Cümə axşamı, 25 Aprel

Nağd pul kütləsi çoxalır - nağdsız əməliyyatlar ondan daha sürətlə artır

image

Ekspert: “Nağd dövriyyənin həcminin yüksək olması kölgə iqtisadiyyatı ilə mübarizənin orta və uzunmüddətli dövrdə davamlı olmasını zəruri edir”
Azərbaycanda nağdsız ödənişlərin həcmi sürətlə artır. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun verdiyi məlumata əsasən Azərbaycanda bankların cari hesabları üzrə ödənişlərin 77 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilib.

Baş banker bildirib ki, internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən bu ilin on ayında 55 faiz, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb: “Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42 faizi keçib. Bu isə bir ildə 12 faiz artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manat civarına çatıb”.

Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdalın açıqladığı məlumata görə, Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür. Hazırda ölkədə bank kartları ilə ödənişlərin 40 faizi ticarətin payına düşür, bunun 60 faizi isə elektron ticarətlə bağlıdır: “Pandemiya dövru dünyada bir çox proseslərdə dəyişikliklərə səbəb oldu və electron ticarətin inkişafı da məhz karantin tədbirləri dövründə daha da gücləndi. Biz elektron ticarət sahəsinin daha da böyüyəcəyini proqnozlaşdırırı. Əldə olunan rəqəmlər həm bazarda formalaşan rəqabət mühitinin, həm də bazar tənzimləyicisinin həyata keçirdiyi tədbirlərin müsbət nəticəsidir. Hazırda dünyada baş verən ödəmələrin sinxronlaşdırılmasına nəzərsə salsaq, Azərbaycanda rəqəmsal iqtisadiyyat üçün böyük potensialın olduğunu qeyd etmək olar. Ümumiyyətlə, Mastercard olaraq Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi hazırda kart ödənişlərinin hazırda şəxsi istehlak xərclərində 25 faiz təşkil edən payını davamlı şəkildə artırmaqdır".

Azərbaycanda nağdsız əməliyyatların sürətli artımı kölgə iqtisadiyyatına qarşı mübarizənin müsbət nəticələrindən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanda son illər kölgə iqtisadiyyatı ilə mübarizədə əhəmiyyətli addımlar atılıb. Müvafiq dövlət qurumları nağdsız əməliyyatların istehlakçılar və biznes subyektləri arasında əhatə dairəsinin genişləndirilməsi məqsədilə tədbirlər planları icra edirlər: “Mərkəzi Bankın müvafiq verilələrinə əsasən, 2022-ci ilin oktyabr ayında manat ilə pul bazası yanvar ayı ilə müqayisədə 18,7 faiz, nağd pul dövriyyəsi isə 20,9 faiz artıb. Habelə banklardan kənar pul kütləsində (M0) yanvar ayı ilə müqayisədə 22 faiz artım qeyd olunur. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 2022-ci ilin oktyabr ayında 75,7 faiz təşkil edib. Yanvar ayında isə bu rəqəm 74,8 faiz qeydə alınıb. Bu o deməkdir ki, nağd pul kütləsinin dövriyyədə çox olması nağd əməliyyatlara olan meylliliyi göstərir. Lakin 2021-ci ilin nisbətinə baxdıqda ötən illərlə müqayisədə inkişaf meyllərini görə bilərik. Belə ki, 2021-ci ildə nağd pul kütləsinin pul bazasında nisbəti 62,3 faiz təşkil edib ki, bu göstərici 2020-ci illə müqayisədə 16,4 bənd daha aşağıdır.

Nağd pul dövriyyəsinin həcminin yüksək olması kölgə iqtisadiyyatı ilə mübarizənin orta və uzunmüddətli dövrdə davamlı olmasını zəruri edir. Pul kütləsinin 18,8 faiz artmasının əsas tətikləyici qüvvəsi 27,6 faiz artan müddətsiz hesablardır. Müddətsiz hesablar nağd pul dövriyyəsinə tələb əsnasında tez çevrilmə xüsusiyyətinə malikdir. Belə ki, 2022-ci ilin oktyabr ayının sonu üçün ödəniş kartlarının sayı 12 milyon 925 min ədəd təşkil edib. Bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 21,1 faz çoxdur. Yanvar ayında isə sözügedən rəqəm 11 milyon 273 min ədəd olmaqla 2021-ci ilin yanvar ayı ilə müqayisədə 19,8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.2 faiz, kredit kartları üzrə 27.6 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əmək haqqı kartlarının sayı 95 min, kredit kartları 368 min, digər kartlar isə 1.8 milyon ədəd artıb”.

Departament rəhbəri bildirir ki, müddətsiz hesabların əhəmiyyətli artımında həm ötən illə müqayisədə, həmçinin cari ilin yanvar ayı ilə müqayisədə nəzərəçarpacaq artım müşahidə edilir. Bu artımlarda debet və kredit kartları, əmək haqqı kartları vasitəsilə artımların da mühüm payı vardır: “Bu o deməkdir ki, insanlar arasında nağdsız ödəniş mədəniyyəti yüksəlməkdədir. Təbii ki, burada əsas fərdi şəxslərin deyil, biznes subyektlərinin əhəmiyyətli payı var.

Biznes köçürmələrinin artımı da nağdsız əməliyyatların əhatə dairəsinin genişlənməsinə imkan yaradıb.  Habelə, iqtisadiyyata kredit qoyuluşlarının 16 faiz artımı da pul kütləsinin cari hesablar vasitəsilə artımında əsas rol oynayır. Kommersiya bankları tərəfindən təşviq edilən debet və kredit kartları əhali arasında ciddi marağa səbəb olub. Dövlət və ya özəl bankların öz debet və kredit kartlarının müştərilər arasında geniş yayılması istiqamətində marketinq və reklam kampaniyaları aparılır. Müxtəlif kommersiya banklarının potensial müştərilərin qazanılması istiqamətində apardıqları rəqabət debet və kredit kartlarının insanlar üçün üstünlüklərini və qazanclarını artırır. Nəticə etibarı ilə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən ödəniş kartlarının ev təsərrüfatları və sahibkarlıq subyektləri arasında istifadə miqyası genişlənir. Nağdsız əməliyyatların miqyasının genişləndirilməsi şəffaflıq və hesabatlıq nöqteyi nəzərdən önəmlidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33