Cümə, 03 May

İrəvan hərblə sülh arasında qalıb - Paşinyan yenə havaya girdi

image

Ermənistan sülh sənədinin imzalanmasını gələn ilə keçirməyə çalışır?; hərbi ekspert: “Fransa və İranın bəyanatlarından ruhlanan İrəvan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək istəyir...”

Rəsmi İrəvan, belə görünür, yenə odla oynayır. Bir yandan guya Azərbaycanla sülh sazişi imzalayacağı haqda hamıya, özəlliklə də Qərbə - ABŞ və Avropaya siqnallar göndərir, o bir yandan da sərhədimizə hərbi qüvvə cəmləyir, Avropa Birliyini təmsil edən müşahidəçilərin Bakının “növbəti hərbi təxribatı”na şahidlik eləməsi üçün altdan-altdan riskli oyunlar qurur.

Məqsəd həmənkidir: Azərbaycanı hədəfə gətirməklə Brüssel masası arxasında Bakının əlini zəiflətmək, öz mövqeyini gücləndirmək və əlbəttə ki, sülh müqaviləsi mətninə erməni tərəfinin maraqlarına uyğun düzəlişlərə nail olmaq. Söhbət xüsusən də status iddiasından gedir. Və ya Ermənistan üçün “məqbul şərtlər” yetişənə, öz ordusunu təzədən quranadək müqavilənin imzalanmasını ertələmək, ən azı, gələn ilə keçirmək niyyəti güdülür.

Rəsmi Bakı isə sözsüz ki, hazırkı həssas mərhələdə İrəvanın bütün mümkün hərbi təxribatlarını, təbliğati gedişləri və fəndlərini nəzərə alır, qarşı tərəfin addımlarını diqqətlə izləyir və ön tədbirlər görür. Keçək isti faktlara.

*****

Hazırda Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanda səfərdədir. O Hindistan ki, az öncə İrəvana 270 milyon dollar dəyərində (balaca Ermənistan üçün yetərincə böyük rəqəmdir!) silah-sursat və hərbi texnika verib. Ən maraqlısı da odur ki, həmin silah tədarükündən cəmi bir neçə gün sonra Ermənistan Azərbaycanla sərhədə hərbi qüvvə, o cümlədən ağır texnika, artilleriya qurğuları cəmləşdirməyə başladı.

Yeri gəlmişkən, Hindistanın “The Print” onlayn qəzeti yazıb ki, Ermənistan Hindistanla yeni hərbi sazişlər bağlamaq imkanını nəzərdən keçirir. “Ermənistan "Akaş" zenit-raket kompleksləri ilə yanaşı, Hindistandan PUA və digər döyüş sursatları da almaq istəyir", - deyə portal bildirir. Qeyd olunur ki, Ermənistanın müdafiə naziri Suren Papikyan və onun həmkarı, Hindistanın müdafiə naziri Şri Racnat Sinqh arasında keçirilən ikitərəfli görüşdə əsas diqqət müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.

İndi sual yaranır: sülh istəyən tərəfin bu həşiri nə ilə bağlıdır? İrəvan gerçəkdənmi Azərbaycanla barışığa hazırlaşır, yoxsa müharibəyə?

***** 

“Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına kifayət qədər ağır silahlar toplaması ordumuzun həmin ərazilərdə xidmət aparan şəxsi heyətinə qarşı birbaşa təhdid yaradır. Belə təhdidlərin gələcəkdə daha da geniş miqyas almaması üçün ordumuz bu təhdidlərin ən qısa müddətdə aradan qaldırılması üçün adekvat tədbirlər görməlidir”.

Məlumata görə, bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun fikrincə, Fransa və İran tərəfindən səslənən və heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandaki revanşist qüvvələri daha da cəsarətləndirib və nəticə etibarilə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək niyyətindədirlər: “Bütün baş verənlərə görə məsuliyyət tamamilə Ermənistanın və onu dəstəkləyən qüvvələrin üzərinə düşür. Biz Ermənistan ordusunun real imkan və potensialına bələd olduğumuz üçün yaxın zamanda mümkün toqquşmalarda onları nə gözlədiyini də yaxşı bilirik”.

*****

Paşinyanın Bakını “yeni hərbi təcavüzlə” bağlı ittiham etməsi nədən xəbər  verir? | Qaynarinfo.az

“Ermənistanın Azərbaycanla sərhəddə artilleriya və canlı qüvvə cəmləməsi haqda məlumatlar fonunda Nikol Paşinyanın Bakını "yeni hərbi təcavüzlə" ittiham etməsi təsadüfi deyil".

Bunu isə siyasi təhlilçi Asif Nərimanlı söyləyib. 

