Cümə, 29 Mart

Bakı Ermənistanın nazı ilə oynamaq niyyətində deyil

image

Azərbaycan Orta dəhlizin açar ölkəsinə çevrilib; Qərbin Ermənistanı nəhəng layihəyə qoşmaq planı baş tutacaqmı?..

Ukraynaya qarşı işğalçı hücumdan sonra Qərbin Rusiya ilə münasibətlərinin onilliklər boyu əvvəlkinin yarısı həddinə qədər belə yaxşılaşmayacağı reallıqdır. Bu, Avropanın Rusiyanı görmədən Asiya ilə ticarət bağlantıları qurmaq istiqamətində fəaliyyətlərini birə-beş artırmağa sövq edir.

Ukrayna müharibəsinin başlandığı ilk aylarda ayrı-ayrı böyük şirkətlər Rusiyadan yan keçməklə Asiyaya yeni ticarət yolu tapmağa çalışırdısa, indi artıq Avropa İttifaqı, onun yaxın müttəfiqi ABŞ bu prosesin ən aktiv iştirakçılarına çevriliblər. Proses beynəlxalq təşkilatlar, böyük dövlətlər səviyyəsində irəlilədilməkdədir.

Bütün tərəflərə aydındır ki, ağırlığın tamamilə dəniz yoluna salınması mümkün deyil: mövcud resurslar buna imkan vermir. Üstəlik, dəniz yolu uzun müddət tələb edir, qısamüddətli yüklərin daşınması üçün əlverişli deyil. Buna görə də Asiyadan Avropaya Rusiyadan kənar ərazilərdən yükdaşımaların təmin olunması üçün indiyədək bir sıra qeyri-dəniz marşrutlar nəzərdən keçirilib. 24 fevraldan sonra öyrənilən, reallaşması mümkün görünən marşrutlar arasında Çin və Hindistandan İran üzərindən keçməklə Ermənistan vasitəsilə Gürcüstana, oradan Avropaya uzanan yol da vardı. Bu istiqamət üzrə müxtəlif araşdırmalar aparıldı, lakin onsuz da ABŞ və Avropa ilə problemləri olan İranın Ukraynaya hücum edən Rusiyanın yanında yer alması prosesin ilkin mərhələdəcə dayandırılmasına gətirib çıxardı. Buna həm də qeyd olunan marşrut üzrə infrastrukturun yaradılmasına uzun müddət və böyük vəsaitin tələb olunması səbəb oldu. Nəticədə, bütün diqqətlər Asiyadan Xəzər dənizi üzərindən Azərbaycana çatan Orta dəhlizə yönəldi. Artıq uzun illərdir mövcud olan bu dəhlizin yükdaşımaların böyük bir qisminin reallaşmsına imkan verəcək həddə qədər genişləndirilməsi üçün real perspektivlər var. Son aylarda Avropa və ABŞ-ın bölgəyə diqqətinin, bölgə dövlətləri ilə təmaslarının dəfələrlə artmasının əsas səbəblərindən biri də məhz bu nəhəng yükdaşıma marşrutunun imkanlarının artırılmasının təmin olunması, bölgənin Rusiya təsirindən mümkün qədər uzaqlaşdırılması ilə burada təhlükəsizliyin gücləndirilməsidir. Bu istiqamətdə həm Avropa İttifaqı, həm də ABŞ bölgə dövlətlərinə dəstək vermək niyyətlərini açıq elan edirlər. İki gün əvvəl Qazaxıstana səfər edən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin ölkə Prezidenti Kasım-Jomart Tokayevlə müzakirələrinin əsasında məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu dayanıb.

Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda tərəflərin bu marşrutun imkanlarını müzakirə etdikləri vurğulanır: “Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Prezident Tokayev və Prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolunu müzakirə ediblər”.

