Cümə, 29 Mart

At əti ucuz satıldığı üçün tələbat var: “Məhəllələrdə yerləşən ət kəsimi məntəqələri ləğv olunmalıdır” - FOTO

image

Qırmızı ətin qiyməti artandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək əti satanların sayı artıb. Son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılırlar, onlar barəsində cinayət işi açılır, iri məbləğdə cərimə olunurlar. Bəzi işbazların əməlinin üstü açılsa da, bəziləri bundan yayına bilir, əməllərinə davam edirlər. Xəstə heyvanların ətini ucuz qiymətə satırlar. Qiymətin ucuz olması insanları şirnikləndirir və məhsulun mənşəyini öyrənmədən alıb istehlak edirlər.

Bəs at ətini mal ətindən necə ayırmaq olar?

Mövzu ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, belə cinayətlərə görə məsuliyyətə cəlb olunanlara məhkəmə haqq qazandıraraq azadlığa buraxır:

“25 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi at, eşşək və murdar olmuş heyvanların ətinin alışını təqib edir. Aşkarlananlara cinayət işi qaldırılır, məsuliyyətə cəlb olunurlar. Məhkəmələr onlara haqq qazandırır. Qısa müddətdə azadlığa buraxılırlar. Təcrübə göstərir ki, onlar yenidən bu işlə məşğul olmağa başlayırlar”.

E.Hüseynov qeyd edib ki, belə praktika hələ sovet dövründən var:

“Bu problem yığışmır. Azad İstehlakçılar Birliyində 1963-cü ildə dərc olunmuş kitab var. Bütün SSRİ respublikaları arasında bir tək Azərbaycanda eşşək əti yeməli ət kimi şərh olunur. Bunu ermənilər tərtib ediblər. Belə çıxır ki, ermənilərə havadarlıq edən yerli insanlar var. Camaata murdar ətləri sırımağa çalışırlar. Qiymət bahalaşdıqca tələbat da artır. O zaman, təəssüf ki, belə hallar da olur”.

Ekspert əlavə edib ki, ciddi cəza tətbiq edilməlidir:

“İlk məsələ qanunların zəif olmasıdır. Bu ətlərin satışına qanuni şəkildə qadağa qoyulmalıdır. Ciddi cəza verilməlidir. İnsan bu ətləri alanda bilməlidir ki, murdar olmuş heyvanın əti sulu, tünd, qabırğaları böyük olur. Bişirən zaman da spesifik qoxu gəlir”.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, ucuz satıldığı üçün belə ətə tələbat var:

“Son dövrlərdə ölkəmizdə xalqımız üçün ənənəvi olmayan ətlərin satışı həyata keçirilir. Ucuz olduğu üçün alıcısı da tez tapılır.

Ətləri bir-birindən ayırmaq çox çətindir. Bununla da istehlakçıları aldadırlar. Ötən il Qurban bayramından öncə “Leş Tofiq” ləqəbli satıcı saxlanılmışdı. Çox keçmədən azadlığa buraxıldı. Daha sonra yenidən əməllərini davam etdirdi. Buna görə də düşünürəm ki, cəza tədbirləri sərt olmalıdır. Qanunvericilikdə tədbirlər sərtləşməsə, bu hal davam edəcək”.

M.Hüseynova məhəllələrdə yerləşən ət kəsimi məntəqələrinin yığışdırılmalı olduğunu bildirib:

“Heyvanlar baytar nəzarəti olmadan kəsilirlər. Keyfiyyətsiz ət həzm sistemində problem yaradır, maddələr mübadiləsi pozulur. Eyni zamanda həmin ətdən insana keçən bir çox xəstəliklər var ki, o an bilinmir, müəyyən müddət sonra ortaya çıxır. Bu kimi halların qarşısını almaq üçün birinci növbədə aidiyyəti qurum öz işini həyata keçirməli, cəza tədbirləri sərtləşdirilməli, monitorinqlər gücləndirilməlidir.

Məhəllələrdə yerləşən ət kəsimi məntəqələri ləğv olunmalıdır. Gözlərinin qabağında kəsilir deyə insanlar əti alırlar. Baytar nəzarəti yoxdur. İstehlakçı maariflənməli, mənşəyi bəlli olmayan ətdən ümumiyyətlə istifadə etməməlidir.

Keyfiyyətsiz əti xüsusilə restoranlara satırlar. Emal prosesində normal qoxu və rəng üçün xeyli ədviyyatdan istifadə edir, dadını və qoxusunu dəyişirlər”.

Qəssab Tahir Quliyev isə həmkarlarının 80 faizinin ətləri ayırd edə bilmədiyini söyləyib:

“Hər insan əti tanıya bilmir. Bəzən qəssablar belə tanımırlar. At ətini iyindən tanımaq olur. Lakin bəzən insanlar qoxunu hiss etməkdə çətinlik çəkə bilərlər. O zaman rənginə diqqət etsinlər. At ətinin rəngi mal ətindən tünd olur. Əti sürüşkən, sümükləri nazik olur. Lülə, qabırğa sümükləri çox nazik olur. Özəlliyi budur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45