“Nikol iddia edir ki, Azərbaycan sərhəddə "atəşkəsi pozur" və bu, yeni hərbi hücum üçün bəhanədir. Əlavə edir ki, atəşkəs rejimini saxlamaq və təhlükəsizliyi təmin etmək üçün beynəlxalq mexanizmlər lazımdır. 12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər - Qərbin, xüsusilə Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə “mülki missiya”nın gəlişi qərarı və s. İrəvanın hədəfinin sərhədə “beynəlxalq müşahidəçi” adı altında Qərb qüvvələrinin gətirilməsi, bununla sərhədin müəyyən edilməsi də daxil olmaqla, bölgədəki vəziyyəti öz xeyrinə dəyişmək olduğunu təsdiqlədi. Praqada qərar qəbul edilsə də, Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası, gözlənildiyi kimi, sərt oldu və Putinin üçtərəfli formatda yeni görüş hazırlığı da deməyə əsas verir ki, Moskva təşəbbüsü yenidən ələ almağa çalışacaq", - deyə o qeyd edib.

Ekspertə görə, Ermənistan Rusiyanın prosesə müdaxiləsinədək “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir və erməni qoşunların sərhəddə cəmlənməsinə paralel, Paşinyanın Azərbaycanı “yeni təcavüzə hazırlaşmaqda” ittiham etməsi də İrəvanın növbəti hərbi kampaniyaya başlayacağı gözləntisini artırır. “Təxribatların Moskvada mümkün üçlü görüşə qədər olacağı da istisna deyil”, - analitik əlavə edib.

*****

Nikolun bu sözü deməsi və sərhədə ordu cəmləməsi...

“Lakin Ermənistan Cənubi Qafqazdakı yeni reallıqlarla barışmalı olacaq”.

Bunu Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib (Trend).

Politoloqun qənaətincə, Ermənistan rəhbərliyinin ümid etdiyi mühüm variant odur ki, Qarabağda erməni maraqları üçün başqaları mübarizə aparmalıdır: “Onlar təbii ki, Rusiyanın Ermənistan üçün döyüşəcəyini gözləyirdilər, çünki Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Əslində Ermənistan bu təşkilatlara ona görə qoşulub ki, Rusiya Qarabağ münaqişəsində onun tərəfində olsun. Amma Rusiya Ermənistan üçün döyüşməkdən imtina edib, açıq-aşkar neytral mövqe tutur. İndi Rusiyanın mövqeyi Ermənistan rəhbərliyində elə nifrətə səbəb olur ki, onlar Rusiyanı daim azərbaycanyönümlü mövqedə ittiham edir. Ermənistanın Fransa Prezidenti Emmanuel Makron kimi müttəfiqləri də Rusiyanı azərbaycanyönümlü olmaqda ittiham edirlər. Əslində isə Rusiyanın mövqeyi neytral və ədalətlidir”, - deyə o bildirib.

qaynarinfo.az

Markovun sözlərinə görə, Ermənistanın tapmağa çalışdığı ikinci variant ondan ibarətdir ki, Fransa Qarabağa əvvəlcə öz müşahidəçilərini, sonra isə hərbçilərini göndərəcək: “Bir tərəfdən Fransa Ermənistanı mümkün qədər dəstəkləyir, digər tərəfdən isə Ermənistan rəhbərliyi və cəmiyyəti hesab edir ki, fransızlar öz əsgərlərini Qarabağda Azərbaycan Ordusuna qarşı erməni maraqları üçün döyüşə göndərməyəcəklər. Bir sözlə, fransızlar diplomatik danışıqlarda Ermənistanın tərəfini tutmağa çalışacaqlar. Bu fikir Ermənistanın üzərində ağır kölgə kimi asılıb”.

Rusiyalı politoloq ardınca qeyd edib ki, Ermənistanın istifadə etməyə çalışdığı daha bir variant Qarabağın erməni icmasına, demək olar ki, müstəqilliyə bərabər olan yüksək muxtariyyət əldə etməkdir: “Amma bu, mümkün deyil, Azərbaycan Qarabağın erməni icmasına hər hansı ayrıca status vermək istəmir. Azərbaycan təkid edir ki, ölkədəki bütün millətlər, xalqlar eyni hüquqlardan yararlanır. Azərbaycanda ruslar, yəhudilər, bir çox başqa millətlərin nümayəndələri yaşayır və onların hamısı bərabər hüquqlardan istifadə edir. Amma erməni cəmiyyəti özünü bütün xalqlardan üstün tutur. Bu cür ultramillətçilik onları dalana dirəyir. Ermənistan qəbul etməlidir ki, heç bir muxtariyyət olmayacaq”.

Əlavə edək ki, bir ovuc Azərbaycan ermənisinə heç bir lüzum olmadan xüsusi imtiyaz, siyasi status tanıyıb bunu konstitusiyamızda təzədən əks etdirmək həm də 3-cü Qarabağ müharibəsi üçün öz əlimizlə hüquqi zəmin yaratmaq və gələcək nəsillərə köhnə münaqişə saxlamaq demək olardı...

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15