Əsas marşrut ölkələri - Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Azərbaycan arasında münasibətlər böyük sürətlə inkişaf etdirilir və artıq onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini rahatlıqla söyləmək mümkündür. Xəzərin o tayındakı 3 ölkə artıq yükdaşımalar üçün infrastrukturun genişləndirilməsinə başlayıblar. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi sürətlə həyata keçirilir. Eyni zamanda, Qazaxıstan Xəzərlə yükdaşımaları artırmaq üçün müvafiq limanların, terminal və dəmiryol xətlərinin yaradılması prosesinə başlayıb. Bu ölkə öz neftinin nəqli üçün də Rusiyadan kənardan keçən yola kəskin ehtiyac duyur: Ukraynada müharibə başlayandan bəri Qazaxıstan neftini Rusiya ərazisindən Qara dəniz limanlarına daşıyan Xəzər Boru Xətti ilə nəql 5 dəfə müxtəlif bəhanələrlə dayandırılıb. Öz neftini tətbiq olunacaq tavana uyğun qiymətə satmaq istəməyən Rusiyanın dekabrdan etibarən Qazaxıstan neftinin dünya bazarına çıxışını əngəlləyəcəyi heç kimdə şübhə doğurmur. Bu baxımdan Tokayevin iyulda imzaladığı Xəzər dənizi üzərindən Azərbaycanın nəql sistemi ilə neft daşımalarının təmin olunmasna dair qərar göstərir ki, Qazaxıstan hökuməti real təhlükəni görür və ona hazır olmağa çalışır. Hazırda Azərbaycanın ildə 40 milyon tona yaxın  əlavə neft nəql etmək imkanı var. Bu imkanları Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri təmin edir. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Gürcüstanda olarkən illik ötürücülük gücü 7 milyon ton olan Bakı-Supsa kəməri ilə daşımaların bərpa olunacağını bəyan edib. O, həmçinin BTC ilə də neft nəqlinin artacağını açıqlayıb. Aydın məsələdir ki, bu artım Azərbaycan neftinin hesabına olmayacaq, çünki ölkəmizdə hasilat təbii səbəblərdən getdikcə azalır. Buna görə də artımın bilavasitə Xəzərin o üzündən gələcək neft həcmləri hesabına baş verəcəyi heç kimdə şübhə doğurmur.

İran Ermənistanla əlaqəni itirəcək, bölgəyə girişi qapanacaq - Regiondakı  gərginliyin PƏRDƏARXASI/VİDEO

Qeyd etdiyimiz kimi, İran variantı birdəfəlik gündəmdən çıxdıqdan sonra Asiyadan gələn yükləri Xəzərin bu tayında qəbul edib, Avropaya ötürəcək açar ölkə Azərbaycandır. Azərbaycandan keçən yüklərin hansı ölkə üzərindən Avropaya ötürülməsinə də böyük ölçüdə rəsmi Bakı qərar verir. ABŞ və Avropa İttifaqı yüklərin bir qisminin Ermənistan üzərindən keçməsində maraqlıdılar. Onlar bunu həm də İrəvanın Rusiya təsirindən çıxarılması üçün bir vasitə olaraq görürlər. Aydın məsələdir ki, Azərbaycanla yekun sülh sənədi imzalanmadan Ermənistana yük ötürülməsi qeyri-mümkündür. Buna görə də ABŞ və Avropa İttifaqı ölkələr arasında sülh nizamlanmasının ən qısa müddətdə başa çatmasına çalışırlar ki, bu istiqamətdə son aylarda hədsiz fəallığın əsas səbəbi də budur. Hər iki güc mərkəzi Ermənistanın bu nəhəng beynəlxalq layihədən kənarda qalmaması, eyni zamanda layihə iştirakçısı ölkələrə inteqrasiya edərək Rusiyadan uzaqlaşmasında maraqlıdılar.

Zəngəzur dəhlizi" münaqişədən əvvəl necə işləyib...

