Cümə, 29 Mart

“Atəşkəs uzun çəkməyəcək” - Sərhəddə yenə təxribat gözlənilir

image

12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığı əldə olunub. Artıq 3 gündür ki, atəşkəs razılaşmasına riayət olunur. Bununla belə sərhəddə təhlükənin aradan qalxmadığı, vəziyyətin gərgin olduğu deyilir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq, yenidən təxribata əl atacağı da istisna edilmir. 

Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, atəşkəs haqqında razılaşma xəbəri Rusiyadan verilib. Ötən gün Səmərqənd sammitində çıxış edən ölkə başçısı dedi ki, Ermənistan tərəfi atəşkəsə iki gündür əməl edir. Lakin, ermənilərin öhdəliyə sonadək riayət edəcəyinə zəmanət vermək mümkün deyil.

Ekspert hesab edir ki, sərhəddəki toqquşmalardan sonra döyüşün dayandırılması Ermənistanın çoxsaylı itkilər verməsi ilə əlaqədardır. Onun sözlərinə görə, rəsmi olaraq atəşkəs haqqında elan verilməyib. Bu baxımdan o, atəşkəsin uzun çəkməyəcəyini söyləyib:

“Şəhidlərimizin sayı 79-a çatıb. Yaralananların sayı isə  282 nəfərdir.  Müdafiə Nazirliyinin məlumatına görə, onlardan 115-nin vəziyyəti kafidir, 43 nəfər isə ordu sıralarına geri qayıdıb. 103 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti daha ağırdır. Həmin 21 yaralı arasında ola bilsin ki, dünyasını dəyişənlər də oldu. Güllə və qəlpə yaraları öz fəsadlarını 12 gün ərzində göstərir. Yenə deyirəm, Allah qorusun! Ancaq yaralılardan dünyasını dəyişənlər ola bilər. Hər halda dua edək ki, onlara heç nə olmasın”.

Ekspert Azərbaycan Ordusunun humanist davranışını xatırladaraq ki, hərbçilərimizin yaralı erməni əsgərə tibbi yardım etdiyini sözlərinə əlavə edib:

“Yaralı erməni əsgərinə yardım göstərilməsini əks etdirən video yayılıb. Bu elə-belə deyil. Düşmən başa düşməlidir ki, hətta onun əsirləri, eyni zamanda döyüş meydanındakı yaralıları ilə Azərbaycan humanist davranır və beynəlxalq hüquq çərçivəsində addım atır. Eyni addımı biz Ermənistan tərəfindən gözləyirik”.

Hərbi ekspert hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində sabit vəziyyət uzun sürməyəcək:

“Mən indiki sakitliyin davam edəcəyini düşünmürəm. Çünki Ermənistana havadarlıq edənlərin İrəvana səfərləri başlayır. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün İrəvana gəlib. O, Paşinyana dəstəyini çatdıracaq. Həmçinin digər gələnlər də. Bir sözlə, vəziyyət hələ gərgin olaraq qalır. Həm də Paşinyanın sakitləşməsi gözlənilmir. Çünki Paşinyana itirdiyi mövqeləri geri qaytarmaq lazım gələcək. O hansısa uğur qazanaraq, Azərbaycan Ordusunu cəzalandırdığını daxili auditoriyaya göstərməyə çalışacaq. Biz isə öz növbəmizdə Rusiyanın, eləcə də Amerikanın vədlərinə inanmamalıyıq. Bir həftə, on gün xalqımız və Ordumuz ayıq-sayıq olmalıdır. Düzdür, başımız şanlı şəhidlərimizin dəfninə, yaralılarımızın müalicəsinə qarışıb. Unutmayaq ki, zabit və əsgərlərin cəmləşdiyi mövqelərə düşmənin xain hücumları davam edəcək. Onlar bu hücumları həm artilleriyadan, həm də minaatanlardan edəcəklər”.

Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ordusunun mövqelərindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 79 şəhid verib. Ermənistanın isə rəsmi məlumata görə, 135 hərbçisi ölüb. 

Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45