Çərşənbə axşamı, 19 Mart

Putinin geriyə yolu qalmadı - O, mütləq qalib gəlməlidir...

image

Rusiya Prezidenti Vladimir Putin Ukraynada apardığı müharibənin yeddinci ayının tamamında qismən səfərbərilk elan etməklə, əslində dolayı yolla vəziyyətin xoşagəlməz olduğunu təsdiq edib. Onun ekran qarşısında çəpəki oturmasından tutumuş, müraciət formasına və “nüvə dəyənəyini yelləməsinə” qədər bütün nüanslara diqqət etsək, Kreml rəhbərinin özünə inamının sarsıldığı aydın görünər.

Maraqlıdır, müharibə elan olunmadan səfərbərlik elan edilir, çünki hüquqi nihilizmin tüğyan etdiyi Rusiyada belə absurd hadislər artıq normaya çevrilib.

1945-ci ildən 2022-ci ilə kimi Rusiya total müharibə aparmayıb və müvafiq surətdə ölkə əhalisi də geniş miqyaslı hərbi əməliyyatlara cəlb edilməyib. İkinci Dünya Müharibəsindən sonrakı dövr ərzində SSRİ-nin Əfqanıstanda başlatdığı doqquz illik mənasız və üzücü müharibə sovet ordusunun mövcud imkan və resursları daxilində həyata keçirilirdi. Əfqanıstan müharibəsinə sovet ordusunun yalnız beş faizi cəlb edilmişdi. İki ceçen müharibəsi zamanı da Rusiya səfərbərlik elan edərək vətəndaşlarını hərbi komissarlığa çağırmamışdı. 

Ukraynanın bir həftə ərzində ələ keçiriləcəyinə əmin olan Kreml yeddi aydır ki, texnika və canlı qüvvə baxımından ağır itkilərə məruz qalır.

Rusiya Ukraynanın böyük bir hissəsini, əgər mümkünsə bütöv ölkə ərazisini işğal etmək planını hələ çoxdan qurmuşdu. 2014-cü ildə Krımın ilhaq edilməsi və oyuncaq “DXR” və “LXR”-ın yardılması aydın şəkildə göstərirdi ki, Kreml bununla “doymayacaq” və daha da irəli gedərək Ukraynanın dərinliklərinə qədər girmək istəyəcək. Hazırda Putini ittiham edən rus millətçiləri deyirlər ki, 2014-cü ildə Rusiya bunu çox asanlıqla həyata keçirmək iqtidarında olduğu halda, nə üçün səkkiz il gözlədi. Deməli, belə çıxır ki, o, gözlədi ki, Ukrayna ordu quruculuğuna başlasın və intensiv təbliğat apararaq əhalisini vətənpərvərlik hissləri üzərində kökləsin. Yəni, onlar Rusiya rəhbərliyini boşuna zaman itirməkdə günahlandırırlar.

Əlbəttə, məntiqlə baxanda, doğrudan da əgər 2000-ci illərin əvvəllərində Putinin Ukrayna ilə bağlı strateji proqramı vardısa, onda o hansı səbəbdən həmin planın 2014-cü ildə həyata keçirilməsindən vaz keçmiş və yalnız Krım yarımadasının ilhaqı ilə kifayətlənmişdi.

Səkkiz il bundan öncə Ukraynanın silahlı gücləri indiki ilə müqayisədə hədsiz zəif və “distorifik” vəziyyətdə idi. 2015-ci ilin qışında Rusiya ordusunun xüsusi təyinatlıları Donbasa daxil olandan sonra Ukraynanın könülülərdən ibarət batalyonları güclü təzyiq qarşında duruş gətirə bilməyərək tutduqları mövqelərdən geri çəkilmək məcburiyyətində qalmışdılar. Hələ üstəlik, ukraynalılar bir neçə dəfə mühasirəyə düşmüşdülər. Rusiya, Almaniya, Fransa və Ukrayna rəhbərlərinin Minskdə keçirdikləri görüşdən sonra münaqişənin həll ounması ilə bağlı müqavilə imzalanmışdı. Həmin müqaviləyə əsasən tərəflər atəşkəs elan edərək danışıqlar prosesinə başlayacaqdılar.

Rusiya Prezidentinin səkkiz illik fasilədən sonra NATO-ya 1997-ci ilin sərhədlərinə geri çəkilmək barədə tələb irəli sürməsi güclü siyasi gediş sayıla bilməzdi. Onsuz da bəlli idi ki, bu ultimatum mənasız bir şeydir. Sadəcə Rusiyaya Ukraynaya təcavüz etmək üçün bəhanə gərəkdi.

Kreml uzun illər ərzində əhalini müharibəyə hazırlayırdı. Təbliğat maşını yuxarıdan aldığı təlimatlar əsasında ukraynalıları ən qəddar düşmən obrazında təqdim edib. Müharibənin ideoloji-təbliğatı əsaslandırmasına görə, əgər Rusiya Qərb dünyasının və NATO hərbi blokunun marionetkasına çevrilən Ukraynanı zəbt etməsəydi, bir müddətdən sonra onlar Moskvaya qədər gəlib çıxacaqdılar. Deməli, vətəni təhlükədən xilas etmək üçün Ukraynanı faşistlərdən təmizləmək və silahsızlaşdırmaq lazımıydı.

