Cümə, 29 Mart

“Emin Əmrullayevin “yola verdiyi” rektor büdcə vəsaitlərini talayır” – ŞOK İDDİA

image

Gəncə Dövlət universitetindəki özbaşınalıqlar və qanun pozuntuları haqda redaksiyamıza dəfələrlə şikayət ərizələri daxil olub. Bu dəfə də, Gəncə Dövlət universitetinin  professor-müəllim heyəti adından Fazil Kərimov adlı şəxs ölkə başçısı İlham Əliyevə və Təhsil naziri Emin Əmrullayevə müraciət edib. Şikayətçi bütün universitet kollektivinin hüquqlarının  pozulduğunu və müxtəlif təhqirlərə məruz qaldıqlarını bildirib.

Daxil olan müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə

Çox hörmətli cənab Prezident;

Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Universitetdə  özbaşınalıq, qanun  pozuntuları baş alıb gedir. Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır.

1. Keçmiş təhsil naziri Ceyhun Bayramovun tapşırığı ilə hazırkı təhsil naziri Emin Əmrullayevin “yola verdiyi” rektorun büdcə vəsaitlərini təhsilin keyfiyyətinin artırılması əvəzinə istədiyi kimi sağa-sola səpməsi yolverilməzdir. Bu fakt artıq heç kim üçün sirr olmasa da, nədənsə araşdırma  aparmaq  istəyən  heç  bir  aidiyyatı qurum yoxdur. Ona görə də universitet “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə idarə olunur.

2. Universitetdə bir neçə  il əvvəl yaradılmış  və  tərkibində çoxsaylı şöbələr təsis edilmiş  “İnnovasiyalar departamenti”  özünə aid olmayan işlərlə məşğuldur. Soruşan gərəkdir ki, bu departament deyilən qurumda işləyən, əksəriyyətinin magistr təhsili belə olmayan, buna baxmayaraq universitetdə ən yüksək  maaşla  təmin  edilən, hətta dekan, kafedra müdiri, professor, dosentlərdən  belə  dəfələrlə  yüksək  maaş  alan, hər ay mükafatlandırılan insanlar nə  iş  görurlər?  Görəsən,  bu  innovasiyalar deportamenti hansı innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə keçirilən test imtahanlarını  rəhbərliyin  arzu  etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə,  gəlir mənbəyinə  çevirməkdən  ibarətdir. Məhz  bu səbəbdən də, hər imtahan  sessiyasından  sonra tələbə və valideynlərin çoxsaylı şikayətlərinin, təqaüd  davalarının ardı-arası kəsilmir. Kim hay-küy salırsa, dərhal tədris işləri üzrə  prorektorun  yanına çağırıb deyirlər ki,  sənə təqaüd verəcəyik, ancaq  sakit ol, heç kim bilməsin. Bundan sonra nəticə bir də saxtalaşdırılır. Bu minvalla imtahan  prosesi  çevrilir “sportloto” oyununa.  Cek-potu isə prorektorla innovasiya  deportamenti qazanır. Buradan belə bir sual çıxır ki, əcəba innovasiya deyilən şey bu imiş..? Maraqlıdır ki, bu “İnnovasiyalar departamenti”nə  Soros fondunun tör-töküntüləri,  nənələri erməni olan Vasif  və  Asif  Həsənov qardaşları rəhbərlik edir.

3. İstər dövlət, istərsə də özəl ali məktəblərdə Boloniya təhsil sistemində tələbələrin qiymətləndirilməsi  üçün keçiriləcək  imtahanların forması yazılı olaraq müəyyən edilmişdir. Amma GDU-nun tədrisin təşkili və təlim texnologiyaları  üzrə  prorektoru Fəxrəddin Məmmədov heç bir təlimata əməl etmir. Belə ki, bunlar məqsədli  olaraq  təlimatı  pozurlar. Əgər  yoxlama  aparılsa, açıq-aydın görünər ki, 8 semestr oxuyan tələbə hər semestrdə bir imtahan forması ilə qarşılaşır. İmtahanların forması  Fəxrəddin Məmmədovun istəyindən asılı olaraq tez-tez dəyişir.

