Cümə axşamı, 28 Mart

Soçi görüşü ərəfəsi Ermənistan silahları işə saldı

image

Növbəti genişmiqyaslı təxribatlar istisna deyil; ekspert: “İndiki situasiyada geopolitik mənzərə sırf bizim maraqlarımıza uyğundur”

Bu ayın sonuna qədər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Bu barədə Rusiyanın “Vedomosti” nəşri iki diplomatik mənbəyə istinadla məlumat yayıb. Qeyd edilir ki, belə görüş oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində Putinin Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrini müzakirə edən barışdırıcı çıxışından sonra planlaşdırılıb.

“Vedomosti”yə başqa bir mənbə deyib ki, bu cür danışıqlar oktyabrın son günlərində baş tuta bilər. Görüş üçün əsas yerlər Moskva və Soçidir. “Çox güman ki, seçim Soçinin üzərinə düşəcək”, o bildirib. Oktyabrın 25-də Vladimir Putin Soçidə “Valday” Diskussiya Klubunun iclasında iştirak etmək üçün Soçiyə gedib.

Rusiyanın beynəlxalq gündəmin gərgin olduğu bir vaxtda üçtərəfli görüş təşkil etməsinin səbəbləri bəllidir. Avropa Birliyi, ABŞ və Fransa Ermənistan üzərindən Rusiyanı Qarabağ danışıqlarından kənarlaşdırmağa çalışır. Bunun üçün bəzi addımlar da atılıb. Ermənistan sərhəd gərginliyini bəhanə edərək Avropa Birliyinin müşahidəçilərini ölkəsində yerləşdirib, Fransa Prezidenti Rusiyanın vasitəçilik missiyasını şübhə altına alan bəyanat səsləndirib, ABŞ isə ermənipərəst konqresmenlərin dili ilə Ermənistanı Rusiyaya qarşı itaətsizliyə çağırıb. Belə ki, qatı ermənipərəst konqresmen Frenk Pallone erməni mediasına növbəti açıqlama verib. Pallone açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır. Ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir. Paşinyan bu məsələlərə Putinlə ayrıca keçiriləcək görüşündə aydınlıq gətirməlidir.

Digər mühüm məsələ, 2020-ci ilin 10 noyabrında imzalanmış sənədin Ermənistan tərəfindən iqnor edilməsidir. Məlumdur ki, bir neçə gündən sonra iki ili tamam olacaq 10 noyabr sənədinin bəndlərini-erməni silahlılarının Qarabağda çıxarılmasını, nəqliyyat və kommunikasiyaların açılmasını rəsmi İrəvan nümayişkaranə icra etmir. Bu isə sənədə imzasını atmış qarant ölkəyə - Rusiyaya da qarşı çıxmaq deməkdir. Çünki rəsmi Bakı bir neçə dəfə Rusiyanın da Ermənistanın icra etmədiyi bəndlərə görə məsuliyyət  daşıdığına işarə edib. Təbii ki, son sərhəd təxribatı, Rusiyanın da marağında olan Zəngəzur dəhlizi ilə bağlı məsələnin də müzakirə ediləcəyi gözləniləndir. O halda, Paşinyanın açıq suallar qarşısında tərləməməsi mümkün deyil...

Ermənistanın KTMT-dən çıxması məsələsi ilə bağlı parlamentdə dinləmələr  keçiriləcək” - “Hraparak” | KONKRET

Bu arada Ermənistan parlamentində ölkənin KTMT-dən çıxması ilə bağlı müzakirələrin keçiriləcəyi xəbərinin yazılması rəsmi İrəvanın Moskvanı şantaj etməsinə daha çox bənzəyir. Ermənistan mütəmadi qaydada belə şantaj üsullarına əl atır, xüsusən də görüşlər ərəfəsində. Qərb emissarlarının bir-birinin ardınca ölkəyə dəvət olunması da şantaj siyasətinin tərkib hissəsidir. Sərhədlərini illərdir Rusiyaya etibar edən Ermənistan indi də Avropa İttifaqı, ATƏT və Fransa “çinovnik”lərini, “müfəttiş”lərini Göyçə və Zəngəzur bölgəsinə çağırır. Bütün bunlar isə Moskvanı narahat etməyə bilməzdi.

Rusiya XİN sözçüsü Mariya Zaxarova son ayda ikinci dəfə Kremlin əsəbi halını nümayiş etdirib. O bildirib ki, Qərb açıq şəkildə Ukraynada istifadə edilən qarşıdurma sxemlərini Cənubi Qafqaza ötürməyə çalışır: “Biz qardaş Ermənistanın görünməmiş xarici təzyiqlərə məruz qaldığını görürük. Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik əlaqələrə xələl gətirmək məqsədilə Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır. Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi oyatmaq üçün səylərini ikiqat artırır. Biz əminik ki, xarici qüvvələrin Moskva ilə İrəvan arasında mübahisə yaratma cəhdləri uğurlu olmayacaq”.

