Şənbə, 20 Aprel

Mollaların erməni qardaşlığı: Rəsmi qəzetdə sərt məqalə

image

İllərdir ki, İran içində məskən saldığı Azərbaycan qorxusu ilə yaşayır. Ölkəmizin artan nüfuzu, gücü, qüdrəti molla rejiminə dərd olub. "İslamçılar" Azərbaycanın müstəqil dövlət kimi varlığını, iqtisadi inkişafını hakimiyyətləri üçün təhlükə hesab edirlər. Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin olması, bu iki qonşunun uzun illər müharibə şəraitində yaşaması daha çox İranın işinə yarayırdı. 

İran Ermənistanı silahla, kəşfiyyat məlumatları ilə təmin edib üstümüzə qaldırar, çirkin niyyətlərini həyata keçirmək üçün erməni faktorundan istifadə edərdi. Ermənistanın  məğlubiyyəti ilə bitən 44 günlük Vətən müharibəsi bizə həm də İranın əsl simasını "tanımaq" imkanını verdi. Qazandığımız qələbədən sarsıntı keçirən "ayətullah"lar ağıllarını o qədər itirdilər ki, "hərbi təlim" adı ilə sərhədlərimizə qoşun yığıb hədyanlar söylədilər. Zəngəzur dəhlizini özlərinin "qırmızı cizgi"si elan edən İran rəsmiləri nəinki cizgiləri, hətta dövlətlərarası münasibətlərdə bütün sərhədləri pozdular. İsraildə səfirlik açacağımız tədqirdə Azərbaycana qarşı "ciddi tədbirlər" görəcəkləri ilə bizi təhdid etdilər. Mövqeyimizdə qətiyyəti, daxili işlərimizə kimlərinsə qarışmasına  imkan vermədiyimizi, təhdidlərlə, hərbə-zorba ilə bizi qorxudub mövqelərimizdən çəkindirə bilməyəcəklərini anlayan molla rejimi "real" işə keçdi. Hirs-hikkə İran başbilənlərinin gözünü o qədər örtdü, Azərbaycana olan qəzəb, nifrət o həddə çatdı ki, beynəlxalq prinsiplərə məhəl qoymadan yanvarın 27-də xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə səfirliyimizə silahlı basqın etdilər. 

Bu qanlı terror hadisəsindən sonra "molla"lar səviyyəsində Azərbaycana qarşı aparılan çirkin siyasətin estafetini İranın dövlət adamları, diplomatlar qəbul etdilər. Dövlət rəsmiləri öz maskalarını çıxarıb açıq hücuma keçdilər. İranın Ermənistandakı səfiri Abbas Badaşxan Zohuri ağzına gələni danışdı. İranla Ermənistanın Laçın-Qubadlı istiqamətində birgə hərbi təxribat planının olması barədə  yayılan xəbərləri konkret faktlarla təkzib etmək əvəzinə ritorikaya keçdi: "İran rəhbərliyi müdrikdir və bəzi kiçik dövlətlərin (Azərbaycanı nəzərdə tutur! - red.) hər hansı təxribatına boyun əymir. Ermənistan və İran bütün sahələrdə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq haqqında məlumatların açıqlanmadığı sahələr varsa, belə də olmalıdır". 

Ermənistanın İranla dost olması, qardaşlaşması ilə heç kim bizi təəccübləndirə bilməz. Nəinki səfir. Hər iki dövlət terrorçu kimi tanınıb. Hər iki dövlətdə terror planlarını hazırlayan və ya terrorun ideya müəllifi "din" xadimləridir. Qaldı ki Ermənistan-İran əməkdaşlığının "açıqlanmayan" sahələrinə, bunu yəqin ki, bilməyən heç yoxdur. Bu, hərbi əməkdaşlıqdır. Hərbi kəşfiyyat məlumatlarının ötürülməsidir. Ermənistan-Azərbaycan münaqişəsi başlanan gündən bu məlumatların İran tərəfdən Ermənistana ötürülməsi barədə kifayət qədər faktlar var. SEPAH qüvvələrinin Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirakı artıq təsdiqlənib. Yaxud İranın mobil telefon operatorları vasitəsilə 44 günlük Vətən müharibəsi zamanı ordumuzun dislokasiya yerini öyrənib ermənilərə ötürməsi heç kimə sirr deyil. "Molla"ların erməni qardaşlarına hərbi mütəxəssislərdən ibarət mobil dəstələri göndərmələri də gizlin deyil?

Zohuri İrəvanda ikitərəfli münasibətlərə dair elmi konfransda çıxış edərkən özünü ermənilərin yanında "şirin" salmaqdan ötrü "İran ona problem yaratmağa çalışan kiçik dövlətlərin üzünə balaca bir şillə tutuzdura bilər" demişdir. Amma İran hakimiyyəti emosiyaların təsiri altında hərəkət etməməyə üstünlük verir və öz hərəkətlərində kifayət qədər müdrik və təmkinlidir.

Səfir terrorla, ordusunu sərhədlərimizə toplamaqla, düşmənə məlumatlar ötürməklə "kiçik dövlət"lər deyib nəzərdə tutduğu Azərbaycan molla rejiminin ərşə çəkilən yuxusu, varlığının təhlükəsidir. Cənubi Azərbaycanda artan etirazlar, soydaşlarımızın ən adi sosial haqlarını, insani hüquqlarını tələb etməsi İranı vahimələndirir.

Səfir deyib ki, "İran və Ermənistanın əleyhdarları xaos yaratmaq və iki ölkə rəhbərliyinin diqqətini yayındırmaq istəyirlər. Bu cəhdlərə qarşı ən effektiv mübarizə Ermənistan və İranın koordinasiyalı hərəkətləri, o cümlədən daim məlumat mübadiləsidir... Tehran sərhəd hadisələrinin inkişafını diqqətlə izləyir, İran və Ermənistan bütün sahələrdə çox sıx əməkdaşlıq edir".

"Diplomat" bütün sahələrdə İranla Ermənistanın əməkdaşlıq etdiyini açıq etiraf edirsə, onda iki dövlətin "açıqlanması" mümkün olmayan sahələr dedikdə nəyi nəzərdə tutduğu müəmmadır. "Bütün" sözü məgər hər şeyi ifadə etmirmi? 

Eyni zamanda Zohuri "İran və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini" bildirib. Yəqin İran rəsmiləri güzgünün qabağında duranda özlərini böyük görürlər. Axı İran kimdir ki,  Zəngəzur dəhlizinin açılmasına imkan verməyə?

Bu məqamda bir məsələni də qeyd etməyi vacib bilirik. İranın Ermənistandakı səfiri Abbas Badaşxan Zohurinin "elmi konfrans"da səsləndirdiyi sərsəmləmələr həm də evlərində başlarının üstündən İran "ayətullah"larının şəklini asan, terrorbaşı Qasım Süleymaniyə yas tutub  ehsanlar verən, yeri gəldi-gəlmədi molla rejiminə vəkillik edən, hətta onların toruna düşüb "agentlik" edənlərə verilən cavabdır. İran ölkəmizə qarşı etmədiyi hansı pislik qalıbdır ki, onu da edə ki, bəzi vətəndaşlarımızın gözləri açıla, din pərdəsi altında maskalanıb, dini siyasətə qatıb hakimiyyətləri naminə siyasətin ən iyrənc metodlarından istifadə edən "molla"ların əsl sifətini görə bilsinlər. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20