4. 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının yekunları ilə bağlı olaraq tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov tərəfindən rektor Yusif Yusibova,  imtahan sessiyasının və qabiliyyət imtahanlarının təşkilində fəal iştirak etdiklərinə görə universitetin bir qrup əməkdaşlarının  mükafatlandırılması  ilə  baglı  təqdimat verilib. Harada görünüb ki, təqdimat  verən  şəxs  özünə 700 manat  mükafat  yazır???  Bu təqdimat əsasında erməni əsilli Vasif və Asif  Həsənov qardaşlarına, qondarma olaraq məqsədli şəkildə yaradılmış  “İnformasiya resurslarının formalaşması” şöbəsinin  müdiri Aynur  Qasımovaya, “İnnovasiya  texnologiyalarının transferi və marketinqi” şöbəsinin müdiri Razim Əliyevə və s. hərəsinə 500 manat olmaqla  mükafat yazılıb. Təhsil  müəssisəsində tədrisdən  başqa  hər şeyə xidmət etmək üçün yaradılan şöbələrin adları  isə başqa bir mövzudur…

Test imtahanlarının keçirilməsi üçün  tərtib olunan testlər, müvafiq fənni tədris edən müəllimlər və kafedra müdirləri tərəfindən hazırlanır. Daha sonra isə  kafedralarda yaradılmış və rektorun əmri ilə təsdiq olunmuş komissiya üzvləri tərəfindən yoxlanılır. Amma testlərin təlimata uyğun hazırlandığına görə,  Fəxrəddin Məmmədovun təqdimatı ilə bunların əlaltılarına, bir sözlə aidiyyəti olmayan adamlara  hərəsinə  300-500 manat olmaqla mükafat yazılır. Məsələn, guya test tərtib etdiklərinə görə, “Riyazi analiz” kafedrasının baş laborantı Günay Yusifovaya, Qiyabi şöbənin operatoru Günay Cəfərovaya, “Həndəsə və cəbr” kafedrasının baş laborantı  Ülviyyə Məmmədovaya, “Ümumi riyaziyyat” kafedrasının laborantı Reyhan Məmmədovaya, “Beynəlxalq əlaqələr” şöbəsinin mütəxəssisi  Mustafa Hüseynova, “ÜTF  və  texnologiya”  kafedrasının tədris ustası Tünzalə Qarayevaya, “Kimya” fakültəsinin operatoru Aynur Bayramovaya, tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyevə, tədris işləri üzrə dekan müavini Mehriban Məmmədovaya, tədris işləri üzrə dekan müavini Məleykə Aslanovaya, “Fizika” kafedrasının baş müəllimi Sevinc İmanovaya (Aynur Qasımovanın bacısıdır), “Azərbaycan tarixi” kafedrasının baş laborantı Lalə Məmmədovaya , Ümumi şöbənin operatoru Kəmalə Əliyevaya, “Bədən tərbiyəsi və idman” kafedrasının tyutoru Rəşad Məmmədova 300-500 manat məbləğində mükafat yazılmışdır.

Tutduqları vəzifələrdən açıq-aydın görünür ki, mükafata yazılan şəxslərin heç birinin test tərtibi ilə bağlı əlaqəsi belə yoxdur. Burada elə şəxslər  var  ki, laborant  işləməyinə  baxmayaraq  test sözünün mənasını başqa cür başa  düşür. Mükafata  təqdim  olunanların hamısı rektor və prorektora çirkli işlərdə xidmət göstərən şəxslərdir. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov öz təqdimatında belə bir ifadə yazmışdır: “Məmmədov Rəşad Rüstəm oğlu-Bədən tərbiyəsi və idman kafedrasının tyutoru”. Tədrisin təşkili və  təlim  texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov hələ bilmir ki, tyutor vəzifəsi  kafedrada  yox, dekanlıqda olur.  Rektor Yusif Yusibov isə bu biabırçı təqdimatı oxumadan əmrləşdirmişdir. Bu, həmin Fəxrəddin Məmmədovdur ki, hələ GDU-ya gəlməmiş bir neçə təhsil ocağından müəllimə yaraşmayan hərəkətlərinə görə qovulmuşdur. Fəxrəddin Məmmədov Milli İstiqlal Partiyasının liderlərindən biri kimi dərs zamanı tələbələrə dərs keçmək əvəzinə, daim təbliğat aparmış və ulu öndər Heydər Əliyevə  qarşı  kəskin  mövqeyi  ilə  həmişə diqqət mərkəzində olmuşdur.