Zaxarova “Ermənistanla strateji müttəfiqliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək əzmində” olduqlarını bildirərək, hərbi-siyasi və hərbi-texniki istiqamətlərdə dialoqun inkişaf etdiyini, iqtisadi-ticari əlaqələrin genişləndiyini, Rusiyanın iri şirkətlərinin Ermənistana daha çox yatırım qoymağa hazır olduğunu xatırladıb. Eyni zamanda Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının İrəvana ciddi fayda gətirdiyini vurğulamağı da lazım bilib.

Rusiya XİN rəsmisi deyib ki, Qərbin “qeyri-ənənəvi və həyasız yanaşmasını” Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da müşahidə etmək olar: “Nə regional spesifiklik, nə də problemin xüsusi həssaslığı nəzərə alınır. Vaşinqton və Brüsselin əsl məqsədləri heç də kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır”.

M.Zaxarova Ermənistana AB missiyasının gəlməsinə də reaksiya verib və İrəvana dolayısı ilə mesaj göndərib: “Avropa Birliyi, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana səfərlərinin sayı daha da artıb. Region əhalisinin maraqlarını nəzərə almayan tələsik uydurulmuş təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli bəyanat əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasıdır. Paralel olaraq Moskvanın guya Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə bağlı əsassız ittihamlar yayılır. Bu xüsusda xatırlatmaq istərdik ki, məhz bizim ölkə 2020-ci ilin noyabrında müharibəni dayandırdı, regiona sülh və sabitlik gətirən sülhməramlılar göndərdi və bu günə kimi Bakı ilə İrəvan arasında silahlı insidentlərin həllinə əhəmiyyətli töhfələr verir. Xarici qüvvələrin Rusiya sülhməramlı kontingentinin çıxarılmasına nail olmaq cəhdləri məhz Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib. Biz bütün səviyyələrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli, ictimai dialoqun yaradılması naminə işləməyə davam edirik.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib, burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır".

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 26-da Soçidə  görüşəcəklər

 “Doğrusu, Rusiya Prezidentinin MDB-nin Astanada keçirilən sammitində barışdırıcı nitqlə çıxış etdiyini xatırlamıram. Çünki "barışdırıcılıq" anlayışı özündə həm də ədalətli yanaşma prinsipi daşıyan bir anlayışdır". Siyasi şərhçi Elçin Mirzəbəyli bunu açıqlamasında söylədi. Analitik bildirdi ki, Rusiya indiki halda özünü regionda öz maraqlarını qoruyub saxlamağa çalışan, amma bunun qarşılığında heç nə vermək iqtidarında olmayan, hətta qismən də olsa, ədalətli olmağı bacarmayan “deyingən qoca”, əgər rus dilində ismin üç növünün olduğu və “Rusiya” sözünün qadın növünə aid olduğu nəzərə alınarsa, “deyingən qarı” kimi aparır: “Əgər proses bu kontekstdən davam etdiriləcəksə və Moskva Ermənistanla Rusiya telekanallarının rəzil təbliğatının tezislərinə uyğun davranacaqsa, o zaman şimal qonşumuzun təşəbbüsü, yaxud vasitəçiliyi ilə keçiriləcək görüşün "mən də varam", “yaxud bölgədə yalnız mən varam” ritorikasından o yana keçəcəyini gözləmirəm.

Digər tərəfdən, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birilərinin ərazi bütövlüklərinin tanınması barədə yanaşmalarda yalnız MDB-nin yaradılması ilə bağlı sənədlərə istinad olunmasını doğru saymıram. Praqa görüşünün yekun bəyanatında BMT Nizamnaməsinə də istinad olunub və bu, daha vacib məqamdır".

E.Mirzəbəyli qeyd etdi ki, ABŞ konqresmenlərinin və yaxud erməni lobbisinin açıq təmsilçiləri olan siyasətçilərin mülahizələri isə boş və mənasız söz yığınından başqa bir şey deyil: “Onları Ermənistandan daha çox, korporativ maraqları düşündürür və məhz bu səbəbdən Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyillər. Çünki bu halda onlar artıq heç nəyə yaramayacaqlar və təbii ki, bu da onların karyeralarına, bizneslərinə təsir göstərəcək.

