Cümə, 19 Aprel

İrandan şok etiraf - Araz boyu təlimlər Azərbaycana qarşıdır!

image

Tehranın sonrakı addımı ermənilərin Azərbaycana qarşı növbəti sərhəd təxribatı ola bilər...

“İran Ermənistanla əlaqə yollarının bağlanmasına icazə verməyəcək”. Bu sözləri ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda “Diplomatiya sahəsi” televiziya proqramının efirində deyib. Abdullahian vurğulayıb ki, bu məqsədə çatmaq üçün İran regionda hərbi təlimlərə başlayıb.

Beləliklə, rəsmi Tehranın başımızın altına yastıq qoymasına rəğmən, Araz boyu təlimlərin gerçək hədəfi bir daha bəlli olur - bu dəfə rəsmi etiraf şəklində.

Görünür İranın Zəngəzur dəhlizi ilə bağlı qarın ağrısı hələ də qalır. Belə çıxır, dəhliz açılan kimi İran ora hərbi qüvvə yeridəcək? Bəs Tehran bunun nəticələrini hesablayıbmı? Özünü indi də Qərbin (Amerikanın) vassalı kimi aparmağa çalışan Ermənistan necə, icazə verərmi ki, İran ordusu onun ərazisinə girsin? Nəhayət, Rusiya, ABŞ buna necə baxar?

Qeyd edək ki, oktyabrın 21-də H.Abdullahian Ermənistana səfər edib. İrəvanda onun erməni həmkarı Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşləri keçirilib.

Həmçinin Abdulahian bu gün tez-tələsik təmir olunmuş Qafandakı İran konsulluğunun açılışını edib. İranın Qafanda konsulluq açma qərarı və konsul təyinatı daha əvvəl baş versə də, bu qədər tez bir zamanda konsulluq binasının açılışının baş verəcəyi gözlənilmirdi. Hətta yayılan videokadrlarda görünür ki, bina hələ tam hazır olmayıb, konsulluq lövhəsi belə tez-tələsik vurulub.

Aydındır ki, bu konsulluq Tehrana daha çox siyasi anlamda lazımdır, nəinki diplomatik prosedurları asanlaşdırmaq üçün. Yəni İran mesaj vermək istəyir ki, Qərbi Zəngəzurda möhkəm dayanıb. Açılışın Türkiyə prezidenti Ərdoğanın Azərbaycana (Zəngilana) səfərindən cəmi bir gün sonraya təsadüf eləməsi də diqqət çəkir. 

Abdullahian İrəvanda jurnalistlərə müsahibəsində deyib ki, İranın Ermənistanla regionda birgə əməkdaşlığı üçün çox məsələlər, həmçinin iki ölkənin ümumi narahatlıqları var. Nazir qeyd edib ki, İran regionda sərhədlərin dəyişməsi, dəhlizlərdə dəyişikliyə dözməyəcək, çünki bu “qırmızı xət”dir. Vurğulayıb ki, onlar iki ölkə arasında uzunmüddətli əməkdaşlığın planını hazırlamaq istəyirlər.

Abdullahian həmçinin deyib ki, İran həm Ermənistanda, həm Azərbaycanda kənar qüvvələrin mövcudluğunun əleyhinədir. O, İran və Ermənistan arasında ticarət həcminin əvvəlki illə müqayisədə 43,5 faiz artdığını və daha da artması üçün çalışacaqlarını deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İranın yüksək vəzifəli şəxsləri ilə rəsmi söhbətində rəsmi şəkildə bəyan edib ki, Bakının regionun geosiyasətini və sərhədlərini dəyişmək planı yoxdur. Abdullahian deyib ki, onlar “ən yüksək səviyyədə regionun coğrafiyasında baş verə biləcək hər hansı dəyişikliklə bağlı Azərbaycana lazımi xəbərdarlıq” ediblər.