Azərbaycan Qərbin təklifi olmadan belə, Ermənistanla sülh müqaviləsinin imzalanmasında, kommunikasiyaların açılmasında, Asiyadan öz ərazisinə ötürüləcək yüklərin bir qisminin Zəngəzur nəqliyyat dəhlizi ilə daşınmasına nəinki tərəfdardır, hətta bunun təşəbbüskarıdır. 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan çıxış edən rəsmi Bakı Ermənistana 5 maddədən ibarət sülh təkliflərini təqdim edib, ən müxtəlif müstəvilərdə haqlı arqumentlərini diqqətə çatdırıb. Azərbaycan birmənalı şəkildə bəyan edib ki, öz ərazisindən Ermənistan üzərindən keçəcək dəhlizin yeganə marşrutu Zəngəzurdur. İrəvan isə bu təkliflərdən ən müxətlif  bəhanələrlə boyun qaçırmaqdadır. Son olaraq Ermənistan rəhbərliyi Azərbaycana nəqliyyat daşımaları üçün hansısa 3 variant təklif etdiyinə dair absurd açıqlama ilə çıxış edib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev isə bildirib ki, ölkəmiz Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizi boyu öz ərazisində böyük həcmdə işlər görür: “Yol və dəmir yolu infrastrukturu tikilir və bərpa olunur. Uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66 faizi, Horadiz-Ağbənd dəmir yolunda (110,4 km) işlərin 38 faizi yerinə yetirilib ki, həmin yollar bu dəhlizin tərkib hissəsidir. Təəssüflər olsun ki, Ermənistan ərazisində heç nə baş vermir, əməli tədbirlər həyata keçirilmir, hətta heç bir texniki-iqtisadi əsaslandırılma və ya layihə də hazırlanmır. Biz Ermənistan hökumətinin Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndiririk. Çünki birincisi, aparılmış monitorinqin nəticələrinə görə, bu nöqtələrdən çıxan yollar relyefə və iqlim şəraitinə görə ilin böyük hissəsində, kommunikasiyaların bərpa edilməsinin məqsədlərindən biri olan Naxçıvanla nəqliyyat əlaqəsi və beynəlxalq tranzit daşımaları üçün yararlı deyil. Bundan əlavə, bir qayda olaraq, keçid məntəqələri tərəflərin razılığı ilə, qarşılıqlılıq əsasında açılır. Azərbaycanla isə bu məsələdə heç bir razılaşma olmayıb”.

Şahin Mustafayev: “Bu il sahibkarlara 50 milyon manat güzəştli kredit  ayrılıb”

Ş.Mustafayev həmçinin bildirib ki, beynəlxalq tranzit daşımaları üçün keçid rejimlərinin və paritet əsasda daxili daşımalar üçün sadələşdirilmiş keçid rejimlərinin razılaşdırılması mühüm əhəmiyyət kəsb edir: “Beləliklə, Ermənistan tərəfinin mövzu üzrə spekulyasiyası və imitasiyası 20 aylıq danışıqlar prosesinin mahiyyətini təhrif edir, onun ləngiməsinə və son nəticədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarır”.

Azərbaycan Prezidentinin Gürcüstana səfər zamanı verdiyi açıqlamalar göstərir ki, Bakı Ermənistanın nazı ilə oynamaq niyyətində deyil və diqqətini Gürcüstana uzanan nəqliyyat dəhlizinin genişləndirilməsinə yönəldir: “Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir”.

Prezidentin bu açıqlaması faktiki olaraq, Ermənistana və onu Orta dəhlizə pərçim etmək istəyən güclərə xəbərdarlıqdır: beynəlxalq proseslər çox sürətlə cərəyan edir və ermənilərin havasına uyğunlaşmaq ondan kənarda qalmaq deməkdir. Azərbaycan milyardlarla sərmayə hesabına yaratdığı əlverişli infrastrukturla Orta dəhlizin açar ölkəsi statusunu daha da möhkəmləndirməkdə qərarlıdır...

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45