Cümə, 29 Mart

Bu müraciətdən sonra Rasim Məmmədov həbs olundu

image

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə "Baku Steel Company"nin hazır məhsullar anbarının rəisi Fərhad Həsənov ifadə verib.

Fərhad Həsənov "Baku Steel Company"dən 42 min ton aliminum yoxa çıxması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edən ilk şəxs olub. O, 2021-ci il yanvarın 11-də etdiyi yazılı müraciətində 42 min ton metalın qeyri-satış vasitəsilə yoxa çıxdığını deyib.

Bundan bir qədər sonra Rasim Məmmədov həbs olunub.

Məhkəmədə ifadə verən Fərhad Həsənovun sözlərinə görə, yoxa çıxan 42 min ton metalı qəbul edib və satış anbarına yönləndiriblər:

"Sonrakı məsələlərin mənə aidiyyəti olmayıb. Mənim işim metalı qəbul edib, satış anbarına göndərməkdir. Ordan da tikinti şirkətlərinə satış həyata keçirilirdi. Mən öz anbarıma cavabdehəm".

Daha sonra məhkəmədə şahidin istintaq zamanı verdiyi ifadəsi elan olunub. Fərhad Həsənov əvvəlki ifadəsində 2016-2020-ci illər ərzində şirkətdə 1 milyon 193 min ton armatur istehsal olunduğunu deyib.

Prokuror Orxan Səmədov bu hissə ilə bağlı məsələyə aydınlıq gətirməsini istəyib. Şahid istintaqa verdiyi ifadəsini təkzib edərək 1 milyon 193 min aliminumun 4 ilə deyil, 10 ilə istehsal olunduğunu bildirib.

O, şahiddən aidiyyəti olmayan məsələ ilə bağlı nəyə görə DTX-yə müraciət etdiyini soruşub. Şahid təqsirləndirilən şəxsin sualına cavab olaraq deyib ki, özünü sığortalamaq məqsədilə şikayət edib.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib. Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir. İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45