Cümə axşamı, 18 Aprel

İğtişaşa səbəb olan seçki - Braziliyada qanlı bazar günü

image

117 il öncə Rusiyada baş verən qanlı bazar gününün biri də bu günlərdə Braziliyada olub. Bir gün fərqlə. Rusiyada həmin hadisə 9 yanvarda baş vermişdisə, Braziliyada 8 yanvarda olub.

Hələ yaxşı ki, Braziliyada hökumət qüvvələri öz etirazını zorakılıq aktlarıyla bildirən kütlələri gülləbaran etməyib. Yoxsa rusların “tarixi nailiyyəti” tam təkrar olunardı.

Motiv yenə eynidir – siyasət, hakimiyyət-müxalifət qovğası. Sadəcə, Braziliyada baş verən iğtişaşlarda ortalığı qarışdıran aclıq və işsizlik deyil (onların ikinci, üçüncü plandadır), seçki ehtirasıdır.

Dinc hakimiyyət dəyişikliyi mexanizmlərinin tam oturuşmadığı, demokratik dəyər və prinsiplərin hamı tərəfindən yekdilliklə qəbul edilmədiyi və onlara riayət olunmadığı ölkələrdə hər seçkidən sonra kütləvi iğtişaşların olması təbiidir.

Braziliyada baş verənlərin əsas səbəbi budur: köhnə prezident Jair Bolsonarunun tərəfdarları (şox güman ki, özü də) hesab edirlər ki, seçkilərdə saxtakarlıq olub, səslər yenidən sayılmalıdır. Yeni prezident Lula da Silvanın özü və tərəfdarları isə deyirlər, elə şey yoxdur, seçki şəffaf və qanuni olub.

Bolsonaru prezident vəzifəsinin icrasına 2019-cu ilin 1 yanvarından başlamışdı. Bu il yanvarın 1-dən isə onun siyasi xələfi Lula da Silva Braziliya Federativ Respublikasının prezidenti vəzifəsini icra etməyə başlayıb.

Adamın prezident kürsüsündə oturmasının həftəsi tamam olan kimi ölkəsində belə bir vəziyyət yaranıb, o da fövqəladə vəziyyət rejimi təqdim etməli olub.

Biz burada oturub Braziliyadakı gerçək vəziyyəti, seçkilərdə həqiqətən də saxtakarlığın olub-olmadığını incəliyinə qədər bilə bilmərik. Zatən, belə məsələlər həmişə mübahisəli olur və tərəflərin hər ikisi hər zaman öz həqiqətlərini bağırırlar.

Bununla belə, bir fakt ortadadır. Bir çəllək suya bir damcı neft qarışırsa, o, artıq içməli olmur. Əgər Braziliyada keçirilən son seçkilər bu qədər mübahisəyə və sonda bu cür iğtişaşa səbəb olubsa, demək, heç də hər şey rəvan keçməyib, pozuntu halları kifayət olub ki, uduzan tərəfin kütləvi cığallıq etməsinə imkan verib.

Ancaq burada bir məqam da var: əgər seçkilərdə qələbəni prezident səlahiyyətlərini icra edən şəxs, yəni Bolsonaru özü qazansaydı, o zaman Lula da Silvanın tərəfdarlarının etirazı daha tutarlı arqumentə dayanardı. Onlar deyərdilər ki, prezident öz vəzifəsindən, əlindəki inzibati resurslardan istifadə edərək seçkinin nəticələrini saxtalaşdırıb.

Burada isə tərsinədir. Müxalifət lideri qalib gəlib. Dünənə qədər iqtidarda olan qüvvələr onu saxtakarlıqda ittiham edir. Bəs Lula da Silva hansı resurslardan, rıçaqlardan istifadə edərək saxtakarlığa əl atıb? Görünür, bu da incəliyinə qədər araşdırılmalı məsələdir.

Hələlik Bolsonarunun etdiyi hərəkətlər 2021-ci ilin 6 yanvarında ABŞ-ın sabiq prezidenti Donald Trampın etdiyinə bənzəyir.

Həmin vaxt hələ də ABŞ prezidenti vəzifəsini icra edən (yanvarın 20-də Baydenə təhvil verəcəkdi) Trampın tərəfdarları Kapitoli təpəsinə hücum edərək, Konqresin binasını ələ keçirmiş, faktiki olaraq dövlət çevrilişinə cəhd göstərmişdilər.

Onlar da hesab edirdilər ki, 2020-ci ilin noyabr ayında keçirilən prezident seçkilərinin nəticələri saxtalaşdırılıb, Trampın qələbəsi oğurlanıb. Bu, ABŞ tarixində bir ilk idi, ancaq seçkilərin nəticəsini zorla dəyişdirmək məsələsi baş tutmadı. Tramp geri çəkilmək, vəzifəsini təhvil vermək məcburiyyətində qaldı. Yalnız onun sonrakı açıqlamaları göstərdi ki, eks-prezident məğlubiyyəti ilə barışmayıb və yenidən revanş götürmək əzmindədir.

Bu da ondan xəbər verirdi ki, 2020-ci ilin noyabrında ABŞ-da keçirilən seçkilər heç də tam qanuni, azad və şəffaf olmayıb. Əksinə olsaydı, Tramp da digər, 40-dan artıq sələfi kimi postunu dinməz-söyləməz tərk edərdi.

Bu baxımdan Bolsonarunun öz məğlubiyyəti ilə barışmamasını anlamaq olar. Ancaq onun tərəfdarlarının etdiyi də qanunların ziddinədir və yəqin ki, yeni hakimiyyət iğtişaşlarda fəallıq göstərənləri cəzalandıracaq, il yarımdan sonra da əfv edib azadlığa buraxacaq.

Normal ölkələrdə kütləvi aksiyalara qatılıb iğtişaş törədənləri, hökumətlə hökumətlik edənləri edam etmir, uzun müddət həbsdə yatırtmırlar, ehtiraslar soyuyandan sonra həbsdən azad edirlər. O şərq ölkələridir ki, həmişə iğtişaşlarda adam öldürürlər, sonra da ələ keçənlərin bir xeylisini edam edirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56