Cümə axşamı, 02 May

“Bakı-Xankəndi müzakirə mexanizmi” nə deməkdir?

image

Ermənistan XİN bəyan edir ki, tərəflər qondarma rejimlə Azərbaycan arasında təmas qurulmasını guya müzakirə ediblər, rəsmi Bakının açıqlamasında isə belə fikir keçmir; ekspertlər həyəcan təbili çalır: “Bu qondarma format ideyası...”

Oktyabrın 4-də ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bildirir ki, Blinken tərəfləri silahlı toqquşmalardan çəkinməyə, təklif olunan elementlər əsasında sülh müqaviləsi üzrə danışıqları sürətləndirməyə çağırıb və sərhədin delimitasiyası üzrə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

“Söhbət zamanı tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasının digər istiqamətləri barədə fikir mübadiləsi aparıb, bu məsələlərdə irəliləyişə nail olmaq üçün təmasları davam etdirmək barədə razılığa gəliblər”, - Azərbaycan XİN-in məlumatında deyilir.

Oktyabrın 2-də isə Cenevrədə nazirlər arasında ikitərəfli görüş haqda Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda diqqətçəkən bir məqam var: Ermənistan XİN bildirir ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, o cümlədən Xankəndi və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına dair qarşılıqlı anlaşma müsbət qiymətləndirilib".

Maraqlıdır ki, Azərbaycan XİN-in bəyanatında görüşdə “Bakı-Xankəndi müzakirə mexanizmi” haqda heç nə deyilmir. Bəs o halda bu ifadə nə anlama gəlir? Bu, xalqların yaxınlaşması istiqamətində aparılan danışıqlara “Bakı-Xankəndi müzakirəsi” adını vermək cəhdidirmi? Bunun Xankəndi-Bakı müzakirəsi kimi göstərilməsi manipulyasiya cəhdidir, yoxsa bunun arxasında yeni erməni hiyləsi var? Bakı öz təbəələri ilə danışıqları necə qurmalıdır? Yeri gəlmişkən, prezident Ağdamda çıxışı zamanı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını bir daha xatırlatdı və qondarma rejimin müstəqilliyini heç kimin, o cümlədən Ermənistanın tanımadığını bəyan etdi.

Natiq Cəfərli Əli Əliyevə ilişdi - Reportyor

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin bildirdiyinə görə, Ermənistan Qarabağ yükünü üzərindən atmaq istəyir, amma bunu Azərbaycanın ərazi bütövlüyünü tanımaqla deyil, bölgəni Rusiyaya yükləməklə etməyə çalışır: “Yəni Ermənistan deyir ki, rəsmi Bakı ilə danışıqlarda Qarabağ mövzusu olmamalı, iki ölkə arasında olan problemlər ayrıca masaya yatırılmalı, Qarabağla Azərbaycan ayrıca özü danışmalıdır. Qondarma qurumun son bəyanatında qələmin Kreml tərəfindən tutulduğu aydın görünür - son 2 ildə dəfələrlə ictimai çıxışlarımda xəbərdarlıq etmişdim ki, sonda Xankəndi məsələsi Rusiya ilə münasibətləri dalana dirəyəcək, əgər Moskva Ukraynada uğur qazana bilsə, o zaman eyni ssenarini (referendumla öz ərazisinə qatmaq, Kalininqrad kimi eksklav şəklində) Qarabağda da təkrarlaya bilər. Son zamanlar yayılan videotəxribatların, Ermənistanla sərhəddə qonşu dövlətin müxtəlif maraq qruplarının törətdiyi təxribatların yeganə məqsədi Brüsselin moderatorluğunda davam edən sülh prosesini baltalamaq, yenidən bütün iplərin Kremlin əlinə keçməsinə şərait yaratmaqdır”.

