Cümə, 29 Mart

Ombudsman Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda aksiyaya mane olmaq cəhdlərini pisləyib

image

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Rusiya sülhməramlılarının Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların keçirdikləri aksiyaya mane olmaq cəhdlərini pisləyib.

Ombudsman Aparatından daxil olan məlumatda deyilir:

“Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir.

Qeyd etmək istərdim ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.

Təəssüflə vurğulamaq istərdik ki, Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsələr də, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib.

Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqlarının pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan halların aradan qaldırlmasına haqlı narazılıqlarını bildirirlər.

Bununla əlaqədar vətəndaş cəmiyyəti üzvlərinin, ictimai fəalların beynəlxalq və milli qanunvericiliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdikləri aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin mane olma cəhdlərini qəti şəkildə pisləyir, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatının şərtlərinə və malik olduqları mandata uyğun fəaliyyət göstərməyə dəvət edirik.

Azərbaycan Ombudsmanı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi, ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyimizi ifadə edir, həmçinin, Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edir, dünya ictimaiyyətini, beynəlxalq qurumları və beynəlxalq qeyri-hökumət təşkilatlarını insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə dəvət edirik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45