Cümə axşamı, 28 Mart

Sülhməramlılar Qarabağdan ÇIXARILIR? – Rusiyaya HÜCUMLAR BAŞLADI

image

Günlər öncə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel elan etsə də ki, Brüssel Ermənistanda gələn həftə başa çatacaq müşahidə missiyasının mandatını uzatmayacaq, Ermənistan Azərbaycanla sərhəddindən artıq geri çəkilir, amma iki gün əvvəl Aİ qəfil elan etdi ki, Ermənistanda uzunmüddətli missiyaya davam edəcəklər. 

Təşkilatın belə bir qərar verməsinin bir-neçə səbəbi var. Biz Praqa görüşü və orada Azərbaycanla Ermənistan arasında sülh prosesinə doğru önəmli razılıqlar əldə olunandan sonra başda Emanuel Makron olmaqla Fransa dövlətinin destruktiv, Azərbaycanna qarşı qərəzli çıxışlarının, qərarlarının şahidi olduq ki, bununla da Ermənistanla Azərbaycan arasında danışıqların Brüssel formatının sülhə töhfə verəcəyi artıq inandırıcı görünmür.

Bundan günlər sonra Brüsseldə planlaşdırılan Əliyev-Paşinyan görüşünün dekabrın 7-də baş tutmayacağı da məlum oldu. İlham Əliyev ADA-da keçirilən beynəlxalq konfransda bildirdi ki, rəsmi İrəvan Brüssel görüşündə Əliyevlə Makronsuz görüşmək niyyətində deyil. Buna adekvat cavab olaraq Azərbaycan prezidenti bəyan etdi ki, o zaman bu görüşün baş tutması imkansızdır.

Səbəb bəlli:

Fransa bu prosesdə artıq heç cürə neytral, sülh tərəfdarı və obyektiv ola bilməz. Bunu qısa zamanda Fransa Konqresinin Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamə də açıq nümayiş etdirdi. Fransanın hazırkı hakimiyyətinda anti-Azərbaycan əhval-ruhiyyəsi ən pik həddə olduğu bir məqamda Emanuel Makron hansı beynəlxalq hüquqdan dəm vura bilər axı?!

Aİ-nin indi peyda olub, Azərbaycanla sərhəddə yenidən missiya göndərmək istəyinin səbəblərindən biri belə görünür ki, qurumun prezidenti Şarl Mişelin iradəsi xaricində qəbul edilən qərardan başqa bir şey deyil.

Aydın görünür ki, qatı radikal ermənipərəst mövqedən bir an olsun belə əl çəkməyən Fransa Avropa İttifaqının builki sədrliyindən sui-istifadə edərək Azərbaycana qarşı təzyiqləri, qərəzli qərarları artırmaqda maraqlıdır. Makron elə düşünür ki, bu cəhdləri bir fayda verəcək. Amma rəsmi Bakıya Ermənistan sərhəddində kimin gəlib yerləşməsinin heç bir əhəmiyyəti yoxdur.

İşğalçılıq ritorikasindan əl çəkmək fikrində olmayan da, keçmiş vərdişini tərgitməkdə çətinlik çəkən də Ermənistan olduğu halda Azərbaycan niyə narahat olmalıdır?! Öz sərhədlərini, ərazisini qorumaq iqtidarında olmayıb, kimə gəldi onu qorumaq üçün az qala qucağında oturmağı belə qəbul edən Ermənistan iqtidarı narahat olsun.

Laçın yolu: sülhməramlılar postdan bir qədər geri çəkildikdən sonra

Avropa İttifaqının birdən-birə belə bir qərar dəyişikliyinə ən böyük səbəblərdən biri də bu gün Laçın yolunda baş verən aksiyanın yaratdığı mənzərədir. Azərbaycandan olan ekoloqların, QHT nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının Azərbaycanın doğal haqqı olan monitorinq istəyinin qarşısının hər dəfəsində müxtəlif üsullarla alınmasına etiraz olaraq təşkil etdikləri bu aksiyadan sonra həm Ermənistanda, həm də Qarabağ ermənilərində Rusiyaya qarşı antipatiya özünün pik həddinə çatıb.

Bu incə məqamı diqqətdən qaçırmayan Avropa İttifaqı dərhal Ermənistanda Moskvaya qarşı yaranan bu qəzəbi, etiraz səslərini özünə qazandırmaq adina çevik qərarlar qəbul etməyə başladı kimi görünür. Bu yolla Avropa İttifaqı hazırkı situasiyadan özünə divident qazanmaq üçün yararlanmağa can atır.

Sülhməramlıların əslində beynəlxalq hüququn da tələb etdiyi kimi Azərbaycan vətəndaşlarına öz ərazisində dinc aksiya keçirməsinə mane olmaq, onlara qarşı zor tətbiq etmək, etirazçılarla konfliktə girmək kimi meyllərdən maksimum özlərini uzaq tuturmuş kimi göstərməsi erməniləri bərk qəzəbləndirib.