İranın Azərbaycanla sərhəddə hərbi təlimlər həyata keçirməsi, ardınca xarici işlər nazirinin tez-tələsik İrəvana gedib ardınca Qafanda konsulluq binasının açılışını etməsi Tehranın son hadisələr fonunda açıq şəkildə Ermənistanı dəstəklədiyini göstərir. Lakin maraqlıdır ki, İran XİN başçısı da açıq şəkildə bildirir ki, Azərbaycan ən yüksək səviyyədə sərhədlərin dəyişməsi kimi bir planın olmadığını deyib. Əgər belədirsə, o zaman Tehranın narahatlığının səbəbi nədir? Əgər söhbət sərhədlərdə düşmən ölkənin varlığı və bunun yaratdığı təhdiddirsə, İranın şərq və qərb sərhədləri 10 ildən artıq bir müddətdə İranın ən qatı düşməni olan ABŞ-ın nəzarətində olub. ABŞ ordusu 20 il Əfqanıstanda mövcud olub və hələ də İraqda mövcuddur. Digər tərəfdən ABŞ-ın ən böyük regional qüvvəsi olan 5-ci donanması İranın sərhədində - Bəhreyndə yerləşir. Ancaq İran o illərdə və bu gün sərhədlərində düşmən ölkənin qüvvəsinin yerləşməsindən narahat olmayıb, ən azı bu qədər narahatlıq büruzə verməyib.

İranın “Arazboyu” rəqsi və ermənilərin sevinci

Amma indi İsrailin Azərbaycan ərazisindən İrana qarşı təhdid yaratması kimi real olmayan bir bəhanə ilə Bakıya savaş açıb. Halbuki bunu isbat edən hər hansı bir dəlilə və fakta sahib deyil. Bu isə İranın Azərbaycana qarşı İsraillə əməkdaşlıq ittihamlarının bəhanədən başqa bir şey olmadığını göstərir.

Belə anlaşılır ki, Tehranın Bakıya qarşı sionist müttəfiqliyi ittihamı daha çox daxili auditoriyaya hesablanıb. Əslində isə Tehranın əsas narahatlığı Azərbaycanın Türkiyə ilə sürətlə yaxınlaşması və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsidir. Tehranda anlayırlar ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi İranın uzun illərə hesablanmış regional siyasətinə zərbədir. Ya da başqa deyimlə Tehranın regionla bağlı planlarını pozur.

İranın keçirdiyi “kütləvi” təlimlər, ponton keçidin yeri və Aİ missiyası

Bu səbəbdən də İran indi açıq şəkildə, bütün imkanları ilə Ermənistana “stavka” edir. Çünki Tehran düşünür ki, ermənilər vasitəsilə Zəngəzur dəhlizi layihəni pozmaq, Türkiyənin Qafqazda möhkəmlənməsi prosesini ləngitmək olar. Araz sahilindəki təlimlər və Qafanda konsulluğun açılması o deməkdir ki, Tehran güc tətbiq etməklə də olsa Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışacaq. Ancaq bunu özü birbaşa edə bilmədiyi üçün ermənilər vasitəsilə etməyə çalışır.

Tehranın sonrakı addımı ermənilərin Azərbaycana qarşı növbəti sərhəd təxribatı ola bilər. Bu mənada Azərbaycanın indi İran-Ermənistan təxribatına qarşı daha ehtiyatlı və hazırlıqlı olması lazım olacaq. Bakı isə hələlik sərhədin o üzündə baş verənlərə təmkinli yanaşır. Çünki hazırda hərbi-siyasi və diplomatik üstünlük Azərbaycanın tərəfindədir. Digər tərəfdən, İran-Ermənistan ittifaqına qarşı Türkiyənin dövriyyəyə girməsi və Tehranı razılaşmaya cəlb etməsi imkanları var.

Zəngilan hava limanının açılışında iştirak edən Türkiyə prezidentinin Zəngəzur dəhlizi ilə bağlı sakit və barışdırıcı açıqlaması Türkiyənin barışdırıcı rol oynamağa hazırlaşdığını göstərir. Türkiyə prezidentinin belə bir təcrübəsi və imkanları mövcuddur. Görünür müvafiq anın gəlişini gözləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28