Çərşənbə axşamı, 23 Aprel

Ter-Petrosyanın “təslim olun, barışın” mesajına Bakıdan reaksiyalar

image

Ermənistanın eks-prezidentini ölkəsinin tamamilə məhv olacağı həyəcanlandırır, yoxsa...?

“Barışmasaq, imzalamasaq, məhv olacağıq”, “Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

Xəbər verilir ki, bu fikri Ermənistanın İctimai Televiziyasına müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib. Onun daha sonrakı açıqlamalarını bu cür sıralamaq olar: “... Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq; “Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və daha ağrısız həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu “satqın” adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram. Digərləri, bilmirəm, görünür, hazır deyildilər, ona görə də təxirə saldılar. Uğur qazanmaq üçün bütün tərəflərdən mütləq səmimiyyət tələb olunur. Bütün ambisiyaları bir kənara atmaq lazımdır"; “Bəli, bu, kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçib”; “Əgər bu gün az-çox razılaşmalar əldə etmək mümkündürsə, daxili iğtişaşların davam edəcəyi, hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə proses daha da çətinləşəcək. Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər biz daha yarım il də belə davam etsək, ölkəmiz olmayacaq”; “Rusiya ilə münasibətlər daha yaxşı, indikindən xeyli konstruktiv olardı, əgər yeni reallıq olmasaydı. İndi hər şey qarışıb, Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturam. İndi bizim üçün daha təhlükəli vəziyyət yaranıb, o mənada ki, Rusiya Federasiyasının hər zaman bizim üçün bu regionda xüsusi rolu olub və əvvəllər onu həmişə yerinə yetirib”; ““Artsax” məsələsi artıq həll olunub: mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan "Artsax"da aktor deyil. “Artsax” məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi, indi isə onun özünün çoxlu problemləri var. Mümkündür ki, indi bu açar haralardasa itib. İndi Rusiyadan nə gözləmək olar?’’

Ter-Petrosyan uzun illər boyunca Ermənistana rəhbərlik edən “Qarabağ klanı”nı ayıltmağa, Azərbaycanla anlaşmağa çağırıb və əks halda, ölkəsinin uduzacağını deyib. Zamanında bütün bu xəbərdarlıqlara məhəl qoymayan revanşistlər yenə də köhnə “hava”ya giriblər, xüsusən də ABŞ və Fransadan aldıqları stimullaşdırıcı vədlərin qarşılığında... Görünür, Ter-Petrosyanı da narahat edən Ermənistanın tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasıdır ki, həyəcan təbili çalıb. Levon Ter-Petrosyan o şəxsdir ki, hələ 90-cı illərdə Ermənistana və dünya erməniliyinə müraciət edərək, Azərbaycanla anlaşmağa, güzəştlərə və Qarabağın dağlıq hissəsindən kənarda işğal olunan rayonları qaytarmağa səsləmişdi.

Bəs bu açıqlamaların Azərbaycan üçün anlamı nədir? Levon-Ter Petrosyanın düstur kimi irəli sürdüyü tezislər Ermənistan xalqını kompromislərə hazırlamaq baxımından, hansısa rol oynaya biləcəkmi? Nəzərə alsaq ki, Petrosyan bu açıqlamaları erməni katolik kilsəsinin rəhbəri və keçmiş prezidentlərlə, o cümlədən də Qarabağdakı qondarma qurumun eks rəhbərlərinin iştirakı ilə ötən həftəsonu keçirilən görüşdən sonra söyləyib, o zaman bütün mənzərə tamamilə dəyişir. Çünki hazırda Ermənistan iqtidarının başında duran Paşinyanın göstərdiyi davranışlar Pertosyanın təslimiyyət ruhunda verdiyi açıqlamalarla sanki ziddiyyət təşkil edir. Ter-Petrosyanın bu sensasion açıqlamalarını Azərbaycan analitikləri, siyasət adamları necə şərh edirlər?