Rusların böyük əksəriyyəti öz ordularının həqiqətən də dünyanın ən güclü ikinci ordusu olmasına inanırdı. Çünki rus ordusu barəsindəki tərif dolu fikirlər, rəylər və təhlili yazılar təkcə rusiyalı analitiklərə məxsus deyil, çoxsaylı Qərb hərbi ekspertləri də qətiyyən onlardan geri qalmayıblar. Rusiyanın hərbi qüdrəti elə bil ki,qəsdən şişirdilirdi. Geniş və əzici təbliğatın, həmçinin də “zombi yeşiyin” ifraz etdiyi məhsulun təsirindən bihuş olmuş ruslar, istənilən müharibədə çox asanlıqla qalib gələcəklərinə tam əmin olmuşdular. Asan qələbədə nə itki olacaqdı ki? Ona görə də hamı bir ağızdan “gedək Ukraynada NATO-nun planlarını pozaq!” hayqırırdı. Bəli, zaman hər şeyi öz yerinə qoydu və acı reallıq, nəhayət, üzə çıxdı. İndi ruslara ağah olur ki, deyəsən vəziyyət ağırdır.

Rusiyanın iri şəhərlərinin və Avropa hissəsinin sakinləri Ukraynadakı müharibəni demək olar ki, kənardan izləyiblər. Kompüter arxasında əyləşib virtual aləmdəki döyüş oyunlarında savaşçı olmağa nə var ki?!

Səfərbərlik elan edilənə kimi rusların Ukrayna müharibəsinə baxışı fərqliydi. Rusiya əhalisinin müharibəyə olan münasibəti hələlik radikal dəyişməsə də, həm səfərbərliyin yaratdığı qorxu, həm də Rusiyanın verdiyi çoxsaylı itkilər insanları hadisələrə daha rasional yanaşmağa məcbur edir. İlk günlərin eyforiyası çoxdan arxada qalıb. Döyüş ruhu olmayan, psixoloji cəhətdən sarsılmış və konkret hansı məqsəd naminə müharibədə iştirak etdiyini bilməyən depressiv əsgərlərdən ibarət ordunun qalib gəlməsi inandırcı görünmür.

Müharibənin gedişi ictimai düşüncəni müəyyənləşdirən başlıca faktora çevriləcək. Rusiya böyük və çoxmillətli ölkədir. Ona görə də Putin Rusiyanın coğrafi və milli xüsusiyyətini nəzərə alaraq çalışacaq ki, müharibəyə ölkənin Avropa hissəsindən daha az adam aparsın. Vladimir Putin səfərbərliklə bağlı Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə müharibə əleyhinə əhval-ruhiyyənin yüksəlməməsi üçün bəlkə də onlardan yan keçdi.

Kreml müqavilə əsasında orduya indiyədək Buryatiyadan, Tuvadan, Çuvaşiyadan, Dağıstandan və Uzaq Şərqdən muzdlu əsgərlər cəlb edib. Səbəb aydındır. Rusiya hakimiyyəti həyat şəraiti digər regionlardan daha yaxşı olan mərkəzi rayonlara əsgər meyitlərinin getməsindən qorxur.

Digər tərəfdən, elə düşünülməsin ki, səfərbərlik müharibənin gedişinə ciddi təsir göstərə biləcək hansısa möcüzəli bir cövhərdir. Üç yüz min nəfərin silahla, ərzaqla, geyimlə təmin edilməsi və yaxşı hərbi hazırlıq görməsi böyük təşkilatçılıq bacarığı və vaxt tələb edir. Rusiya ordusundakı səriştəsizlik və korrupsiya ilə bunun öhdəsindən necə gəlinəcək?

Putinin bundan sonra geriyə yolu yoxdur, o, mütləq qalib gəlməlidir. Əks təqdirdə nəinki hakimiyyətini itirəcək, həm də şəxsi həyatı təhlükə altına düşəcək. Rusların qələbə qazanmaq imkanları getdikcə müşkülləşir. Qərb Ukrayna ordusuna daha güclü silahlar yollayacaq.

Mühribənin uzanması, döyüş meydanındakı məğlubiyyətlər və əsgər meyitlərinin artması ölkədə geniş miqyaslı etirazlara və iştişaşlara gətirib çıxara bilər. Hələ üstəlik, müharibə ölkə büdcəsini “talamağa” başlayacaq. Əgər rus xalqı qəflətdən oyansa və görsə ki, bu müharibə onları fəlakətə sürükləyir, onda hadisələr tamamilə başqa məcraya yönələcək. Hamı, nəhayət, hansı avantüranın qurbanına çevrildiyini anlayacaq.

Beləliklə, hadisələrin inkişaf perspektivi Putinin qorxulu aqibətindən xəbər verir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11