Çərşənbə, 28 Sentyabr

Deputat “Göyçə-Zəngəzur Respublikası” haqda: “Növbəti xam xəyallar, xəstə təxəyyül...”

image

““Göyçə-Zəngəzur Respublikası”nın  yaradılması heç də xoşa gələsi bir təşəbbüs, təklif deyil. Əvvəla, bunu yadımızdan çıxarmamalı, tariximizi unutmamalıyıq: Göyçə və Zəngəzur bizim tarixi torpaqlarımızdır. Bütün azərbaycanlıların bir dövləti – Azərbaycan dövləti var. Hətta ora Allahın köməkliyi ilə qayıdış olacaqsa, orda hər hansı respublika, dövlət qurmaq birmənalı olaraq ərazi bütövlüyümüzə xələl gətirən, eyni zamanda təhlükə yaradan məsələdir. Bu, qəbuledilməz təşəbbüsdür. Ermənilərin, bizi istəməyənlərin xeyrinə işləyib, onların əllərinə bəhanə vermək imkanı yaradan təklifdir. Bununla onlar dünyaya yenidən səs salsınlar ki, azərbaycanlılar Ermənistanı parçalayıb Ermənistan ərazisində dövlət yaradırlar? Axı Azərbaycan tərəfi olaraq cənab Prezidentimiz həmişə bəyan edir ki, bizim heç bir dövlətin ərazisinə müdaxilə etmək, onu parçalamaq məqsədimiz yoxdur. İndi kimlərsə belə bir təşəbbüslə boğulurlar. Bunlar nə məqsəd güdürlər?”

Xəbər verilir ki, bu barədə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat hesab edir ki, sözügedən “respublika”nın yaradılması Azərbaycanın da, Türkiyə Cümhuriyyətinin də xeyrinə deyil: “Ermənilər onsuz da Türkiyə ilə bağlı şər-bötan xarakterli müxtəlif şaiyələr yayırlar. Növbəti dəfə də bu təşəbbüslə bağlı Türkiyəyə qarşı yenidən hay-küy qaldıracaqlar ki, Türkiyə öz daxilində bir qrup insanı təşkilatlandırıb, Ermənistanı parçalayıb ərazisində dövlət yaratmaq fikrindədir. Bu səbəblərə görə “Göyçə-Zəngəzur Respublikası”nın  yaradılması lazımsız, Azərbaycanın xeyrinə olmayan təşəbbüsdür. Bu təşəbbüs ermənilərə, ermənipərəst qüvvələrin Azərbaycanın Ermənistanı işğal etmək istəməsi ilə bağlı uydurduqları yalana haqq qazandırır, onlara növbəti fürsəti verir. Azərbaycan dövləti var, bayrağı da, himni də, başqa atributlarımız da var. Kiminsə bizə calaq olmağı, şərik çıxmağı, Azərnbaycanın ziyanına işləyən ideyaları ortaya atıb düşmənin əlinə fürsət verməsi xeyir yox, ziyan verən hərəkətdir. Məqsədləri nədir, bu, hələ məlum deyil”.

E.Məmmədov “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması fonunda ərazi bütövlüyümüzlə bağlı məsələnin zarafat, lağlağı mövzusuna çevrilməsinə də münasibət bildirib: ““Respublika”nın adına fikir verin. Axı Şərqi Zəngəzur bu gün Azərbaycan dövlətinin ərazisindədir. Demək, bunlar hətta Azərbaycan dövlətinin ərazisinə də iddialıdırlar. Növbəti xam xəyallar, xəstə təxəyyül. Qəsdən Azərbaycan dövlətçiliyinə, son dövrdəki uğurlarına kölgə salmaq, zərbə vurmaq, düşmənin əlinə yeni bəhanələr vermək üçün atılmış addımdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti