Cümə axşamı, 25 Aprel

Kreml “MƏXFİ” adamı ilə Bakını TƏHDİD EDİR: Qarabağda TƏHLÜKƏLİ OYUN BAŞLADI

image

Bölgədə vəziyyət ilin sonun sayılı günlər qalsa da, günü-gündən daha gərgin xarakter almağa başlayır. Rusiyanın Qərblə bölgədə mövqe uğrunda soyuq savaşı regionun təhlükəsizliyi, sabitliyi adına böyük təhdidlər yaratmaqda davam edir.

Maraqlar toqquşmasının baş verdiyi bu bölgədəki eskalasiya riski demək olar ki, yenidən hər gün artmağa doğru gedir. Əfsuslar olsun ki, Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etsə də, biz eyni konstruktivliyi nə Ermənistandan, nə onun dəfələrlə xilaskarı olmuş, regionda uzun illər əsas havadarı funksiyasını “çox uğurla” icra edən Rusiyadan, nə də Qərbin ermənipərəst dairələrindən müşahidə edirik.

Mövzunun Azərbaycan olduğu halda bütün beynəlxalq hüquq, beynəlxalq ədalət anlayışlarını bir kənara qoyaraq disbalans siyasət nümayiş etdirən, ikili standartlardan çıxış edən, qərəzli çıxışlarla, qərarlarla diqqət mərkəzinə düşən bu adıçəkilən tərəflər rəsmi Bakını yenidən faydasız kimi görünməyə başlayan diplomatik danışıqlardan imtina edərək, məsələni hərbi müstəvidə – 44 günlük müharibədə olduğu kimi həll etmək məcburiyyətində qoyurlar.

Biz bu təxribatlara ötən gün Moskvada Rusiya və Azərbaycan Xarici işlər nazirləri arasında baş tutan ikitərəfli görüş zamanı bir daha şahid olduq. Bu görüşdə məlum olduğu kimi Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın da iştirakı gözlənilsə də, rəsmi İrəvan bu təmaslardan imtina etdi. Əslində ilk baxışdan bu mənzərə son günlər Ermənistan baş nazirini Nikol Paşinyanın, spikeri Alen Simonyanın və başqa erməni siyasətçilərin açıq şəkildə Rusiyanın Qarabağdakı fəaliyyətinə sərt tənqidi yanaşması, verdikləri bəyanatlar fonunda rəsmi İrəvanın da qeyd etdiyi kimi Laçın yolundakı aksiyanın səbəb olduğunu düşünə bilərik.

Həqiqətənmi belədir?

XİN başçılarının görüşündən sonra danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Sergey Lavrovun dediklərindən belə çıxdı ki, Ermənistan protokol qaydalarını pozub. Lavrov bildirib ki, Ermənistan tərəfi üçtərəfli görüşdən imtina etməklə bağlı qərarını diplomatik kanallarla deyil, mətbuat xidməti tərəfindən bildirib. Bu da Rusiya hökuməti üçün suallar yaradır.

Əslində isə Rusiya bu gün tamamilə məsuliyyətdən yayınmaq, özünü süddən çıxmış ağ qaşıq kimi təqdim etməyə çalışır. Rəsmi Moksva bu cür mövqeyi həm Ermənistan, həm də Azərbaycana qarşı tətbiq etmək fikrindədir.

Rusiya XİN başçısı mətbuat konfransı zamanı Azərbaycan ictimaiyyətində erməni əsilli rus milyarder kimi tanınan Ruben Vardanyanla bağlı bəzi qaranlıq məqamlara öz aləmində aydınlıq gətirməyə çalışdı. O bildirdi ki, “Vardanyanın Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur və Rusiya hakimiyyətinin də onunla heç bir əlaqəsi yoxdur. Onun xahişi ilə bu yaxınlarda prezidentin (V. Putin) sərəncamı imzalanıb – o, artıq Rusiya vətəndaşı deyil. Onu Qarabağa göndərmək və siyasi həyatda iştirak etməyə təşviq etmək qərarı bizdə yoxdur, olmayıb və olmayacaq”.

Yaxşı sən dedin, biz də inandıq. Cənab Lavrov, dediklərinizin bir çoxunu biz də bilirik. Son proseslərdən sonra bir daha təsdiq olunur ki, bu oyun elə Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılıb Qarabağdakı qondarma rejimə “lider” kimi göndərilməsinə hesablanıb:

Çünki Vladimri Putin Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı ərizəsini təsdiqləməsəydi, Qarabağda separatçı rejimin “başına” gətirilməsi planlaşdırılan bu üzdəniraqın Rusiya vətəndaşı olduğu müddətdə qondarma rejimin “rəhbəri” təyin olunması mümkünsüz idi.

Çünki Bakının Qarabağdakı ermənilərlə təmaslarında “əsas nümayəndə” kimi sırımaq istədikləri Vardanyanın başqa ölkənin vətəndaşı olması bu imkanı zəiflədirdi.

Bu addımla Rusiya rəsmi Bakının “Sənin vətəndaşın olan Vardanyanın Qarabağda nə işi var? O, hansı hüquq, hansı haqla orada separatçı rejimin “dövlət naziri” təyin edilə bilər axı?” kimi haqlı suallarına Moskvadan cavab tələb etməsindən, həm də yaxın dövrdə separatçı rejimə “rəsmi” olaraq “rəhbər” olaraq açıqlanması planlaşıdırlan bu şəxsin Bakı ilə təmaslarda erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi cəhdlərinə imkanlar açmaq niyyətində olduğu istisna edilmir.

Amma Lavrovun açıqlamasından belə çıxdı ki, Ruben həm də Rusiya tərəfindən idarə olunmur. Amma Rusiya vətəndaşı olmamaq bu dövlətin marionetkası olmamaq, onun tərəfindən idarə olunmamaq anlamına gəlmir axı, cənab Lavrov.

Biz bunu 30 il əvvəl – Birinci Qarabağ müharibəsindən sonrakı proseslərdə də müşahidə etdik. Azərbaycana qarşı separatizmin ən böyük təşviqatçıları, Azərbaycan ərazilərinin işğalında, on minlərlə günahsız insanlarının qətlində birbaşa iştirak edən Robert Köçəryan, Serj Sarkisyan da Rusiya vətəndaşı deyildilər. Amma hər birimiz yaxşı bilirik ki, onlar Ruisyanın ən yaxın adamları olublar və Moskvanın tapşırıqlarını Cənubi Qafqazda yerinə yetirməklə məşğul olublar.

Rusiya xarici siyasət liderinin ötən gün Azərbaycan nümayəndə heyətinin Qarabağdakı mədənlərə buraxılmamasına görə separatçı-terrorçu rejimi günahlandırması isə ikibaşlı olub: “Mədənlərdə monitorinqlə bağlı razılaşmanı nə sülhməramlılar, nə də Azərbaycan tərəfi deyil, “Qarabağın rəhbərliyi” pozub”. 

Güya rəsmi Bakının narazılığına haqq qazandırdıqları təəssüratını yaratmaq istəyən Lavrov, əslində bu açıqlama ilə növbəti dəfə Azərbaycana qarşı məkirli oyun oynamış oldu. Lavrov günahı separatçıların üzərinə yıxmaqla məsuliyyətdən yayınmaq, Rusiyanın “neytral imicini” təqdim etməyə çallışsa da, dolayısı ilə Azərbaycana qarşı növbəti təxribatçı açıqlama ilə yadda qaldı. Belə görünür ki, əslində Vardanyanın vətəndaşlıqdan Moskva görüşündən öncə çıxarılması da rusların məsuliyyətdən yayınmasına hesablanmış addımı idi.

Rusiyalı siyasət adamı “Qarabağın rəhbərliyi” deməklə, Azərbaycanın ərazi bütövlüyünə böyük təhdid yaratmaqla yanaşı, revanşistlərin ərazi iddialarını daha da qızışdırmaq adına bir addım atmış sayılır.

Bununla rəsmi Moskva de-yure növbəti dəfə bəyan edir ki, biz Ermənistanın revanş ritorikasını dəstəkləyirik, işğalçıya dəstək veririk. Hərçənd, mədənlərə baxış keçirmək üçün gedən Azərbaycan nümayəndə heyətinin qarşısına öz layihəsi olan Vardanyanın başçılıq etdiyi quldur dəstəsi ilə çıxması da, Rusiyanın ssenarisi idi ki, Azərbaycan məcbur qalıb onunla danışmaq lazım olduğunu qəbullansın.

Belə görünür ki, Lavrov nə qədər də desə ki, “Ermənistan tərəfi üçtərəfli görüşdən imtina etməklə bağlı qərarını diplomatik kanallarla deyil, mətbuat xidməti tərəfindən bildirib”, yəni protokol qaydalarını İrəvan pozub, inandırıcı deyil. Çünki Ermənistan hakimiyyətinin heç harası üçün deyil ki, Moskvanın tələbinə qarşı əks addım atsın. O zaman nəticə çıxır ki, demək ki, Mirzoyan elə Lavrovun tapşırığına uyğun olaraq Moskvada üçtərəfli görüşdən imtina edib.

Hə, daha bir məntiq ortaya çıxır: Lavrovun deməyindən belə anlaşılır ki, Rusiya tərəfi Qarabağdakı separatçıların çıxarılmaması məsələsini də, elə Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılıb, Qarabağda separatçılara “rəhbərlik” etmək üçün hazırlıqların görülməsi də öncədən Rusiya ilə Ermənistan arasında razılaşdırılıb. Əgər belə olmasaydı, yəqin ki, Lavrov bu məsələyə görə də səsini çıxarardı, Ermənistanı hansısa üçtərəfli bəyanatları, götürülən öhdəlikləri bu zamana kimi icra etməməkdə ittiham edib, ona təsir mexanizmlərini işə salardı.

Amma istənilən halda Bakının mövqeyi barışmaz və qətidir: Azərbaycanın suveren ərazisi hesab edilən Qarabağdan bütün separatçı dəstələr 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində də qeyd edildiyi kimi dərhal çıxarılmalıdır. Bu prosesi 2 ildir gecikdirən Rusiya region dövlətlərinə təsir rıçaqlarını saxlamaq üçün bu addımı atdığı kimi, iş orasındadır ki, başqa məsələlərdə kəllə-kəlləyə gələn Kreml ilə Qərb eyni mövzuda həmrəydirlər. Azərbaycanın işi nə qədər çətin olsa da, Laçın yolundakı dinc aksiya nümayiş etdirdi ki, proseslər rəsmi Bakının hüquqi zəmində istənilən qərar verməsinə zəmin yaradır. Çünki bu ərazilərin bir sahibi var – Azərbaycan!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33