5. Akademik borcu olan tələbələrin altqruplarda  dərslərdə  iştirak etməsi üçün  onlardan  tələb olunan  ödənişlər qeyri-müəyyən formada sərf olunur. Bir çox universitetlərdə  akademik  borcunu  ödəmək üçün mövcud qrupa yerləşdirilən tələbələrdən əlavə ödəniş istənilmir. Lakin GDU-da həmin tələbələrdən  əlavə ödəniş  alınsa  da, onlara dərs deyən müəllimlərin  maaşına heç bir əlavə olunmur. Yəni,  heç  də  az  olmayan  həmin ödəniş sadəcə  olaraq  sərbəst vəsaitə  çevirilir və onun sonrakı taleyini ancaq “seçilmiş” insanlar bilir.

6. Universitetin 80 illik yubileyi ilə əlaqədar olaraq, əksəriyyəti layiq olmaya-olmaya “Əməkdar müəllim” adı alan, “Tərəqqi” medalı, “Qabaqcıl təhsil işçisi” döş nişanı və digər mükafatlarla təltif olunmuş müəllimlərin keçdikləri dərslərə bircə dəfə nəzər salmaq yetərlidir ki, bu təltiflərin hansı prinsiplə “bölüşdürüldüyü”nə aydınlıq gətirilsin. Bugünkü şəraitdə dərslər internet üzərindən keçirildiyi üçün, bu nəzarət çox asandır. Məsələ burasındadır ki, həmin adamların bir  çoxunu  illər  boyu  ümumiyyətlə, auditoriyada  görən olmayıb.  İndi də “online” dərsləri sadəcə olaraq keçmirlər, yaxud  ən yaxşı halda öz dərslərini  digər müəllimlərə keçdirirlər.  Çünki,  bu cür dərslər kənardan da izlənilə bilər  və  onların savadsızlığı, qabiliyyətsizliyi hamıya məlum olar, gülünc obyektinə çevrilərlər. Təhsillə  azacıq  əlaqəsi  olan insan yaxşı başa düşür ki, bu nə dərəcədə miskin bir mənzərədir. Amma bu adamlar digərlərindən üstün maaş alırlar, hələ bir çoxları prorektor, kafedra müdiri, müşavir və s. vəzifələr daşımaqla, üstəlik xidməti avtomobillərlə də təmin olunublar. Guya ki, müəllimlərinin əmək haqlarını artırmağa büdcə vəsaiti olmayan bir universitetdə hətta rektorun köməkçisinin də xidməti avtomobillə təmin olunması nə dərəcədə vacibdir və hazırki pandemiya şəraitində bu avtomobillərin aylıq xərcləri nə qədərdir?

7. Cənab Prezident: GDU rektorunun 4 prorektoru, 2 müşaviri, 2 köməkçisi, 2 operatoru, 1 katibəsi, 1 mühafizəçisi, 1 aşpazı var. Bu ştatlarda işləyən şəxslərin də hər birinin  ştatdankənar  köməkçləri  var.  Maraqlıdır ki, bu köməkçilər də maaş kimi rəhbərlik tərəfindən paket alır.Tələb olunan işləri yerinə yetirmək üçün təkcə prorektorların olması kifayət edir. Rektor professor-müəllim heyətinin, eləcə də texniki işçilərin maaşlarını qaldırmır. Laborant heyəti 250 manat maaş alır. Amma rektorun yuxarıda sayları göstərilən ətrafı, hətta köməkçilər daxil  həm 1500 – 2500 manat maaş alır, həm də xidməti avtomobillə təmin olunublar. Rektorun katibəsi belə evə xidməti avtomobillə gedib-gəlir. Rektorun baş müşaviri, vaxtilə qatı müxalifətçi olan Asif Cavadova ayrılmış xidməti avtomobil onun özündən başqa, kafedra müdiri işləyən həyat yoldaşı Zümrüd Cavadovaya  da xidmət edir.