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli açıqlamasında xatırlatdı ki, Levon Ter-Petrosyan hakimiyyətdən getdikdən bir müddət sonra dəfələrlə Ermənistanı gözləyən acı sonluqla bağlı Robert Köçəryanı və Serj Sərkisyanı xəbərdar etmişdi: “O, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanın bir dövlət olaraq inkişafının və hətta mövcudluğunun mümkün olmayacağını bildirmişdi. Daha sonra eyni xəbərdarlıq mətnləri onun müsahibələrində Nikol Paşinyana və bütövlükdə ermənilərə ünvanlandı. Erməni ictimaiyyəti, uzun illər boyu Azərbaycan xalqına, bütövlükdə türk etnosuna qarşı nifrət üzərində köklənmiş, ultramillətçi, neofaşist ideyalarla zəhərlənmiş toplum, təəssüf ki, bu reallıqları anlaya və həzm edə bilmədi və nəticə göz qabağındadır. Məsələ burasındadır ki, Nikol Paşinyan istər jurnalist kimi fəaliyyət göstərdiyi, istər Ter-Petrosyanın hərəkatında təmsil olunduğu, istərsə də hakimiyyətə gəlməzdən təxminən 3 il öncə, yəni 2015-ci ilədək Ermənistanın birinci prezidenti ilə yaxın və bəzi məsələlərlə bağlı eyni baxış bucağına malik idi. Amma çox güman ki, sorosçular və Nikolu, eləcə də ətrafını Qərbdən istiqamətləndirən qüvvələr regionu təsir dairələrində saxlamaq üçün fərqli bir ssenari, ideoloji platforma formalaşdırmaqla, ola bilsin ki, onda işğalın legitimləşdirilməsinin mümkünlüyü barədə təəssürat oyada bilmişdilər. Bu, şübhəsiz ki, ehtimaldır, amma ABŞ və Fransa kimi ölkələrin 44 günlük müharibənin nəticəsindən keçirdikləri narahatlıq, İrəvanı təxribatlarını davam etdirməyə həvəsləndirmələri bu ehtimalın reallığa daha yaxın olduğunu göstərir”. E.Mirzəbəyli bildirdi ki, müharibədən öncə düşünməyi azacıq da olsa, bacaran ermənilər həmyerlilərinə xəritəyə baxmağı və nəticə çıxarmağı məsləhət görürdülər: “Reallıqlar müxtəlif beynəlxalq təşkilatlarda, siyasi partiyaların beynəlxalq əməkdaşlıq platformalarında, forumlarda Ermənistanı təmsil edən şəxslərin diqqətinə açıq şəkildə çatdırılırdı. Məsələ burasındadır ki, Cənubi Qafqaz və onu əhatə edən nəhəng bir subregion - Xəzər, Qara dəniz, Egey, Mərmərə və Aralıq dənizi hövzələrini əhatə edən nəhəng bir ərazi qardaş və qohum xalqların yaşadıqları, türk-islam mədəniyyətinin hakim olduğu ərazilərdir. Bununla yanaşı, Avrasiyanın digər böyük etnosu olan slavyanlar da, tarixi, mədəni və etnososioloji dəyərləndirmələr baxımından, Lev Qumilyovun da qeyd etdiyi kimi, türklərlə eyni siviliziasiyanı təmsil edirlər. Kimin qəbul edib-etməməsindən asılı olmayaraq, bu, elmi baxımdan təsdiqini tapmış bir həqiqətdir. Məhz bu baxımdan, Avrasiyanın nəhəng bir hissəsində təhlükəsiz və firavan yaşayışın yeganə düsturu isə burada hakim olan sivilizasiyanın bir parçasına çevrilməkdən ibarətdir. Eyni sivilizasiyanın təmsilçiləri arasında fikir ayrılıqları və hətta qarşıdurmalar da ola bilər. Amma xarici ekspansiya təhlükəsi qarşısında bu sivilizasiyalar birləşə və eyni mövqedən çıxış edə bilirlər. Biz azərbaycanlılar, türklər və bizimlə ortaq mədəniyyəti paylaşan qohum xalqlar Avrasiya və türk-islam mədəniyyətinin təmsilçiləriyik, Avroatlantik sivilizasiyaya heç bir aidiyyətimiz yoxdur”. Analitik qeyd etdi ki, kimsə təfəkküründə hansısa ərazini harasa yamamaq barədə düşünə bilər, amma təcrübədə başqa bir sivilizasiya təmsilçisinin daha geniş bir sivilizasiya coğrafiyasında mövcudluğu mümkün deyil: “Çünki gec-tez böyük sivilizasiya ona yamaq olmağa çalışan başqa bir sivilizasiyanın bir parçasını assimilə edərək udacaq, tarixin arxivinə göməcək. Məsələyə bir azsa geniş aspektdən yanaşdım, qüsura baxmayın. Amma reallıq budur ki, biz bu bölgənin hakim xalqıyıq və istənilən xarici təhdidlərə qarşı dayanmaq potensialındayıq. Ermənilər də, onları himayə edənlər də, ermənilərin Avrasiyada məkr və hiylə daşıyıcısı olan, türk sülalalərinin xanədanlarına min bir iyrəncliklə yol tapıb hakimiyyətə sahiblənən qardaşları da bunu dərk etməli, anlamalıdırlar”.