Rusiyanın Ermənistana təzyiq imkanları varmı? Əlbəttə ki var. Həm də bütün sahələrdə. Enerji sektorundan başlamış nəqliyyat sektoruna, pul köçürmələrinədək". Amma siyasi şərhçi dedi ki, nədənsə Rusiyanın Ermənistana münasibətdə hansısa təzyiqlərinin olduğu nəzərə çarpmır: “Nə üçün? Çünki Rusiya MDB  məkanındakı bütün ölkələri Tacikistanın statusunda və durumunda görmək istəyir. Çar Rusiyasından bu yana şimal qonşumuzun siyasətində heç bir dəyişiklik baş verməyib. Çar dövründə Rusiya xalqların azadlıqlarını, dövlətlərini əlindən alır, qarşı-qarşıya qoyur, sonra isə birini digərindən qoruduğu görüntüsünü yaradırdı. Mahiyyət etibarilə daim bir-biri ilə normal münasibətdə olan xalqlar Rusiyaya xilaskar kimi baxırdılar. Evini, yurdunu, dövlətini, sərvətini əlindən alırdı, əvəzində isə özünə xidmət edəcək kadrlar yetişdirmək üçün 1-2 məktəb açırdı, adını da qoyurdu "sizə sivilizasiya" gətirdim. Maraqlıdır, görəsən, o zaman Türkiyəyə sivilizasiyanı kim gətirib? Osmanlı süquta uğrayanda Rusiya da daxil olmaqla, “sivilizasiya”nın təmsilçiləri qardaş türk xalqını Yer üzündən silməyə çalışırdılar. Cümhuriyyət dönəmində Azərbaycan xalqı cəmi 23 ay azad oldu, amma bu 23 ayda əldə olunan nəticələrə, həyata keçirilən islahatlara nəzər salın. Əgər rus-bolşevik işğalı olmasaydı, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən biri olacaqdı. Rusiya bizim böyük qonşumuzdur, amma mən bir fərd olaraq, bu ölkənin nə zamansa dəyişəcəyinə, ənənəvi xislətindən qopacağına inanmıram və güvənmirəm. Bu baxımdan da ritorikaya yox, fakta diqqət yetirirəm. İndiki şəraitdə Ermənistanla yanaşı, Rusiya da öhdəliklərini yerinə yetirməlidir. Çünki 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsinə görə zəmanətçi dövlət kimi həm də Rusiya məsuliyyət daşıyır".

Azərbaycanın qələbəsi beynəlxalq siyasi və hərbi gündəmi formalaşdırdı” – Tural  İsmayılov

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri, politoloq Tural İsmayılov dedi ki, hazırda Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər kəskin vəziyyətdədir: “Ermənistan hakimiyyəti Rusiyanın siyasi ambisiyalarını Moskva istədiyi kimi təmin edə bilmir. Rusiya uzun illər onun forpostu olan qüvvənin ikiüzlü siyasətindən "boğaza yığılıb" bir növ. İndi Paşinyan hakimiyyəti üçün bir neçə hədəf var: birincisi, Rusiyanı mümkün qədər Ermənistan ictimai-siyasi mühitindən məsafədə saxlamaq. Məsələnin ən maraqlı tərəfi odur ki, bu, indilik o qədər də mümkün görünmür. Çünki Rusiya Ermənistanın ağasıdır və istədiyi anda Ermənistanı siyasi və iqtisadi anlamda ən pis bəlaya sala bilər. Hətta rusiyayönlü qüvvələr ən son məqamda Paşinyana siyasi qəsd də edə bilərlər. İkincisi, Paşinyan Avropa İttifaqı və ATƏT də daxil olmaqla, Qərb institutlarının Cənubi Qafqazda daha çox təmsil olunmağına çalışır. Belə ki, artıq neçənci dəfədir ki, Qərb siyasi təşkilatları, hansı ki yararsızdır, Rusiya ilə razılaşdırılmadan Ermənistana gətirilir. Üçüncüsü, ən müxtəlif yollarla Rusiyaya hər mənada alternativlər axtarmaq. Paşinyan erməni diasporasının Qərb və Rusiya mərkəzləri arasındakı ikitirəlik və qarşıdurmadan maksimum yararlanmağa çalışır". T.İsmayılov bildirdi ki, indiki situasiyada geopolitik mənzərə sırf bizim maraqlarımıza uyğundur: “Azərbaycan istənilən halda Rusiyaya təzyiq etməlidir ki, 10 noyabr bəyanatını işlək mexanizmə salsın. Ermənistanın Rusiyaya qarşı vurduğu zərbələr fonunda Azərbaycanın da Rusiyaya təsir imkanları artır”.

İndiki durumda bizə qarşıdakı üçtərəfli görüşü gözləmək və izləmək qalır. Görüş anonsunun ardınca Kəlbəcər və Tovuz istiqamətindəki mövqelərimizin atəşə tutulması isə ondan xəbər verir ki, Ermənistan budəfəki görüş ərəfəsində də təxribatlara əl ata bilər: elə Avropa İttifaqının müfəttişlərinin boylandığı ərazilərdən... 24 oktyabrda amerikalı diplomatın da sorağı Göyçə və Zəngəzurdan gəldi... Paşinyan birtərəfli qaydada çağırdığı Qərb emissarları ilə bağlı da suallara cavab verməlidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56