N.Cəfərli təklif edir ki, Azərbaycan tərəfinin atmalı olduğu addımların ardıcıllığı belə olmalıdır: “Birincisi, sülh danışıqlarını bacardıqca intensivləşdirmək, il sonuna qədər çərçivə anlaşmasının imzalanmasına nail olmaq, ikincisi, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşların) Azərbaycana inteqrasiyasının yol xəritəsini elan etmək - bura Xankəndi və ətrafındakı yaşayış məntəqələrində seçkili yerli orqanların da olacağına zəmanət vermək, Moskvaya son xəbərdarlıq edərək oktyabrın sonuna qədər "rusməramlıların" nəzarətində olan bölgələrdə onlardan başqa əlində silah olan kimsənin qalmamasını tələb etmək, əgər tələb yerinə yetirilməsə, öz qanuni ərazilərimizdə “rusməramlılardan” başqa əlində silah olan hər kəsi terrorist, zərərsizləşdirmək üçün qanuni hədəf elan edərək antiterror əməliyyatlarına başlamalıyıq". Ekspert hesab edirik ki, əgər “rusməramlılar” bu əməliyyatlara mane olsalar, Milli Məclisin geniştərkibli iclasını elan etmək, deputatlardan başqa bütün əsas siyasi qüvvələrin iştirakı ilə müzakirələr apararaq “rusməramlıların” ərazimizdəki fəaliyyətini qeyri-qanuni elan etməklə onların məmləkətdən çıxması üçün ümumi 48 saat vaxt vermək lazımdır: “Antiterror əməliyyatlarından sonra Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların icma nümayəndələri (məhz icmalar formatında) ölkənin Daxili İşlər Nazirliyi və digər daxili məsələlərlə məşğul qurumları görüşə, inteqrasiya məsələlərini müzakirə edə bilərlər. "Artsax"ın son sarsaq bəyanatı daha çox Ermənistana ünvanlansa da, bizim üçün də təhlükəli məqamları çoxdur. Dünyanın indiki qarışıq zamanında hələ də 1 noyabr 2020-ci ildə (44 günlük müharibənin bitməsinə 9 gün qalmışdı) yazdığım fikirdə qalıram - indiki durmanda bizim də öz “Çanaqqalamız” olacaq, buna ciddi hazırlaşmalıyıq..."

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyev elan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik”. Ekspert hesab edir ki, Prezidentin Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil: “Ermənistan "Bakı və Xankəndi" formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır. Nikolun bunu ilk dəfə Makronla görüşdə dilə gətirməsi də təsdiq edir. Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verir. Dördtərəfli görüşdə Paşinyan və Makronun Xankəndidəki ermənilər, Bakının onlarla “tərəf” kimi danışması məsələsini gündəmə gətirə biləcəyi istisna deyil. Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı mesajı bu görüşə də hesablanıb və görüş öncəsi belə bir mövzunun müzakirəsinə belə razılıq verilməyəcəyini elan edir".

Ramiyə Məmmədova: Türkiyə “S-400”-ləri Ukraynaya verə bilərmi? - KAFKASSAM  - Kafkasya Stratejik Araştırmalar Merkezi

 Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, Paşinyan Bakı-Xankəndi  problemi olduğunu göstərməyə çalışır:“Ermənistan məsələni məqsədli şəkildə belə qoyur ki, sülh sazişi imzalamaqda problem yoxdur, sadəcə, Qarabağdakı ermənilərin müstəqillik istəkləri var və bu, Azərbaycanın problemidir. Qərbdə olan tərəfdarları da oxşar tezislərlə çıxış edirlər. Bu, yeni rakursdur - guya Bakı ilə Xankəndi danışıqları olmalıdır. Ancaq Azərbaycan terrorçularla Qarabağı müzakirə etməyəcək. Hətta Sərsəng su anbarına baxış keçirəndə qondarma qurum məlumat yaydı ki, Azərbaycanla bəzi məsələləri danışaraq həll etməliyik. Yəni onlar bizdən asılıdırlar. Ermənistanın Qarabağdakı ermənilərə təsir imkanları getdikcə sıfıra enir. İndi "artsax" Rusiyaya ümid bəsləyir. Ona görə Xankəndidə Paşinyana etiraz edirlər, Rusiya bayraqları ilə mitinq keçirib Kremlə yaltaqlanırlar. Sadəcə, İrəvan yenə hiyləgər gediş etməklə problemin Bakı ilə separatçı rejim arasında olduğunu deməyə çalışır".

Xatırladaq ki, qondarma “artsax”ın “təhlükəsizlik şurası” 6 bənddən ibarət bəyanat yayıb: “Artsax”ın beynəlxalq tanınması yoxdur, amma bu, “artsax” xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmır və bu hüquq uğrunda mübarizə davam edəcək, “artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Azərbaycan müstəqilliyini elan edəndə artıq “artsax” bu ölkənin tərkibində deyildi, referendum keçirib Azərbaycanın tərkibindən çıxmışdıq. Ermənistanın rəhbərliyi danışıqları “artsax”dan gizlətməməli, bütün bəndləri bizimlə məsləhətləşməlidirlər, razı olmadığımız mətnə imza atmamalıdırlar. Ermənistan daim “artsax”ın yanında durmalıdır, amma son 2 ildə biz bunu tam hiss etmirik. Rusiyanın bölgədə yerləşən sülhməramlıları “artsax” xalqının təhlükəsizliyinin əsas qarantıdır, daim burada qalmalıdır, son zamanlar əsas və əbədi müttəfiqimiz olan Rusiyaya qarşı Ermənistanda gedən təbliğatı, münasibətlərin pisləşməsini narahatlıqla izləyirik. Diaspora təşkilatlarımız bizim subyekt kimi tanınmamız üçün səylərini gücləndirməli, bunun üçün bütün addımlar atılmalıdır. “Artsax” Azərbaycanla birbaşa danışıqlardan qaçmır, amma bu danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etməlidir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15