Akif Nağının partiyası qeydiyyata alındı – Novator.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, Ter-Petrosyan da digər ermənilərdən o qədər fərqlənmir:“Onların hamısı eyni düşüncə sahibləri, eyni xəstəliyin daşıyıcılarıdır. Amma bu şəxs həmişə hadisələrə nisbətən düzgün qiymət verməsi, doğru nəticələr çıxarması ilə fərqlənib. İndi də dedikləri həqiqətəuyğundur, reallığı əks etdirir. Ən vacibi isə odur ki, Ter-Petrosyan bu fikirləri müxtəlif istiqamətlərin təmsilçiləri, o cümlədən "bəlkə də qaytardılar" həvəsi ilə yaşayan “eks”lər, ermənilərin fəlakətlərinin baiskarı olan kilsə xadimləri, hətta terrorçu Araiklə görüşlərindən sonra açıqlayıb. Görünür, onlara reallığı anlatmağa çalışıb, müəyyən qədər də məqsədinə nail ola bilib ki, sonra ürəklə fikirlərini ictimailəşdirib". A.Nağı qeyd etdi ki, ermənilər onun 1998-ci ildə dediklərinin təsdiqini tapdığını gördülər: “İndi də başa düşməlidirlər ki, dedikləri acı həqiqətdən başqa bir şey deyil. Ter-Petrosyan başa düşür ki, Ermənistan deyilən dövlət süni bir qurumdur, bəzi xarici dövlətlərin intriqaları nəticəsində yaranıb, indi isə çox asanlıqla məhv olub gedə bilər. Paşinyan da açıq şəkildə dedi ki, boş xülyalardan əl çəkib, 29 min kv. kilometrlik Ermənistan dövlətini xilas etməliyik. Hətta ikisi bilirlər ki, onların xilası Azərbaycan və Türkiyənin əlindədir. Söhbət təkcə bu dövlətin gücsüzlüyündən, özünü müdafiə edə bilməməsindən getmir. Onlar artıq anlayırlar ki, Rusiya, Amerika, hətta Fransa üçün ermənilər yalnız alət olaraq qalırlar. Onlar bu alətin qalmasında, Türkiyə ilə biz isə bu alətin sıradan çıxmasında maraqlıyıq. Nə qədər paradoksal səslənsə də, ermənilərlə bizim maraqlarımız bu məqamda üst-üstə düşür. Ona görə də bunu başa düşənlər, o cümlədən Paşinyan və Ter-Petrosyan vəziyyəti düzgün dəyərləndirərək, Azərbaycan və Türkiyənin himayəsini qəbul etmək yolunu tuturlar. Amma biz də ehtiyatlı olmalıyıq, ermənilərə inanmaq olmaz. "Çomağ"ımızı və “Dəmir yumruğ”umuzu həmişə hazır saxlamalıyıq".

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37