olan xəstəlikdir: “Ona qarşı dərmanlar da var. Sürətli şəkildə peyvənd də hazırlana bilər. Əlamət və simptomları əsasən halsızlıq, bədən hərarətinin yüksəlməsi, bəlğəmli öskürək, əzələ ağrıları, boğaz ağrısıdır. Təbii ki, broyler toyuqları daha təhlükəsizdir. Kənd toyuqları çöl quşları ilə təmasda olur və onlar buna yoluxa bilər. Əgər xəstəlik olarsa, epidemiya şəklini alarsa, bu zaman quş təsərrüfatı ilə məşğul olanlar əsas risk qrupuna daxil olan şəxs sayılırlar. İlk olaraq onlar peyvənd olunmalıdır. Əsas qoruyucu tədbirləri də ilk olaraq onlar almalıdır. Şəhər mühitində yaşayan insanlar üçün o qədər də təhlükəli hesab olunmur, quşlardan onlara keçmir, amma insandan insana yoluxanda bunun fərqi qalmır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33