Çərşənbə axşamı, 16 Aprel

Mişeldən Bakı və İrəvana kritik zəng - Brüssel formatını MQ-nin taleyi gözləyir?

image

Ötən həftəsonu həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana telefon zəngləri ilə yadda qaldı. Məqsəd şübhəsiz ki, Brüssel formatı çərçivəsində əldə olunan anlaşmaları irəli aparmaq imkanlarını müzakirə etmək idi.

Məlumata görə, dövlət başçısı İlham Əliyevlə telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əfsuslar olsun ki, Paşinyan hökumətinin Qərblə Rusiya arasında davam edən “ikili oyunları”, eləcə də sərhəddə törətdiyi təxribatlar nəticəsində sülh müqaviləsi məsələsində tərəflər “sıfır nöqtəsi”ndən çox da uzağa gedə bilməyib. Söz yox ki, bu formatın işlək olmasında Rusiya da maraqlı deyil. Lakin müşahidələr göstərir ki, Brüssel prosesi “qatarı”nın relsləri üzərinə ən böyük şpalları Rusiya yox, məhz İrəvan düzməkdədir. Çünki kövrək anlaşmaları sabotaj edir, sözdə bir, əməldə ayrı... Beləliklə, vaxtı uzatmağa çalışır, sülh imitasiyası ilə məşğul olur, kəsəsi, 30 illik işğal dövründəki kimi yenə maksimalist mövqedən çıxış edir.

Ancaq paradoks ondadır ki, əgər o vaxt Ermənistan guya qalib statusunda idisə, indi artıq kapitulyant tərəfdir, 10 noyabr sənədinə rəsmən imza atıb. Odur ki, sual yaranır: kapitulyantın nazı ilə daha nə qədər oynanılacaq? Ümumiyyətlə, bu minvalla Brüssel formatı ATƏT-in Minsk Qrupunun taleyini yaşaya bilərmi? Xüsusən Amerika Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri Paşinyan hakimiyyətinə bir stimul vermiş oldu və Minsk Qrupunun reanimasiyasına ümidlərini artırdı. Amma Brüssel formatının fiaskosu elə Qərbin özünə ziyandır, bu halda Rusiya vasitəçilik təşəbbüsündə yenə üstünlüyü əldə etmiş olacaq. O zaman avqustun 31-də Belçika paytaxtında liderlər arasında razılaşdırılmış sülh müqaviləsi mətninin hazırlanması üçün işçi qruplar fəaliyyətə başlayacaqmı, xarici işlər nazirləri arasında görüşlər keçiriləcəkmi?

Azəriqaz"ın sədri bu vəzifəsindən istefa verib

Xəyal Bəşirov: “Mişel bu formatın Minsk Qrupunun aqibətini yaşamasını istəmirsə, Ermənistana sərt təpki verməlidir”

Siyasi şərhçi Xəyal Bəşirovun bildirdiyinə görə, Minsk Qrupunun fəaliyyətsizliyini 28 il gördük; nəticəsiz səfərlər, görüşlər, boş bəyanatlar... və nəticədə İkinci Qarabağ müharibəsi baş verdi. Ekspert Brüssel platformasına gəlincə, bu formatın Soçi və Moskva görüşlərindən sonra gündəmə gəldiyini xatırlatdı. Onun fikrincə, hazırda hadisələr elə cərəyan edir ki, Ermənistan artıq 10 noyabr sənədinə də, Brüsseldə keçirilmiş 4 görüşdə əldə olunan razılaşmalara da riayət etmir: “Mişelin Prezident Əliyevə və baş nazir Paşinyana zəngləri onu göstərir ki, Avropa Birliyi bu müstəvidə danışıqların davam etməsində maraqlıdır. Təbii ki, bizə olan zəng formaldır, balansı qorumaq məqsədi daşıyır. Ancaq düşünürəm ki, Avropa Birliyi öz imicinə xələl gəlməməsi üçün Ermənistana ciddi şəkildə təsir göstərməlidir. Əgər İrəvan nəzarətdən çıxırsa, Avropa Birliyi bəyanat yayaraq Ermənistanın danışıqları pozduğunu bildirməlidir”.

