Cümə axşamı, 02 May

İran nüvə silahı əldə edərsə nə baş verər? -Politoloqun şərhi

image

Bir il çox kiçik müddət olmasa da bir çox hallarda siyasi prosesləri bir ilə sığışdırmaq mümkün olmur. Bu baxımdan kütləvi aksiyalar dörd ay davam etsə də, İran rejiminin taleyini ötən il həll etmək mümkün olmadı. Hətta belə bir fikir yarandı ki, mollakratiya özü üçün təhlükəli həddi çoxdan adlayıb və daha etirazlar onun üçün təhlükəli deyil.

Biz bu ssenarini əvvəlcədən nəzərə almışdıq. Qonşuluqda Suriya presedenti var: ölkə viran olsa da, cəmiyyətin böyük hissəsi ona qarşı vuruşsa da, Bəşər Əsəd istefa vermədi.

Sözsüz ki, burada mühüm bir detal var: Əsədi Moskva xilas etdi. Hazırda Rusiyanın başı Ukraynaya qarışsa da, demək olmaz ki, Kreml durub müxtəlif dövlətlərin, onların geosiyasi koalisiyalarının Tehranı necə çökdürməyini sakitcə seyr edəcək.

Əlbəttə, belə olmayacaq. Amma burada digər bir detalı da qeyd etməmək olmur: Tehran çox çətinliklə olsa da, nüvə silahı əldə etməyə yaxınlaşır. Bu isə çox təhlükəli həddir. ABŞ və İsrail buna imkan verəcəkmi?

Düşünmürük. Ona görə ki, burada iki ciddi məqam var. Birincisi, bir çoxları belə hesab edir ki, nüvə silahı dövlətlərə real olaraq heç nə vermir, çünki heç kim onu adi müharibədə tətbiq etməyə cəsarət etmir.

Amma belə deyil, nüvə silahı hər halda çəkindirici amildir. Həm də Rusiya kimi bir dövlət Ukrayna müharibəsi konteksində nüvə silahının adını hallandırırsa, təminat varmı ki, İran da öz rəqiblərinə qarşı bunu etməyəcək?

Elə məsələ də bundadır ki, yoxdur. İkincisi, nüvə silahının sayəsində bir çox rejimlər toxunulmazlıq qazanıblar.

Məsələn, Şimali Koreyanı götürün. Məgər Şimali Koreya rejimini saxlayan elə nüvə silahı deyilmi? Odur ki, Tehran da buna can atır. Həm də bizə elə gəlir ki, ötən əsrin doxsanıncı illərində Ukraynanın nüvə silahını almasaydılar, onu müxtəlif mənzilli raketlərdən məhrum etməsəydilər, indi bu çəkindirici amil kimi çıxış edərdi, Rusiya bu ölkəyə qarşı müharibə açmağa cəsarət etməzdi. Amma həmin Qərb o vaxt nə etdi? Onlar bir neçə milyard dolların müqabilində Kiyevi nüvə silahından məhrum etdi, onun raketlərini alıb Rusiyaya verdilər, üstəlik, onu NATO-ya da qəbul etmədilər. İndi Kiyev ABŞ-dan və Avropadan, necə deyərlər, silah dilənir. Ona silah verirlər, amma selektiv şəkildə, özü də müəyyən şərtlərlə. Yalnız bir il keçəndən sonra Vaşinqton bəyan etdi ki, aldığı silahlardan necə və harada istifadə etmək Kiyevin özəl hüququdur. Elə buna görə də düşünürük ki, bütün bu səhvləri nəzərə alaraq ABŞ və onun müttəfiqləri İrana nüvə silahı əldə etməyə imkan verməyəcəklər.

Bəs İrandakı proseslərin sonu necə görünür? Getdikcə etirazçıların tələbləri konkretləşir, onlar daha dəqiq ünvan alır. İnsanlar ölkənin dini liderinin istefasını tələb edir, rejimin əsas simalarının portretlərini yandırır, onların heykəllərini uçururlar. Amma bir az əvvəldə qeyd etdiyimiz kimi, mollakratiya geri çəkilmir, güzəştə getmir, islahatlar vəd etmir. Bu da təsadüfi deyil. Molla rejimi özünün oturduğu budağı sındıra bilməz – dünyəvi rejimə keçid onların hakimiyyətinin sonu deməkdir.

Odur ki, onlar bunu edə bilməzlər. Düzdür, ən müxtəlif təhlilçilər, eləcə də etiraz edən insanlar deyirlər ki, İran daha əvvəlki kimi olmayacaq. Amma biz hələ ki bunun əlamətlərini görmürük. Molla rejimi dörd ay ərzində hələ kiçik də olsa, islahat aparmayıb, indiyədək etirazçıların hansısa tələbini həyata keçirməyib.

Ona görə də İran növbəti ilə böyük bir yüklə gedir: təqib və edamlar davam edir, amma siyasi etirazlar, aksiyalar da səngimək bilmir. Elə bu səbəbdən də bu il İran müstəvisində də həlledici olmağı vəd edir. Necə deyərlər, görək, nə olur...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15