8. Cənab Prezident! Siz dəfələrlə öz çıxışlarınızda bildirmisiniz ki, yalnız məhdud sayda insanlar üçün xidməti maşın saxlamaq lazımdır. Hətta xidməti maşın ayrılacaq şəxsin özünə də sərt yanaşmalar tətbiq edilməlidir. Nəqliyyat vasitələri, onun xərcləri, yanacaqla təminatı büdcə vəsaiti hesabına ödənilir. Ona görə də xidməti maşının şəxsi maşın kimi istifadəsinin qarşısı alınmalıdır. 17 yanvar 2018-ci ildə Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi haqqında imzalanmış fərmana görə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı Azərbaycan Prezidenti ilə razılaşdırılmalıdır. Amma, GDU rektoru Yusif Yusibovun  deyəsən  bu fərmandan xəbəri yoxdur. Pandemiya şəraitində bu qədər lazımsız xidməti maşınlara çəkilən şişirdilmiş  xərclər rəhbərlik tərəfindən yazılaraq mənimsənilir.

9. Rektor Yusif Yusibovun  sayəsində Gəncə Dövlət Universitetinin Təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənova  “Azərbaycan Respublikasının Əməkdar Mühəndisi” fəxri adı verilib. Təsəvvür edin ki, bu ad Xoşbəxt Yusifzadəyə də verilir, GDU-nun təsərrüfat müdirinə də. Görünür bu da, Gəncə Dövlət Universitetində  karbohidrogen yataqları tapıb, camaatın  xəbəri  yox  imiş.  Elə deyilsə,  bunun villaları hansı pullarla tikilib???  Zarafat  deyil,  təsərrüfat  hissəsinin  400-dək  işçisi var. Düzdür,  onların ancaq 20%-i gözə dəyir, qalanlarının aqibəti məlum olmasa da adlarına maaş da yazılır, hələ mükafat da.

10. Gəncə Dövlət Universitetində professor-müəllim heyətinin maaşı artırılmır. Gəncədəki digər universitetlərlə müqayisədə  GDU-da  əmək  haqqı qat-qat  aşağıdır.  Əmək haqqı “mənim səndən xoşum gəlir” (yaxud gəlmir) prinsipi  ilə  bölünür. Ştat cədvəli üzrə vəzifə maaşları arasında müəyyən bir əmsal olduğu halda, xoşa gələn adamlara, yəni rektorun yaxın çevrəsinə  istənilən maaş, üstəgəl  daimi mükafatlar verilir, xoşa gəlməyənlərin maaşını artırmağa isə  guya vəsait tapılmır.  Beləliklə də, işçilərinin  əksəriyyətinin  minimal 250 manat əmək haqqı alan bir universitetin yalnız “seçilmiş adamları”na 2000-2500 manat maaş verilir. Halbuku minimal əmək haqqı alanlardan (tədris prosesi evdən onlayn şəkildə keçilsə belə) pandemiya şəraitində  gündəlik işə gəlmələri və saat 9-dan, axşam 6-dək işdə olmaları  tələb edilir.

11. Universitetdə əməkdaşların tutduqları  vəzifələrlə  onların icra etdikləri işlər tam fərqlidir. Humanitar  işlər  üzrə prorektor Gülsüm Fətəliyeva  bütün günü əlində dəftər işçilərin davamiyyətini yoxlayır. Üstəgəl onlardan peyvənd  vurulması  haqqında  qeydiyyat sənədini tələb edir. Onun düşüncə tərzi ilə bu humanitar məsələlərin ən vacib məqamıdır. Görəsən yaşı ötmüş və qocalıqdan əziyyət çəkən bir xanımı bu cür işlərə sövq edən nədir?  Rektor isə peyvənd olunmayanları işdən qovacağı ilə hədələyir. Eyni zamanda, işçilərin davamiyyəti Elsevər  Nağıyev, Gülsüm Fətəliyeva, qeyri-qanuni olaraq Tələbə  Gənclər Təşkilatının  sədri  işləyən Orxan Məmmədov, özü baba olsa da hələ də Tələbə Həmkarlar Təşkilatının Sədri vəzifəsini daşıyan, Tələbə Həmkarlar Təşkilatının büdcəsini istədiyi kimi yeyib-dağıdan  Pərviz Adıgözəlov tərəfindən yoxlanılır.

12. Maraqlıdır, rektorun ən yaxın adamlarından biri olan Zəhra Əliyeva Bakı şəhərində yaşayır, üç ildən artıqdır ki, işə belə  gəlmir. Amma ona yüksək  maaş,  mükafat  yazılır, problem  laboratoriyasına  məsul şəxs təyin olunub. Amma 250 manat maaş alan laborant və texniki işçilər məcburi olaraq karantin müddətində işə çağırılır, onların maaşları kəsilir. Pandemiya şəraitində işçilərin məcburi olaraq  bir yerə toplanması  işçilər arasında yoluxma saylarının kəskin artmasına səbəb olmuşdur. Lakin bu haqda olan məlumat təbii ki, gizlədilir.

13. İlqar Kubışev rektorun müşaviridir. 1988-1993-cü illərdə  Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Maşınqayırma” ixtisası üzrə təhsil almışdır. İlqar Kubışev həm rektorun  müşaviridir,  həm “İnformatika” kafedrasının  dosentidir, həm də  Gəncə Musiqi Kollecinin direktorudur. Çox maraqlıdır, bu  şəxs üç vəzifəni neçə aparır?  Maşınqayırma  hara,  informatika  hara, musiqi hara???  Bu şəxs informatika sözünün mənasını bilmir, amma belə bir aparıcı kafedrada dosentdir.  Bu günə kimi bir dəfə də olsun kafedraya  gəlməyib, onun dərs keçdiyini  isə heç kim görməyib. Onun  dərs yükünə  daxil olan dərslər ya keçilmir, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunur. Bu adam Yusif  Yusibovun  sayəsində “Tərəqqi” medalına  layiq  görülüb.

14. Elsevər Nağıyev 2011-ci ildən Gəncə Dövlət Universitetində işləyir. Hal-hazırda rektorun köməkçisidir. Bu şəxsin magistr təhsili yoxdur, lakin “Azərbaycan tarixi” kafedrasında müəllim işləyir. Tərcümeyi-halında  guya Türkiyənin  Firat Universitetində magistr təhsil aldığını yazmışdır. Lakin bu diplom saxtadır. Belə ki, o həmişə rektor köməkçisi kimi işdə olmuş, Türkiyəyə getməmişdir.

15. Bir neçə gün bundan əvvəl Hesablama Palatası AMEA-nın rəhbərliyinin 10,4 min manat mənimsəməsi və bu barədə materialların Baş Prokururluğa göndərilməsi haqqında məlumat yaydı. Maraqlıdır, GDU rəhbərliyi Hesablama Palatasından çəkinmirmi? Təkcə bu yaxınlarda iki əməliyyatla 8 milyon və 32 milyon manatın xeyli hissəsi mənimsənilmişdir. Aydın məsələdir ki, bu maliyyə cinayətlərinin gizlədilməsinə rəhbərlik edən Yusif Yusibovun  Maliyyə  Nazirliyində  Aparat rəhbəri olan qardaşı Cavanşir Yusibov və onun dostu Azər Bayramovdur.

16. Burada elə bir şərait formalaşıb ki, şikayət edən şəxslər dərhal sıxışdırılır, işdən çıxarılır və müxtəlif təzyiqlərə məruz qalır. Biz  yazdığımız faktları yoxlasalar hələ neçə-neçə cinayətlərin üstü açılar. Cənab Prezident! Sizdən xahiş edirik ki, buradakı  özbaşınalıqlar  haqqında lazımı tədbir görəsiniz.

Hörmətlə, Gəncə Dövlət Universitetinin  professor-müəllim heyəti adından  Fazil  Cəmil oğlu Kərimov.

P.S. Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45