Təhlilçi hesab edir ki, Brüssel görüşlərinin rəsmi və qeyri-rəsmi tərəfləri var: “Paşinyan erməni ictimaiyyətinə açıqlanmayan öhdəliklər götürmüş ola bilər. Sadəcə, eskalasiya davam edəcəksə, Avropa Birliyi sərt reaksiya verməlidir. Azərbaycan gərginliyin yaranmasına tam qarşıdır. Bu məsələdə Ermənistan dünyanın diqqətini cəlb etməyə çalışırdı, müəyyən "uğur" da qazanmış oldu, yəni Pelosinin İrəvana səfəri, ABŞ-ın açıq dəstəyi və sair. Ancaq qondarma soyqırımı abidəsi önündə amerikalı həmsədrin gül qoyması, sonra Nensinin göz yaşı axıtması əslində Vaşinqtonun Ermənistanla bağlı planlarının daşa dəyməsinin ifadəsi idi. Bu davranış Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də vurulan zərbədir. Ona görə Şarl Mişel Brüssel formatının Minsk Qrupunun aqibətini yaşamasını istəmirsə, Ermənistana sərt təpki verməlidir".

Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır...

Murad Sadəddinov: “Sərhəddə toqquşmalar danışıqlara mənfi təsir edəcək, amma Brüssel danışıqları davam etməlidir”

Politoloq Murad Sadəddinov düşünmür ki, Brüssel platforması iflasa uğrayacaq və Minsk Qrupunun taleyini yaşayacaq:“Minsk Qrupunun dağılması üçün əsaslar var idi, çünki uzun illər nəticəsizlik göstərdilər. Bu institut Qarabağ problemi ilə bağlı idi. Artıq Qarabağ mövzusu bitib və bu məsələ daxili işimizdir. Avropa Birliyi isə Azərbaycan-Ermənistan arasında postmüharibə dövründə münasibətlərin bərpası üzərində təşəbbüskarlıq edir. Bu müstəvidə danışıqların müəyyən ümidləri var. Təbii ki, sərhəddə toqquşmalar danışıqlara mənfi təsir edəcək. Amma yenə Brüssel danışıqları davam etməlidir”.

Ekspertin sözlərinə görə, Ermənistan 10 noyabr anlaşması və Avropa Birliyi vasitəçiliyindən imtina edə, prosesi sıfırlaya bilməyəcək: “Sadəcə, bu gün erməni xalqını ağ günə çıxaracaq lider yoxdur. Lideri cəmiyyət formalaşdırır. Xalqda isə nifrət hissi hadisələrə normal yanaşacaq liderin ortaya çıxmasına imkan vermir”.

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev: “Erməni tərəfinin atəşkəsi pozması sifariş idi, təxribatlar olmalı idi ki, ABŞ və Qərb fəallaşsın”

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev hesab edir ki, erməni tərəfinin atəşkəsi pozması sifariş idi: “Bu təxribatlar olmalı idi ki, ABŞ və Qərb rəsmiləri fəallaşsınlar. Fikir verin, Fransa dərhal BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı, konflikti beynəlxalq müstəviyə qaldırmağa cəhd etdilər. Amma üç dövlət noyabrın 10-da öhdəliklər götürüb və gec-tez bu müddəalar yerinə yetirilməlidir. Ermənistan istər xoşluqla, istər güclə üzərinə düşən tələbləri icra etməlidir. Sadəcə, dünya siyasətində kəskinləşən ABŞ-Rusiya toqquşması Cənubi Qafqazda da davam edir. Vaşinqton çalışır ki, Paşinyanı alət kimi istifadə edib Rusiyanın bölgədə təsirlərini azaltsın, 10 noyabr sənədinə kölgə salsın. Amma Rusiyanın buna cavabı olacaq və İrəvan üçtərəfli sazişin bütün bəndlərini yerinə yetirəcək”.

Qeyd edək ki, dördüncü Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında bu formatda artıq üçüncü dəfə keçirilən görüşdə əsas diqqətin Qafqazdakı vəziyyətə və Azərbaycanla Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına yönəldiyini qeyd edərək, ümumilikdə müzakirələrin səmərəli keçdiyini bildirmişdi. Aİ Prezidenti budəfəki görüşdə dövlətlərarası sərhəddə yaxın günlərdə sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağına və iki ölkə arasında sərhədlərin delimitasiyası və ümumilikdə regionda sabitliyin bərqərar olması üçün bütün məsələlərə toxunulmasına nail olunduğunu açıqlamışdı. Həmçinin tərəflərin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldikləri də qeyd olunmuşdu. Bundan başqa, Mişel mətbuata bəyanatında Azərbaycanla Ermənistan arasında əsasən beynəlxalq daşımalar sahəsində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəlindiyini və yaxın günlərdə baş nazirlərin müavinləri səviyyəsində bu işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdı. Mişel əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də hər iki ölkənin və onların xalqlarının davamlı sülh şəraitində yaşamağa hazırlanması üçün Aİ-nin öz dəstəyini əsirgəməyəcəyini və bu məqsədə xidmət edən İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini vurğulamışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14