Bu məqamdan da özgə vaxtı insan haqlarından, vətəndaş, söz azadlığından ağız dolusu danışan Avropa İttifaqının məhz özü istifadə edərək Ermənistanda belə bir təəssürat yaratmaq istəyir ki, “görürsünüz, Rusiya sizi heç vaxt qorumaq marağında və iqtidarinda olmayıb. Onlara boşuna guvənmisiniz. Sizin pis gününüzdə yenə biz sizinləyik”. 

 Bununla da Qərb Ermənistanı Rusiyanın orbitindən çıxartmaq üçün ələ düşən bu fürsətdən yararlanmaq niyyətini bir daha ortaya qoymuş olur.

Bu məqamda Rusiyaya ikinci zərbəni 44 günlük müharibədə Azərbaycanın cəngindən qoparıb, ordusunun bütünlüklə məhvinə növbəti dəfə mane olduğu Ermənistan vurdu. Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqının bölgədə varlığını təmin etmək istiqamətində səylərinə növbəti dəfə öz “töhfəsini verib”, özü də Rusiya sülhməramlı kontingentinin fəaliyyətini yenidən zərbə altında qoymaqla.

Erməni baş nazir yenidən sülhməramlıları fəaliyyətsizlikdə günahlandırıb. Paşinyan sülhməramlıları Laçın yoluna nəzarət etməyə çağırıb. O bildirib ki, Rusiyanın sülhməramlı kontingenti öz funksiyalarını yerinə yetirmir.

Bununla da rəsmi İrəvan bir daha təsdiq etdi ki, Rusiyanın arxasından oyun çevirməkdə davam edir və bu, Ermənistan Rusiyanın orbitindən tamamilə çıxmayana kimi belə də davam edəcək. Hər kəsə bəllidir ki, Nikol Paşinyan bu cür xainliyi Kremlə ilk dəfə etmir.

Soçidə özünü Putinin çətiri altına versə də, bunun ardınca ötən ay İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının konfransından sonra Putinin avtomobilinə əyləşsə də, belə görünür ki, Paşinyanın sükanı başqa əllərdədir. 

Amma iş orasındadır ki, Rusiyaya bu münasibət tək hazırda Ermənistan hakimiyyətində müəyyən səlahiyyətlər tutan şəxslər tərəfindən nümayiş etdirilmir.

Deməli, ötən gün Fransanın gəlmiş-keçmiş prezidentləri arasında ən yaramazı hesab edilən Emmanuel Makronu doğum günü münasibəti ilə Ermənistan adlı “komediklub”un keçmiş prezidenti Armen Sarkisyan da təbrik edib.

Sarkisyan Makrona ünvanladığı təbrik məktubunda qeyd edib ki, “fəxr hissilə qeyd etmək istəyirəm ki, hazırkı geosiyasi qeyri-müəyyənlik və qeyri-sabitlik şəraitində biz Fransanın, fransız xalqının və şəxsən sizin Ermənistana və erməni xalqına münasibətdə həmişə qəti, aydın və dəqiq xətt yürütdüyünüzü görürük. Biz Senatın və Milli Assambleyanın Azərbaycanın anti-erməni hərəkətlərini qınayan qətnamələrinə görə Fransaya minnətdarıq”.

Bax belə… Rusiya adlı keçmiş “ağa”larından boşanan ermənilər çətiri indi də “xoruz”ların qanadlarına dəyişmək istəyirlər. O qanadlar altına nə qədər sığınmaqlarının mümkün olacağını deyə bilməsəm də, tək bildiyim odur ki, Ermənistan hakimiyyəti ya islanacaq, ya da Azərbaycanın qətiyyəti və iradəsi qarşısında özünü növbəti dəfə isladacaq.

Erməni cəmiyyətinin bilməli olduğu həqiqət isə ondan ibarətdir ki, bu gün istər Rusiyaya, istər Qərbə, istərsə də Ermənistan hakimiyyətinə erməni xalqının taleyi zərrə qədər də önəmli deyil. Onlar sadəcə “Qarabağ erməniləri” məsələsindən öz maraqları təmin olunana kimi sui-istifadə etdikdən sonra kənara çəkiləcəklər. Yəni hər şey bölgədəki ermənilərin “istifadə müddəti” bitənə kimidir.

Nikol Paşinyanı əgər həqiqətən də erməni xalqının gələcəyi maraqlandırırsa, o dərhal üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri praktiki olaraq həyata keçirməyə təşəbbüs göstərməlidir. Çünki Ermənistan üçün bundan zərərsiz seçim yoxdur, qalanı təfərrüatdır…

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45